Ordu.az xəbər verir ki, Pentaqonun açıqladığı tədbir, eyni zamanda Donald Trampın 79-cu ad gününə təsadüf edir və bu, tədbirə siyasi baxımdan əlavə diqqət çəkir.
CNN-in əldə etdiyi sənədlərə görə, paradda təxminən 7.000 hərbçi, 370-dən çox zirehli vasitə və 70 aviavasitə yer alacaq. Göstərişdə önə çıxacaq platformalar arasında 28 ədəd “M1126 Stryker”, 28 ədəd “M2A3 Bradley” Zirehli Döyüş Maşını, 28 ədəd “M1A2 SEPv3 Abrams” Əsas Döyüş Tankı, 7 ədəd “M109A7 Paladin” özüyeriyən haubitsa, çox sayda “Humvee” və “Apache”, “Black Hawk” və “CH-47 Chinook” helikopterləri, II Dünya Müharibəsi dövrünə aid B-17 və P-51 döyüş təyyarələri olacaq. Həmçinin “Golden Knights” paraşüt komandası “National Mall” üzərində dəqiq atlayışlar göstərəcək.
ABŞ Ordusunun açıqlamasına görə, tədbirin məqsədi 14 iyun 1775-ci ildə qurulan ordunun tarixi irsini şərəfləndirməkdir. Hərbi qulluqçular Müstəqillik Müharibəsi, I və II Dünya Müharibələri, Vyetnam və İraq kimi dövrlərə aid tarixi uniforma ilə yürüş edəcək.
“Washington Post”un xəbərinə görə, təxminən 5.000 hərbçi parad öncəsi hazırlıqlar üçün bir neçə gün əvvəl paytaxta cəlb olunacaq. Parad “Constitution Avenue” boyunca Ağ Evin qarşısından keçəcək. Trampın mərasimdə hərbi andiçmə mərasiminə rəhbərlik etməsi planlaşdırılır. Mərasim atəşfəşanlıqla başa çatacaq.
Paradın xərcinin 30-45 milyon dollar arasında olacağı təxmin edilir. Bu məbləğə avadanlıq daşımaları, yerləşmə və logistika xərcləri daxildir, lakin ağır tırtıllı vasitələrin yol aça biləcəyi ehtimal olunan yerli ziyanlar nəzərə alınmayıb. Vaşinqtonun meri Muriel Bovser 60 tonluqdan artıq “Abrams” tanklarının şəhər yollarına zərər vura biləcəyini vurğulayıb və federal hökumətdən infrastruktur təmiri üçün dəstək istəyib.
Müxalifətdən tənqidlər gəlir
Tədbir xüsusən Demokrat konqres üzvlərindən kəskin tənqidlər alıb. Senator Cek Rid “Hər şeyi özünə bağlaması Trampa xasdır” deyərək tədbirin fərdi hərbi güc nümayişinə çevrildiyini bildirib.
Amerika Birləşmiş Ştatlarında genişmiqyaslı hərbi paradlar nadir hallarda keçirilir. Son tam formatlı hərbi parad 1991-ci ildə Körfəz Müharibəsindən sonra təşkil olunmuşdu. 14 iyundakı tədbir o vaxtdan bəri keçiriləcək ən böyük hərbi parad olacaq.
Bütün müzakirələrə baxmayaraq, ABŞ Müdafiə Nazirliyi paradın planlanlaşdırıldığı kimi baş tutacağını bildirib.
Sevinc Əliyeva
Ordu.az