Moskvanın Qəzza üzərindən ABŞ və İsrailə təzyiq oyunu – BAXIŞ BUCAĞI

2025/04/1745484081.jpg
Oxunub: 904     17:40     25 Aprel 2025    
2025-ci ilin aprelin 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Kremlin sarayında Oman sultanı Tariq əl-Səidi qəbul etdi. Danışıqların sonunda Kremlin mətbuat xidməti liderlərin adından birgə bəyanat yaydı. “RİA-Novosti” agentliyi həmin sənədin bir neçə məqamını önə çıxarıb.

Məlumata görə, Vladimir Putin Omandan aldığı qarşılıqlı səfər dəvətini qəbul edib. Danışıqlar dostluq atmosferində keçib və tərəflər münasibətləri daha yüksək səviyyəyə qaldırmağın əhəmiyyətini vurğulayıblar. Moskva və Maskat BMT Nizamnaməsinin prinsiplərinə və münaqişələrin, böhranların diplomatik-siyasi vasitələrlə həllinin vacibliyinə diqqət çəkiblər.

Bu ümumi və diplomatik protokol xarakterli açıqlamalardan sonra liderlər İsrail qüvvələrinin Qəzza və digər ərazilərdən tam çıxarılmasının, Fələstin məsələsinin fələstinlilərin maraqlarına uyğun şəkildə həll edilməsinin zəruriliyini bildiriblər. Rusiya Prezidenti və Oman Sultanı Qəzzada atəşkəsin təmin edilməsinə və müvəqqəti köçürülmüş şəxslərin geri qaytarılma mexanizmlərinə dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Oman sultanının Moskvaya səfərinin əsas intriqası isə görünür bu ölkənin İran-ABŞ danışıqlarında vasitəçilik etməsidir. Rusiya isə, iddiaya görə, İranın zənginləşdirilmiş uran ehtiyatlarını “müvəqqəti saxlayan” və ABŞ-İran mümkün “razılaşmasının zəmanətçisi” rolunu oynamaq istəyir.

ABŞ-yə bu məsələdə dəstək əvəzində Rusiya Qəzza və ümumilikdə İsrail-Fələstin məsələsində mövqeyini sərtləşdirir. Görünən odur ki, bu mövqe Vaşinqtona təzyiq göstərmək və Ukrayna məsələsində daha sərfəli nəticələr əldə etmək məqsədi daşıyır.

Rusiya, əlbəttə, İsraillə münasibətlərində Fələstinin müstəqilliyi məsələsini daim “diplomatik təzyiq aləti” kimi istifadə edib. Lakin bu dəfə Rusiya ilə Oman Sultanının birgə bəyanatı əvvəlki mövqelərlə müqayisədə daha sərtdir. ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və beynəlxalq aləmdə Qərb Sahilini Samariya və Yəhuda adlandırsa da, Rusiya və Oman bu ərazilərdən də İsrail ordusunun çıxarılmasını tələb edir.

Moskvanın bu birmənalı mövqeyi təkcə İsrail hökumətinə deyil, həm də ABŞ siyasətinə qarşı çıxır. ABŞ Prezidenti Donald Tramp öz çıxışında həm HAMAS-ı, həm də Fələstin Milli İdarəsini kəskin tənqid edərək, onları inkişaf yaratmamaqda, yəhudiləri isə səhraları yaşıl torpaqlara çevirməkdə tərifləyib.

Rusiya isə, görünür, Fələstinin müstəqilliyinə tam dəstək vermək niyyətində deyil. Əksinə, Moskva Qəzzada “himayədar” mövqeyində çıxış edərək, bir tərəfdən İsrailə və ABŞ-yə təzyiq etməyə, digər tərəfdən isə ərəb dünyasında maraqlarını qorumağa çalışır. İsrailin “Ynet” nəşrinin siyasi şərhçisi vəziyyəti belə dəyərləndirib: “Ərəb ölkələri doğrudan da müstəqil Fələstin dövləti görmək istəyirlərmi, yoxsa bu mövzudan öz maraqları üçün istifadə edirlər?” Rusiya görünür, Fələstini “himayə edərək” Yaxın Şərqdə hərbi-siyasi varlığını qorumaq və möhkəmləndirmək xətti tutub. Amma bu şəraitdə İsraillə münasibətlərini necə tənzimləyəcəyi hələlik sual altındadır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Qəzza   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin