Sudan ordusu hücumlarda istifadə olunan inkişaf etmiş PUA sistemlərinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təmin edildiyini iddia edərək Əbu-Dabi ilə diplomatik münasibətləri kəsdi. Lakin BƏƏ bu iddiaları təkzib edərək Port Sudan hökumətini Sudanın legitim rəhbərliyi kimi tanımadığını bəyan etdi.
Son aylarda ordu qüvvələrinin paytaxt Xartumu yenidən nəzarətə götürməsindən sonra baş verən bu hadisə bölgədə təhlükəsizlik dinamikalarını dəyişəcək miqyasda bir böhranı gündəmə gətirdi. Türkiyə üçün isə bu vəziyyət eyni zamanda həm risk, həm də fürsət yaradır.
Port Sudan hücumları və diplomatik qırılma
Qırmızı dəniz sahilində yerləşən və Sudanın xarici ticarətinin təxminən 90 faizinin keçdiyi Port Sudan müharibənin ilk mərhələsində Xartumun itirilməsi ilə müvəqqəti hökumətin mərkəzinə çevrilmişdi. SDQ-nin bu bölgəyə yönələn hücumları hava limanı, yanacaq anbarları, Flaminqo Dəniz Bazasını və mülki infrastrukturun böyük hissəsini dağıtdı. BMT humanitar yardım uçuşlarını dayandırdı, bir çox yardım təşkilatı isə fəaliyyəti müvəqqəti olaraq dayandırmağa məcbur oldu.
Sudan ordusu bu hücumların arxasında BƏƏ-nin dayandığını iddia edərək 5 may tarixində Əbu-Dabi ilə bütün diplomatik münasibətləri kəsdiyini açıqladı. BƏƏ isə bu iddiaları rədd etdi. Lakin BMT ekspertləri SDQ-yə çatdırılan silah və PUA sistemlərinin Çin istehsalı olduğunu və bu silahların BƏƏ vasitəsilə təmin oluna biləcəyini istisna etmirlər.
Bu hadisələr Sudan daxilindəki qruplar arasında yox, bölgədəki güclər arasında da vəkil müharibəsinin başladığını göstərir. Xüsusilə BƏƏ-nin Sudandakı fərqli oyunçulara verdiyi dəstək, münaqişəni daha mürəkkəb bir vəziyyətə gətirir.
Türkiyənin mövqeyi və strateji maraqları
Türkiyə Sudana yönələn humanitar yardım fəaliyyətlərini əsasən Port Sudan vasitəsilə həyata keçirir. Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Türk Qızılayı koordinasiyasında İnsan Hüquqları və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfi kimi təşkilatların sahədəki fəaliyyətləri bu liman şəhərindən asılıdır. Limandakı qeyri-sabitlik Türkiyənin Afrika Buynuzu və Sahel bölgələrinə yönəlmiş yardım və inkişaf layihələrinə ciddi təsir göstərə bilər.
Bundan əlavə, 2017-ci ildə Türkiyənin Sudanla Sevakin adasının bərpası və ortaq istifadəsinə dair imzaladığı sazişlər nəzərə alındıqda, Qırmızı dəniz hövzəsi Türkiyə üçün həm simvolik, həm də coğrafi-strateji baxımdan əhəmiyyətlidir. Bu kontekstdə Port Sudandakı gərginliklər Türkiyənin dəniz təhlükəsizliyi baxışlarını və Afrika qitəsindəki varlığını birbaşa maraqlandırır.
Türkiyə vasitəçi rolunu üzərinə götürə bilər?
Türkiyə 2025-ci il etibarilə Sudan ilə BƏƏ arasında artan diplomatik böhranı yumşaltmaq məqsədilə diqqətçəkən vasitəçilik təşəbbüsünə başlayıb. Bu səylərin arxasında həm Türkiyənin Sudandakı mövcud diplomatik və humanitar varlığı, həm də Afrika Buynuzu və Qırmızı dəniz bölgəsində artan geosiyasi fəallığı dayanır.
