ABŞ-Avropa İttifaqında Çatlar: Çin Yeni Dəyişən Güc Balansını Necə Dəyərləndirir?

2025/05/1746771375.jpg
Oxunub: 756     17:29     15 May 2025    
Pekin Birləşmiş Ştatlarla Avropa arasında bir parçalanma yaratmaq və Avropa İttifaqı (Aİ) ilə iqtisadi və ticarət əlaqələrini yaxşılaşdırmaq üçün strateji bir fürsət pəncərəsi görür.

Son iki ay ərzində Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi və Kommunist Partiyasının Beynəlxalq Şöbəsinin rəsmiləri Pekinin üstünlük verdiyi mövqeləri Avropa səviyyəsində təşviq etmələri üçün avropalı tərəfdaşlarla bir sıra ikitərəfli kanallar vasitəsilə ünsiyyət qurublar.

ÇXR-də bəzi ekspertlər Pekinin Avropanı ABŞ-dən uzaqlaşdırmağa uğurla inandıra biləcəyinə skeptik yanaşsalar da, bu istiqamətdə cəhd etməyin faydalı olduğunu düşünürlər.

Aİ rəsmilərinin və bəzi üzv dövlət siyasətçilərinin bəyanatları Pekinin təşəbbüslərinə açıq olduqlarını göstərir.

“Bəzi strateji fürsət pəncərəsi”. Fudan Universitetinin Şanxaydakı Avropa Araşdırmaları Mərkəzinin rəhbərliyində olan müəlliflərdən biri bu ifadə ilə Çin Xalq Respublikasının (ÇXR) ABŞ ilə gərginliklər fonunda Avropa ilə münasibətləri dərinləşdirmək üçün gördüyü fürsəti təsvir edir. Bu fikirlər “World Affairs” jurnalında dərc olunmuş bir məqalədən götürülüb. Məqalədə bildirilir ki, beynəlxalq sistem “bipolyar düzənin dağılmasından etibarən ən dərin strateji transformasiyanı yaşayır”. Müəlliflər hesab edirlər ki, ÇXR və Avropa öz “dəyərlər baryerini” aşa bilər və iqtisadi-ticarət əlaqələrini “ballast” kimi istifadə edərək Avropanın hazırkı böhranının yüngülləşdirilməsinə kömək edə bilərlər.

Bu fikir ÇXR daxilində müxtəlif səviyyələrdə müzakirə olunan mövzulardan biridir və müəyyən dəstəyə malikdir. Akademik dairələrdə daha ehtiyatlı yanaşmalar da mövcuddur, amma bu strategiyanın həyata keçirilməli olduğu ilə bağlı ciddi fikir ayrılığı yoxdur. ÇXR ilə Avropa hökumətləri və Aİ arasında keçirilmiş yüksək səviyyəli danışıqlar və ikitərəfli bəyanatlar göstərir ki, Pekin uzunmüddətli səylərini gücləndirərək qitədəki demokratik ölkələri ABŞ-dən ayırmaq istəyir. Avropa tərəfinin bəzi açıqlamaları isə bu təşəbbüslərə müəyyən müsbət yanaşmanı göstərir.

Pekin Mesajını Aİ-yə Üzv Dövlətlər Vasitəsilə Yayır

Pekinin Avropaya yanaşmasının tonunu Prezident Si Cinpinin 15 yanvar tarixində Avropa Şurasının Prezidenti Antonio Koştaya etdiyi zəng müəyyənləşdirdi. Bu zəng Donald Trampın prezidentlik dövrünə başlamasından bir həftə əvvəl və Ağ Evin tariflərlə bağlı qərarlarından təxminən üç ay əvvəl baş tutmuşdu. “People’s Daily”də dərc olunmuş zəngin xülasəsində Si üç əsas məqamı vurğuladı: birincisi, ÇXR-in Avropanı həmişə çoxqütblü dünyada vacib bir qütb kimi tanıması və Aİ-nin strateji muxtariyyətini dəstəkləməsi; ikincisi, ÇXR ilə Avropa arasında əsas maraqlar və geosiyasi ziddiyyətlərin olmadığı və qarşılıqlı uğura töhfə verə biləcək tərəfdaş olduqları; üçüncüsü, beynəlxalq vəziyyət nə qədər çətin və mürəkkəb olsa da, ÇXR və Avropa “diplomatik əlaqələrin qurulmasındakı ilkin ruhu” qoruyub saxlamalıdır. Xülasədə bildirilir ki, Koşta razılaşıb və deyib ki, iki tərəf “rəqabət əvəzinə əməkdaşlıq etməlidir”.

