Ordu.az xəbər verir ki, Şimali Koreya 2023-cü ilin avqustundan etibarən Rusiyaya əsasən dəniz yolu ilə 21 min konteynerə yaxın silah-sursat çatdırıb. Bu yardımın ümumi dəyəri 19,2 milyard dollar civarındadır. Təchizata artilleriya mərmiləri, reaktiv yaylım atəşi sistemləri üçün raketlər, “Bulsae-4” idarəolunan tank əleyhinə raketlər və “KN-23” ballistik raketləri daxildir.
Bundan əlavə, Pxenyan texnologiya transferi qarşılığında 630 milyon dollar, Rusiyanın Kursk vilayətində döyüşən təxminən 11 min hərbçisinin yerləşdirilməsi üçün isə 280 milyon dollar məbləğində fayda əldə edib. Hər bir Şimali Koreya əsgəri üçün Rusiya ayda 2 min dollar əmək haqqı və bir dəfəlik bonus ödəyib.
Ekspertlər bu dəstəyin əvəzində Şimali Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlar və dördüncü nəsil döyüş təyyarələri texnologiyalarına çıxış imkanı əldə etdiyini bildirirlər. Hesabatda Rusiyanın Şimali Koreyanın pilotsuz uçuş aparatları və erkən xəbərdarlıq sistemlərinin inkişafında da rol oynadığı qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az