2024-cü ilin dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sudan Suverenlik Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan ilə keçirdiyi görüşdə Türkiyənin vasitəçilik təklifi verdiyi ictimaiyyətə açıqlandı və Sudan tərəfi bu təklifi müsbət qarşıladı.
Daha sonra Türkiyə Xarici İşlər nazirinin müavini Burhənəddin Duranın rəhbərlik etdiyi nümayəndə heyətinin Port Sudana etdiyi səfər bu prosesin yalnız sözlə deyil, diplomatik mexanizmlərlə də yönəldiyini göstərdi. Görüşlər zamanı sudanlı rəsmilər Türkiyənin həm neytrallığına, həm də diplomatik təcrübəsinə güvəndiklərini ifadə etdilər. Eyni şəkildə, BƏƏ də Türkiyənin vasitəçilik təşəbbüsünə müsbət yanaşdı və Ankara ilə əlaqə kanallarının açıq olduğunu bildirdi. Bu vəziyyət Türkiyənin hər iki tərəflə sabit və konstruktiv əlaqə qura bilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Türkiyənin bu prosesdə önə çıxmasının əsas səbəblərindən biri də, Afrikada qazandığı vasitəçilik təcrübəsidir. 2024-cü ildə Somali ilə Efiopiya arasında baş verən liman böhranından sonra Türkiyənin başladığı “Ankara Prosesi” çərçivəsində aparılan danışıqlar ortaq bəyanatla nəticələnmişdi və Türkiyənin etibarlı vasitəçi kimi mövqeyini gücləndirmişdi. Bu nümunə göstərir ki, daha mürəkkəb və çoxsaylı aktorların iştirak etdiyi Sudan-BƏƏ böhranında belə Türkiyə diplomatik kanal ola bilər.
Digər tərəfdən, Türkiyənin bu vasitəçilik təşəbbüsünü çoxtərəfli qurumlarla koordinasiya etməsi təşəbbüsün effektivliyi baxımından böyük əhəmiyyət daşıyır. Afrika İttifaqı, Ərəb Liqası və BMT kimi aktorlarla məsləhətləşmələr çərçivəsində aparılacaq diplomatiya, həm Türkiyənin təkbaşına təşəbbüs alma riskini azaldacaq, həm də həll prosesinin legitimliyini artıracaq. Türkiyənin humanitar diplomatiya alətlərini bu proseslə birləşdirməsi isə böhrana yalnız siyasi yox, eyni zamanda insani yönlərdən də kompleks yanaşma imkanı yaradacaq.
Bu kontekstdə, Türkiyənin Sudan ilə BƏƏ arasında yaşanan diplomatik gərginlik fonunda irəli sürdüyü vasitəçilik təşəbbüsü ölkənin Afrikadakı çoxistiqamətli xarici siyasətinin təbii davamıdır. Tərəflərlə etimada əsaslanan münasibətləri və əvvəlki uğurlu vasitəçilik təcrübələri Türkiyəni bu prosesdə dəyərli və təbii vasitəçi aktor halına gətirir.
Nəticə
Port Sudandakı PUA hücumları və ardınca Sudan-BƏƏ arasında baş verən diplomatik qopma təkcə Sudan vətəndaş müharibəsinin deyil, həm də Qırmızı dəniz hövzəsindəki güc mübarizəsinin daha sərtləşdiyini göstərir.
Türkiyənin bu prosesdə oynaya biləcəyi rol, yalnız humanitar və diplomatik deyil, həm də bölgə sabitliyinin gələcəyi baxımından önəm daşıyır. Ankaranın bu böhrana qarşı proaktiv mövqe tutması, Afrikadakı diplomatik gücünü və etibarlı vasitəçi imicini daha da möhkəmləndirəcək.
Asif Cəfərov
Ordu.az