İsrailin Təhlükəsizlik Mesajı: Heç Bir Yer Toxunulmaz Deyil!

2025/06/1750014065.jpg
Oxunub: 784     12:48     16 İyun 2025    
“MOSSAD çoxlu insanlarla işləyirdi – İranın dərinliklərində, təsəvvür edilə biləcək ən yüksək səviyyədə işləyən agentlər ordusu”, - deyə yüksək rütbəli israilli təhlükəsizlik rəsmisi bildirir.

İsrailin iyunun 13-də İrana endirdiyi zərbə təkcə son illərin ən iddialı hava kampaniyalarından biri deyil, həm də illər boyu aparılmış gizli planlaşdırma, izləmə və İsrail kəşfiyyatının sızmasının nəticəsidir.

Cümə günü səhər tezdən onlarla döyüş təyyarəsi İranın nüvə və hərbi obyektlərini bombalasa da, bu əməliyyatın təməli MOSSAD agentlərinin İsrail ordusu ilə tam koordinasiyada işləməsi ilə çoxdan qoyulmuşdu.

“Am Kelavi” (Aslan Milləti) kod adı verilmiş bu qabaqlayıcı əməliyyat İsrail Hərbi Hava Qüvvələri, Hərbi Kəşfiyyat İdarəsi, MOSSAD və ölkənin müdafiə sənayesi arasında misli görünməmiş koordinasiyanın məhsulu idi. İllər boyu onlar “çiyin-çiyinə” çalışaraq İranın ən həssas hərbi və nüvə obyektlərinin məhv edilməsi üçün lazımi kəşfiyyat məlumatlarını topladılar.

İsrail İran Hərbi Hava Qüvvələrinin rəhbərlərini ölümcül zərbələrdən əvvəl bir araya toplamaqla aldadıb

Yüksək rütbəli israilli təhlükəsizlik rəsmisi “Fox News Digital”a bildirib: “MOSSAD çoxlu insanlarla işləyirdi – İranın dərinliklərində, təsəvvür edilə biləcək ən yüksək səviyyədə işləyən agentlər ordusu. Bu agentlərin bir qismi xüsusi tapşırıqları yerinə yetirmək üçün komando döyüşçüləri kimi yenidən təlim görüb”.

Bu fəaliyyət rəsminin təsvir etdiyi kimi, üçmərhələli zərbə ilə nəticələndi: “Biz İranın “yer-yer” və “yer-hava” raket infrastrukturunun geniş hissələrini, çoxlu sayda aparıcı alimləri və hava hücumundan müdafiə sistemlərinin böyük hissəsini sıradan çıxardıq”.

“Biz İranda PUA bazası qurduq və sıfır saatda MOSSAD əməliyyatçıları onları gizlədildikləri yerlərdən götürdülər. Çoxlu nəqliyyat vasitəsinə dəqiq raketlər yerləşdirdik və ölkənin müxtəlif yerlərində, hətta daşların içində əlavə raketlər gizlətdik. Bu bütün sistemi İsrail Hərbi Hava Qüvvələri ilə dəqiq koordinasiyada işə saldıq”.

İsrail təyyarələri, o cümlədən Natanzda yerləşən İranın əsas uranın zənginləşdirmə obyektinə eyni anda hücumlar həyata keçirdi. İsrail ərazisindən 1,500 kilometr aralıda yerləşən Natanz uzun müddət İranın nüvə proqramının əsas hissəsi olub. İsrail Müdafiə Qüvvələrinin sözçüsü, briqada generalı Effi Defrin obyektin çoxmərtəbəli sentrifuqalar zalı və elektrik infrastrukturundan ibarət yeraltı kompleks olduğunu bildirib.

Defrin deyib: “Biz bu obyektə əhəmiyyətli dərəcədə zərər vurduq. Bu obyekt SEPAH tərəfindən İranın nüvə silahı əldə etməsi layihəsinin irəlilədilməsi üçün istifadə olunurdu”.

