Rusiya Ukraynanın cənubundakı hücumunu niyə dayandırıb?

2025/04/1745483184.jpg
Oxunub: 628     15:45     24 Aprel 2025    
Rusiya ordusunun Ukraynanın cənubundakı güclü müdafiə mövqeləri ona bu cəbhə xəttində əsasən müdafiə mövqeyində qalmağa və qüvvələrini daha aktiv istiqamətlərə yönəltməyə imkan verir.

Hazırda Ukraynada atəşkəs perspektivi uzaq görünür və döyüşlər fasiləsiz şəkildə davam edir.

Rusiya ordusu strateji təşəbbüsü əlində saxlayır, lakin Kremlin istədiyi irəliləyişləri əldə edə bilmir. Digər tərəfdən, Ukrayna ordusu zərurət olduqda geri çəkilir, lakin strateji əhəmiyyətli mövqelərdə cəbhəni saxlamağa çalışır.

Ukraynada Rusiya hərbi kampaniyasının gedişi

Ukraynada döyüşlər əsasən şərq və cənub-şərq istiqamətlərində geniş miqyasda davam edir. Cənubdakı vəziyyət isə nisbətən sabitdir.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin Ukrayna müharibəsi ilə bağlı son kəşfiyyat qiymətləndirməsində deyilir: “Rusiyanın Kursk və Belqorod vilayətləri ilə həmsərhəd olan ərazilərdə rus qüvvələri Ukraynanın Sumı vilayətinə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. Rusiya, çox güman ki, bu istiqamətdə hücum əməliyyatlarını davam etdirmək niyyətindədir ki, mübahisəli Kursk ərazilərinə nəzarəti bərpa etsin”.

2023-cü ilin avqust ayından etibarən Ukrayna Rusiya ərazisində yerləşən Kursk bölgəsində bir çıxıntını (salient) saxlamağa müvəffəq olub. Rusiya burada on minlərlə hərbçini, o cümlədən təxminən 15.000 Şimali Koreya əsgərini cəlb etsə də, Ukraynanı çıxara bilməyib. Mart ayında Sudja şəhərinin yenidən ələ keçirilməsi daxil olmaqla, müəyyən irəliləyişlərə nail olunsa da, ümumilikdə uğur məhduddur.

Eyni zamanda, Rusiya qüvvələri döyüş gücünün böyük hissəsini Ukraynanın şərqindəki Donbas bölgəsində cəmləyib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi əlavə edib: “Donetsk vilayətinin mərkəzində Rusiya bir neçə əsas şəhər dayağı – Toretsk və Çasiv Yar uğrunda döyüşür”.

Rus qüvvələri bu şəhərləri aylardır ələ keçirməyə çalışır, lakin hələlik ciddi bir irəliləyiş əldə olunmayıb.

Nazirlik həmçinin qeyd edir: “Cənubi Ukraynada Rusiya irəliləyişlərinin sayı azdır, lakin çox güman ki, Rusiya diqqətini digər hücum istiqamətlərinə yönəldib”.

Bu qeyd Dnepr çayı ətrafında, xüsusən də Xerson şəhəri yaxınlığında döyüşlərin az olmasına istinad edir.

Ukraynanın cənubunda Rusiya qalası

Rusiya ordusu işğal etdiyi Ukraynanın cənub ərazilərini nəhəng bir istehkam sisteminə çevirib. 2023-cü ildə Ukrayna böyük bir əks-hücum əməliyyatına hazırlaşdığı zaman, Rusiya qüvvələri İkinci Dünya Müharibəsindən etibarən Avropada görülən ən möhkəm müdafiə istehkamlarını qurdu. Bu istehkamlar, xüsusilə cənub cəbhəsində, son dərəcə effektiv oldu – Kiyevin əks-hücumu dayanmağa məcbur qaldı və Ukraynanın mexanikləşdirilmiş briqadaları Rusiya müdafiə xətlərini yarmaqda uğursuz oldu.

Rusiya ordusunun bu güclü müdafiə mövqeyi cənubda ona müdafiədə qalmağa və başqa cəbhələrdə daha aktiv əməliyyatlar aparmaq üçün qüvvə toplamağa şərait yaradıb. Məhz bu cənub cəbhəsindən Rusiya ordusu Kursk vilayətinə və oradakı Ukrayna çıxıntısına qarşı döyüşlərə qüvvələr göndərməkdədir.

Şərqdə Rusiya qüvvələri Kupyansk şəhərini ələ keçirməyə çalışır. Əgər bu şəhər Rusiyanın əlinə keçərsə, Ukrayna üçün həm müdafiə, həm də hücum əməliyyatları çətinləşəcək.

Böyük Britaniya Müdafiə Nazirliyi belə bildirir: “Xarkov vilayətində Rusiya Kupyansk şəhərinin dəmir yolu və logistika mərkəzinə doğru hücumlarını davam etdirir. Kupyanskdan şimalda Rusiya qüvvələri Oskil çayının qərbində yerləşən Zapadne kəndində bir dayaq nöqtəsi saxlayır. Ukrayna pilotsuz uçuş aparatları və artilleriya zərbələri isə rusların ponton keçidlərini qurmasına mane olur”.

Cəbhə boyunca döyüşlər fonunda hər iki tərəf itkilər verir. Rusiya ordusu ağır itkilər versə də, ölkə daxilində davamlı şəkildə yeni əsgərlər cəlb edərək bu itkiləri kompensasiya edə bilir. Ukrayna ordusunun itkiləri nisbətən az hesab edilsə də, insan resursları ilə bağlı problemləri daha ciddidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Hücum  


Bizi "telegram"da izləyin