Daşnak-bolşeviklərin “qələbə günü” – separatçılığın ideoloji iflası

2019/12/00-30-1575976183.jpg
Oxunub: 716     13:55     10 May 2025    
9 May öncəsi Xankəndində qanunsuz yaşamış erməni sakinin sosial şəbəkələrdə paylaşdığı “xatirələr” guya “qələbə günü” adı ilə keçirilən mərasimlərin əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. “Bratski” kimi adlanan abidənin önündə keçirilən, Rusiyanın “Этот день победы” mahnısı ilə bitən tədbirlər, əslində, nə Ermənistanın, nə də qondarma qurumun milli ruhunu əks etdirmirdi. Bu mənzərə, separatçıların və onların himayədarlarının beynəlxalq aləmə verdiyi mesajdan ibarət idi: “biz sovetçi, rusmeyilli və keçmiş imperiyanın davamçılarıyıq”. Beləliklə, Azərbaycanın ərazisində yaradılmış separatçı qurum öz “mərkəzi” saydığı Azərbaycan şəhərini Moskvanın siyasi nostalgiyası ilə bəzəməyə çalışırdı.

1992-ci ilin avqustunda Stepan Şaumyanın – azərbaycanlıların soyqırımında birbaşa məsuliyyət daşıyan daşnak-bolşevikin – tunc heykəlinin yıxılması faktı məlumdur. Həmin dövrdə separatçılar bu simvolik addımı “müsbət” istiqamətdə dəyişiklik kimi təqdim etməyə çalışsa da, az sonra əsl məqsədləri üzə çıxdı. Cəmi altı il sonra, 1998-ci ilin sentyabrında həmin heykəl yenidən əvvəlki yerinə qaytarıldı. Bu dəfə isə ermənilər “sevgililərin görüş yeri” adlandırdıqları bu məkanı sevinclə qarşıladı. Separatçılar əslində Azərbaycanın ərazi bütövlüyünü inkar edən və sovet imperiyasının təbliğat maşınının bir parçası olmuş bir simvolu yenidən dirçəltmişdi.

Ermənilərin “qələbə tağı”na sahib olmaması, yalnız bir memarlıq boşluğu deyil, bu, ideoloji və tarixi uydurmaların göstəricisidir. Separatçılar bu istiqamətdə heç bir abidə yarada bilmədilər. Onların saxta fikiləri bolşevik simvolizmi ilə əvəz olundu. Bu dərin ziddiyyət təkcə Stepan Şaumyanın heykəli ilə bağlı deyil, həm də erməni separatizminin bütün məzmununun riyakar mahiyyətini üzə çıxarır.

Xankəndində sözügedən “abidə”nin olmaması əslində onların heç bir zaman qələbə qazanmaması ilə bağlıdır. Çünki bir xalq, bir ideya və ya bir hərəkat yalnız o zaman həqiqi qələbə qazana bilər ki, ədalətli məqsədə və sağlam dəyərlərə əsaslansın. Separatçılar isə öz fəaliyyətlərini azərbaycanlılara qarşı etnik təmizləmə, terror və saxta mifologiya üzərində qurmuşdu. Bu səbəbdən, onlar heç zaman Xankəndində gerçək bir “qələbə tağı” tikə bilməzdilər. Onlar özlərinin də təmsil etdikləri kimi işğalı, nifrəti və əbədi itkinin simvolunu ucaltdılar – Stepan Şaumyanı.

Separatçılar təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, öz cəmiyyətlərinin gələcəyini də girov götürmüşdülər. Onlar erməniləri sovet simvolizmi və daşnak-bolşevik ideologiyası ilə aldadaraq, sonda məğlubiyyətə uğradılar. Azərbaycanın öz torpaqlarını azad etməsi və separatçılığın iflasa uğraması bu mənasız “simvollar”ın tarixdən silinməsini labüd etdi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Daşnak-bolşevik   Separatçılıq  


Bizi "telegram"da izləyin