Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Pakistanın açıqlamasına görə, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” döyüş təyyarəsindən atılan SCALP qanadlı raketi 2025-ci il mayın 7-si gecə zərərsizləşdirilib. Raketin Cammu və Kəşmirdə davam edən gərginlik fonunda buraxıldığı bildirilib.
Pakistanın paylaşdığı görüntülərdə vurulan SCALP raketinin hissələri, xüsusilə də müəyyən edilə bilən raket gövdəsi komponentləri və BROACH döyüş başlığı görünüb. Həmçinin Fransada hazırlanmış “Microturbo TRI 60-30” mühərrikinin hissələrinin də tapıldığı iddia edilib.
Pakistan mənbələri, vurulan “Rafale”nin Çin istehsalı olan J-10CE çoxməqsədli döyüş təyyarəsi tərəfindən hədəf alındığını bildirib. Bu təyyarələr görmə məsafəsindən kənara çıxan PL-15E “hava-hava” raketləri ilə təchiz olunub. Sözügedən raketlər Çin-Pakistan müdafiə əməkdaşlığının texnoloji səviyyəsini əks etdirən sistemlər sırasındadır.
Sevinc Əliyeva
Ordu.az