Hindistan Fransa ilə yeni “Rafale” döyüş təyyarələri razılaşmasına hazırlaşır

2025/04/1743671735.jpg
Oxunub: 607     16:29     25 Aprel 2025    
Hindistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan “Rafale” döyüş təyyarələrindən əlavə 40 ədəd almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu tədarük, Hindistanın 2018-ci ildən bəri davam edən MRFA (Çoxfunksiyalı Döyüş Təyyarəsi) proqramı çərçivəsində və hökumətlərarası model əsasında sürətləndirilmiş şəkildə həyata keçirilə bilər.

Hindistan artıq 36 ədəd “Rafale” təyyarəsini 2015-ci ildə birbaşa razılaşma ilə Fransa şirkəti “Dassault Aviation”dan alıb. Lakin ehtiyacların artması fonunda bu say kifayət etmədiyindən, Hindistan Hava Qüvvələri yeni partiya ilə həm əməliyyat imkanlarını artırmaq, həm də Çin və Pakistan kimi rəqiblərə qarşı hava üstünlüyünü qorumaq istəyir.

Bu alışın həyata keçirilməsi Hindistanın hava parkını dörd tam döyüş eskadrilyasına çatdıracaq və bölgədə strateji balans baxımından kritik əhəmiyyət daşıyacaq. Hindistan tərəfi əlavə olaraq, yeni təyyarələrin yerli istehsalı üçün montaj xətti yaradılması imkanlarını da qiymətləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Fransa  


Bizi "telegram"da izləyin