Bu yanaşma daha sonra Xarici İşlər Nazirliyi və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Şöbəsinin yüksək vəzifəli şəxsləri tərəfindən davam etdirilib. Bu rəsmilər Avropa ölkələri və siyasətçiləri ilə keçirdikləri görüşlərdə eyni mövqeləri səsləndiriblər.

İkitərəfli danışıqlarda ümumi bir mövzu diqqət çəkir: Pekin tərəfdaşlarını ÇXR-in maraqlarını Aİ səviyyəsində müdafiə etməyə təşviq edir. Məsələn, Beynəlxalq Şöbənin rəhbəri Liu Jiançao Fransanın ÇXR-dəki səfiri Bertran Lorsolari ilə görüşündə deyib: “Fransa Aİ-nin vacib üzvüdür və biz ümid edirik ki, Fransa Aİ daxilində fəal rol oynayacaq və Çin-Avropa münasibətlərinin inkişafını təşviq edəcək”. Liu eyni mesajı Portuqaliya XİN rəhbəri Paulo Rangelə, Finlandiya rəsmilərinə və Çexiya Kommunist Partiyasına da çatdırıb. Bəzi tərəfdaşlar – rəsmi məlumatlara əsasən – Partiyanın bu arzularını irəli aparmağa hazır olduqlarını bildiriblər. Avropa Parlamentinin üzvü Barri Koven Çin səfirinə deyib ki, Çinlə bağlı Avropa Parlamentində anlayışı və əməkdaşlığı təşviq etmək üçün müsbət səylər göstərməyə hazırdır. Rangel isə Liuya bildirib ki, Portuqaliya Çin-Avropa münasibətlərinin inkişafına töhfə verməyə hazırdır.

Bəzi Çin səfirləri mart ayında Avropa ictimaiyyətinə mesajı daha geniş yaymaq üçün məqalələr dərc ediblər. Kiprdəki səfir Liu Yantao “Cyprus Mail” qəzetində ÇXR-in “Kipr və Aİ ilə birlikdə çoxtərəfliliyi müdafiə edən nümunə yaratmağa hazır olduğunu” yazıb. Praqadakı səfir Fenq Biao ÇXR-in “Avropa ilə birlikdə ticarət və iqtisadi nizamı qorumaq istədiyini” bildirib. Aİ və Belfastdakı Çin nümayəndəliyinin rəhbərləri də Vaşinqtonu tənqid edən, Pekini isə sabit tərəfdaş kimi təqdim edən oxşar məqalələr dərc ediblər.

ÇXR yalnız üzv dövlətlərlə deyil, Aİ rəhbərliyi ilə də bu yanaşmanı davam etdirir. Liu Jiançao Aİ-nin Asiya və Sakit Okean üzrə direktoru Niklas Kvarnström ilə görüşündə ÇXR və Avropanı “iki qlobal güc” kimi təsvir edib. Baş nazir Li Qianq isə Aİ Komissiyası Prezidenti Ursula fon der Leyenlə telefon danışığında iki tərəfi “bir-birinin ən vacib ticarət tərəfdaşları” kimi təqdim edib. Lakin bu ifadə tam olaraq doğru deyil – ABŞ hələ də Aİ-nin ən böyük ticarət tərəfdaşı olaraq qalır. ÇXR-in BMT-dəki daimi nümayəndəsi Fu Conq da Aİ-nin edibarlı tərəfdaş olacağına ümid etdiklərini və ÇXR-in Aİ və üzv dövlətlərlə BMT və digər çoxtərəfli platformalarda əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu deyib.

