Ordu.az xəbər verir ki, Putin paytaxt Moskvada Rusiya Hərbi Sənaye Komissiyası ilə görüşdə Rusiya ordusunun silah və müdafiə sənayesi komplekslərinin vəziyyətini dəyərləndirib.
Ötən il Rusiya müdafiə sənayesinin demək olar ki, bütün dövlət sifarişlərini tam, yüksək keyfiyyətlə və vaxtında təhvil verdiyini deyən Putin bəzi silah növlərinin vaxtından əvvəl istehsal edildiyini qeyd edib.
“Məsələn, silahların, rabitə sistemlərinin, kəşfiyyat və radioelektron mübarizə sistemlərinin istehsalı iki dəfədən çox artıb. Qoşunlara 4 mindən çox zirehli texnika, 180 döyüş təyyarəsi və helikopter çatdırılıb. Bundan əlavə, 1,5 milyondan çox müxtəlif tipli PUA-lar çatdırılıb. Bunların arasında hər gün 4 mini cəbhəyə göndərilən, FPV tipli virtual reallıq adlı sistemlə idarə olunan PUA-lar da var”, - deyə o bildirib.
Yenə də Putin bu silahların kifayət etmədiyini vurğulayıb və PUA-ların istehsalını artırmaq üçün bütün planların həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Rusiya prezidenti qeyd edib ki, PUA-lar hazırda döyüş uğurunun ən mühüm amillərindən biridir.
Sevinc Əliyeva
Ordu.az