Ermənistan büdcə pullarını kimlərə “uçurur”? – BAXIŞ BUCAĞI

2025/04/1745484365.jpg
Oxunub: 823     22:25     25 Aprel 2025    
Ermənistan hökuməti qərara alıb ki, yeni marşrutlar üzrə “Zvartnots” və “Şirak” hava limanlarına sərnişin cəlb edən aviaşirkətlərə dövlət büdcəsindən maliyyə dəstəyi versin. Şirak hava limanı üçün hər əlavə sərnişinə görə 15 min dram (təxminən 37 dollar), Zvartnots üçün isə 20 min dram (təxminən 49 dollar) ödənilməsi nəzərdə tutulur.

Bu qərar Ermənistan dövlət büdcəsi üçün əhəmiyyətli maliyyə yükü formalaşdırır. Paşinyan hökumətinin əsaslandırması budur ki, “aviasiya sahəsi inkişaf etdirilməlidir”. Halbuki bu hökumət əvvəllər milli aviaşirkət yaratmaq layihəsini fiaskoya uğratmış, nəticədə on milyard dramlıq dövlət vəsaiti sözün əsl mənasında havaya sovrulmuşdu.

Ermənistandakı həmin layihəyə görə bu günə qədər heç bir şəxs məsuliyyətə cəlb olunmayıb. İndi isə Paşinyan hökuməti de-fakto şəkildə yeni marşrutlar üzrə aviaşirkətləri subsidiyalaşdırmağa qərar verib. Sual yaranır: bu subsidiyaların əsas benefisiarı kim olacaq? Əgər bir aviamarşrut iqtisadi baxımdan sərfəlidirsə, niyə dövlət tərəfindən əlavə dəstəyə ehtiyac duymalıdır? Yox əgər yalnız dövlətin dəstəyi ilə bu marşrutlar cazibədar görünürsə, bu halda, bu təşəbbüsün effektivliyi ciddi şübhə altındadır. Bu vəziyyət “Ermənistan Dövlət Maraqları Fondu”nun fiaskosunu xatırladır.

Xatırladaq ki, Ermənistandakı sözügedən fond müxtəlif kommersiya layihələrini “iqtisadi inkişaf” adı altında dövlət vəsaiti hesabına maliyyələşdirən bir struktur olub. Son nəticədə, erməni səlahiyyətlilər etiraf etdi ki, bu fond qeyri-effektiv fəaliyyət göstərib və buraxıldı, ardınca isə milyardlarla dram dəyərində itirilmiş vəsait buraxmışdı. İndi isə Ermənistan hökuməti bu cür şübhəli iqtisadi əsaslandırmalara söykənən yeni “sübvənsiya mexanizmini” dövriyyəyə buraxır.

Belə görünür ki, Ermənistan büdcəsi yenidən bir neçə seçilmiş şəxsi və ya şirkəti – bu halda aviaşirkət sahəsində çalışanları – bəsləmək üçün istifadə olunacaq. Amma ölkə iqtisadiyyatına ümumi təsir, görünür, ya minimal olacaq, ya da heç olmayacaq. Xüsusilə, büdcəyə gəlirlər əsasən vergi yükünün artırılması hesabına təmin olunduğu bir vaxtda, kiçik və orta sahibkarlığın üzərinə düşən bu yük daha da artırılır. Ermənistanda vergi sisteminin qeyri-bərabər və repressiv xarakter daşıdığı da beynəlxalq hesabatlarda vurğulanır.

2024-cü il üçün büdcə kəsiri 200 milyard dram təşkil edir, 2025-ci ildə bu rəqəmin daha da artacağı gözlənilir. Ermənistan hökuməti bu kəsiri qarşılamaq üçün yaxın zamanda 750 milyon dollar dəyərində avrobond buraxaraq xarici borca girib. Bu borcun qaytarılması gələcək nəsillərin çiyninə düşəcək. Belə bir şəraitdə, dövlətin hər bir qəpiyi cəmiyyətin maraqları baxımından ciddi əsaslandırmaya malik olmalıdır, amma görünən odur ki, bu əsaslandırma Ermənistanda yenə də bir ovuc maraqlı qrupa xidmət edir.

Bu da Ermənistanın qeyri-transparent və populist iqtisadi idarəetmə modelinin növbəti nümunəsidir və bu, ölkənin iqtisadi təhlükəsizliyini zəiflətməklə yanaşı, regional əməkdaşlıqlardan və sərmayə cəlb etmək imkanlarından da uzaqlaşdırır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Büdcə  


Bizi "telegram"da izləyin