“Mind” İsrail beyin mərkəzinin vitse-prezidenti Avner Golov isə “Fox News Digital”a deyib: “Ən böyük uğur Natanz obyektinin vurulması və İranın ilk dalğa cavabının – avtomatik reaksiyanın – neytrallaşdırılması oldu”.

“Biz onların ilk addımını, dərhal buraxılacaq ballistik raketləri və artıq yolda olan PUA-ları sıradan çıxardıq. Alimlərin aradan götürülməsi isə əsl uğurdur”.

Bununla belə, hava zərbələrindən daha çox, İsrailli mənbələr İranda kütləvi kəşfiyyat və diversiya kampaniyasının paralel olaraq həyata keçirildiyini açıqladı. “Fox News Digital”a danışan keçmiş yüksək rütbəli israilli rəsmiyə görə, “İranda fəaliyyət vardı və inanılmaz səviyyədə kəşfiyyat işi aparılırdı”.

“Onlar İran Hərbi Hava Qüvvələrinin tam komanda mərkəzini müəyyənləşdirdilər. Bütün komandirlər bir yerdə idi və onlar real vaxtda zərərsizləşdirildilər”.

Həmin rəsmiyə görə, İran hərbçiləri başlıca hava qüvvələri rəhbərlərini, guya çəkindirmə nümayiş etdirmək məqsədilə ictimaiyyətə elan edilmiş təlim çərçivəsində bir obyektə toplayıblar. Nəticədə isə onları ifşa etmiş olublar. “Bu, bir qədər təsadüf idi, amma eyni zamanda planlaşdırılmış addım idi – rəhbərləri real vaxtda izləmək və dəqiq zərbə endirmək bacarığı. Livanda baş verənlərlə oxşarlıq var – kəşfiyyatla izlənilən rəhbərliyi hədəfə almaq”.

Livandakı həmin əməliyyat, adətən “peycer əməliyyatı” kimi tanınır və İsrailin Çin istehsalı olan radio cihazlarına partlayıcılar yerləşdirməklə “Hizbullah”ın komanda şəbəkəsini sıradan çıxarmasını əhatə edirdi. İsrailli ekspertlərin fikrincə, hazırkı əməliyyat daha genişmiqyaslı, daha dərin və daha strateji idi.

Nadav Eyal, “Yediot Axronot” qəzetinin jurnalisti və analitiki, deyir: “Bu, çox daha əhəmiyyətlidir. Burada edilənlər Ceyms Bond üslubunda bir fəaliyyət deyil. Söhbət hərbi obyektlərə dağıdıcı zərbələr endirmək üçün lazım olan infrastruktur, kəşfiyyat və İsrailin illərdir inkişaf etdirdiyi texnologiyalardan gedir”.

MOSSAD-ın sızma kampaniyası mürəkkəb silahların səssizcə İrana keçirilməsi, nəqliyyat vasitələrinin içinə və strateji hədəflərin yaxınlığına gizlədilməsi ilə müşayiət olunub. İranın mərkəzində yüksək dəqiqlikli silahlar “yer-hava” raket batareyalarının yaxınlığında yerləşdirilib və əmrlə işə salınıb. Gizlədilmiş maşınlar da zərbə anında İranın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün istifadə olunub. Tehranın yaxınlığında yerləşdirilən PUA-lar isə “Esfəcabad” bazasında uzun mənzilli raket buraxılış qurğularını məhv etmək üçün işə salınıb.

Bütün bunlar İran kəşfiyyatının gözləri qarşısında baş verib və heç bir aşkar edilmə olmadan uğurla həyata keçirilib.

İsrailli müdafiə rəsmiləri indi bu əməliyyatın ölkə tarixində ən uğurlu kəşfiyyat-hərbi inteqrasiyalardan biri olduğunu bildirirlər. Əgər Livandakı “peycer əməliyyatı” dünyanı şoka saldısa, bu dəfəki zərbənin mesajı daha aydındır: heç bir yer toxunulmaz deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MOSSAD   İran   Agent  


Bizi "telegram"da izləyin