Açıq mənbələrə görə, İndoneziyanın arsenalında 33 ədəd F-16A və C təyyarəsi ilə bu modellərin təlim versiyaları olan B və D seriyaları mövcuddur. Bundan başqa, inventarda Rusiya istehsalı olan 16 ədəd “Su-27” və “Su-30” döyüş təyyarəsi də yer alır.
“Rafale” sifarişi
İndoneziya 2022-ci ildə Fransa ilə 42 ədəd “Rafale” təyyarəsinin alınması üçün razılaşma imzalayıb. Təyyarələrin 2026-cı ildən etibarən təhvil verilməsi planlaşdırılır. Bundan əlavə, sayı 8 ilə 16 arasında dəyişən ikinci bir paket də gündəmdədir. Bu məsələ xüsusilə ötən may ayında Fransa prezidenti Emmanuel Makronun İndoneziyaya səfəri zamanı yenidən müzakirəyə çıxarılıb.
Lakin Pakistan-Hindistan toqquşmaları zamanı “Rafale” təyyarələrinin vurulmasından sonra İndoneziya ikinci paketlə bağlı tərəddüdlərini Fransaya çatdırıb.
Cənubi Koreya ilə KF-21 layihəsi
Cənubi Koreya istehsalçısı KAI ilə İndoneziya KF-21 “Boramae” proqramı çərçivəsində ortaqlıq imzalayıb. KF-21-in ilkin olaraq hazırlanan 4.5-ci nəsil versiyasının ilk ixracatçısı İndoneziya olacaqdı. Lakin ABŞ KF-21-in 5-ci nəsil xüsusiyyətlərinə malik versiyasının İndoneziyaya satışına icazə verməyib.
Bir müddət Cənubi Koreya ilə İndoneziya arasında KF-21 layihəsinə dair maliyyə problemləri yaşanıb. Son məlumatlara görə, İndoneziya KF-21 ortaq istehsalına davam edir. Son dövrlərdə iqtisadi səbəblərə görə layihəyə ayırdığı vəsait azaldılsa da, layihədə qalmaq niyyəti hələ də qüvvədədir.

Digər tərəfdən, İndoneziya Hərbi Hava Qüvvələrində təlim və yaxın hava dəstəyi funksiyalarını yerinə yetirən KAI istehsalı T-50 “Golden Eye” təyyarələri mövcuddur. T-50 bu bazarda TUSAŞ-ın HÜRJET təyyarəsinin rəqibidir.
ABŞ F-15E satışına icazə verdi
ABŞ İndoneziyanın 5-ci nəsil döyüş təyyarəsi almasına icazə verməsə də, F-15E satışı məsələsinə müsbət yanaşır. Satış üçün lazım olan Senat təsdiqləri də artıq təmin edilib.
Çin və Rusiyanın addımları
İndoneziya Çin və Rusiyadan edilən təkliflərə də açıqdır. Çin F-16 təyyarələrinin əvəzinə J-10 modelini təklif edir. Rusiya isə “Su-35” təyyarələri ilə mövcud “Sukhoi” parkının modernizasiyasını həyata keçirmək istəyir. İndoneziya isə beynəlxalq balansı qorumaq məqsədi güdür.
Dəyanət Ağalarlı
Ordu.az