Hindistan sərhəddə “Rafale” ilə güc nümayiş etdirir

2025/05/1746171207.jpg
Oxunub: 581     19:19     02 May 2025    
Hindistana məxsus “Rafale” döyüş təyyarələri ötən gecə Cammu və Kəşmir bölgəsində patrul uçuşu həyata keçirib və Pakistan da qarşılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press Pakistan” məlumat yayıb.

Məlumata görə, Hindistan Hərbi Hava Qüvvələrinə (IAF) məxsus 4 “Rafale” qırıcısı “Hindistanın milli coğrafi sərhədləri daxilində” Cammu və Kəşmir hava məkanında patrul uçuşları həyata keçirib.

Xəbərdə Pakistan Hərbi Hava Qüvvələrinə (PAF) məxsus döyüş təyyarələrinin Hindistan təyyarələrinin hərəkətini dərhal aşkar edərək, vaxtında və diqqətli şəkildə cavab verdiyi, cavabdan sonra IAF təyyarəsinin bölgədən geri çəkildiyi bildirilib.

Çərşənbə axşamı axşam dövlətə məxsus “Associated Press of Pakistan” tərəfindən paylaşılan hesabatda bildirilib ki, yüksək səviyyəli bir nazir Yeni Dehlinin 36 saat ərzində hərbi əməliyyatlara başlamağı planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatları əldə edib.

APP-nin hesabatı Hindistanın Baş naziri Narendra Modinin ölkəsinin silahlı qüvvələrinə son hücuma “uyğun gördükləri kimi” cavab vermək səlahiyyəti verdiyi barədə xəbərlərdən sonra yayılıb.

Qeyd edək ki, aprelin 22-də Kəşmirdə turistlərə hücumdan sonra Hindistan və Pakistan arasında gərginlik artıb, Hindistan Pakistanın hücuma görə məsuliyyət daşıdığını bildirib. Pakistan ittihamları rədd edib. Sərhəddə hava hücumu və ya xüsusi əməliyyat ehtimalı gündəmə gətirilib, Baş nazir Modi orduya cavab vermək səlahiyyəti verib.

Fransadan aldığı “Rafale” döyüş təyyarələri ilə hava gücünü artıran Hindistan bu yaxınlarda 26 yeni təyyarə üçün 7,4 milyard dollarlıq müqavilə imzalayıb. Hücumdan sonra iki ölkə arasında qarşılıqlı atəş, vizanın ləğvi, diplomatların geri çəkilməsi və sərhəd/su müqavilələrinin dayandırılması kimi sərt diplomatik addımlar atılıb. Pakistan hava məkanını Hindistan üçün bağlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HHQ   Rafale   Hindistan  


Bizi "telegram"da izləyin