Aİ ÇXR-in Ticarət Tələblərinə Açıq Görünür

ÇXR akademikləri və ekspertləri Pekinin Avropaya yanaşmasının uğur qazanacağına dair yekdil fikirdə deyillər. Yuxarıda bəhs olunan “World Affairs” məqaləsində müəlliflər qəbul edirlər ki, ticarət, iqtisadiyyat, iqlim, rəqəmsal və digər iqtisadi idarəetmə sahələrində praktiki əməkdaşlıq artırılsa da, Aİ-nin “riskləri azaltma” yanaşması səbəbilə bu əməkdaşlığın bir sərhədi var. Onlar bildirirlər ki, tarix dəfələrlə sübut edib ki, belə strateji fürsətlər “nəticədə Avropanın əsas məsələlərdə ABŞ-yə strateji asılılığını dəyişdirə bilməyib”. “Morgan Stanley”nin Çin üzrə baş iqtisadçısı Robin Xin də qeyd edib ki, Avropanın Çin istehsal profisitinin bazarlarına təsiri ilə bağlı narahatlıqları “müəyyən qədər əsaslıdır” və bu, daha proteksionist siyasətlərin ortaya çıxmasına səbəb ola bilər.

Bununla belə, bir çox ekspertlər Pekinin ABŞ-nin hərəkətlərinə qarşı mənfi yanaşmaları olan ölkələrin bu vəziyyətindən faydalanmalı olduğunu düşünür. Məsələn, “China Europe International Business School”da (CEIBS) professor olan Zhao Hao bildirir ki, ÇXR “ənənəvi ixrac bazarları ilə yaxşı münasibətlər qurmalı və onlara Çin bazarının əhəmiyyətini başa salmalı, beləliklə onların asanlıqla ABŞ tərəfinə keçməsinin qarşısını almalıdır”. Pekin Universitetindən professor Huanq Yipinq və yarımkeçirici mütəxəssisi Qu Venjun da bu fikirləri dəstəkləyiblər. Eyni zamanda, təsirli bloger Ren Yi bildirib ki, Pekin artıq belə danışıqlara başlayıb və “növbəti addım genişmiqyaslı “hücum” olmalıdır”.

Pekin artıq ticarət sahəsində müəyyən nəticələr əldə etmiş ola bilər. Tramp prezident seçildikdən etibarən müşahidəçilər Avropanın Çin tərəfə yönələ biləcəyi barədə xəbərdarlıq ediblər. Davosda keçirilmiş Dünya İqtisadi Forumunda fon der Leyenin çıxışında son anda edilən dəyişikliklərdə diplomatik münasibətlərin 50 illiyindən “Çinlə əlaqələrin dərinləşdirilməsi və mümkün olduğu halda ticarət və sərmayə əlaqələrinin genişləndirilməsi üçün fürsət” kimi istifadə olunacağı vurğulanıb. Bu fikirlər bir həftə sonra Avropa Komissiyasının Ticarət və İqtisadi Təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç tərəfindən də təkrarlandı. O vaxtdan etibarən Maroş Şefçoviç Baş nazir müavini He Lifenq və Ticarət naziri Vanq Ventao ilə bu əməkdaşlığı dərinləşdirmək istədiyini bildirib. Sonuncu danışıqda isə Şefçoviç “elektrik avtomobilləri üzrə qiymət öhdəlikləri ilə bağlı dərhal danışıqlara başlamağa” razılaşıb.

Nəticə

ÇXR Avropa ölkələrini və Aİ-ni sabit və edibarlı tərəfdaş olduğuna inandırmağa çalışır və qeyri-müəyyən dünyada özünü sabitlik rəmzi kimi təqdim edir. Vaşinqtonun mövcud ticarət siyasətlərini isə bu narrativi gücləndirmək üçün bir fürsət olaraq görür.

Ancaq Pekinin Aİ-yə münasibətdə bəzi özünəarxayın davranışları diplomatik səylərinə zərər vurur. Baş nazir Li Qianq von der Leyen ilə danışığında ÇXR-in “xarici neqativ təsirləri kompensasiya etməkdə tam bacarıqlı olduğunu və öz iqtisadi inkişafına tam inam bəslədiyini” vurğulayıb. Eyni zamanda, Prezident Si Cinpinin Aİ-nin iyul ayında keçiriləcək 50 illik yubiley sammitinə dəvəti rədd etməsi və protokolu pozması da bu təkəbbürlü yanaşmanı göstərir.

Analitiklər uzun zamandır Pekini sözləri ilə deyil, əməlləri ilə qiymətləndirməyi tövsiyə edirlər. Çin artıq öz sənaye profisitini udmaq üçün bazar axtarışındadır və Aİ bu məqsədlə əsas hədəf kimi görünür. Aİ ABŞ-ni qeyri-müəyyənliyin mənbəyi kimi görsə də, ÇXR-in təklif etdiyi sabitlik barədə də düşünərkən diqqətli davranır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin