“SpaceX” “Qızıl Günbəz” sisteminin istehsalında iştirak edə bilər

2025/04/1744971398.jpg
Oxunub: 495     11:29     23 Aprel 2025    
ABŞ-da sabiq prezident Donald Tramp tərəfindən elan edilən və ölkənin qlobal raket təhdidlərinə qarşı müdafiəsini nəzərdə tutan “Qızıl Günbəz” proqramında texnologiya nəhəngi “SpaceX”in ön sıralarda yer aldığı bildirilib. Layihəyə həmçinin “Palantir” və “Anduril” kimi müdafiə texnologiyası sahəsində ixtisaslaşmış şirkətlərin də cəlb olunduğu qeyd edilir.

Ordu.az xəbər verir ki, plan çərçivəsində dünya orbitinə yüzlərlə peyk yerləşdirilməsi və onların raketləri izləmə, həmçinin müdaxilə qabiliyyəti ilə təchiz olunması nəzərdə tutulur. Ayrı bir fazada isə silahlandırılmış peyk qruplarının düşmən raketlərinə qarşı istifadə olunması ehtimal edilir.

İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin dövlətlə əməkdaşlığı çərçivəsində layihəyə “abonəlik modeli” ilə qoşulması da təklif olunub. Bu modeldə hökumət texnologiyaya sahiblik etmədən xidmət üçün ödəniş edəcək. Lakin bəzi Pentaqon nümayəndələri bu yanaşmanın böyük hərbi layihələr üçün risk daşıdığını bildiriblər.

Məsələ ilə bağlı nə “SpaceX”, nə “Palantir”, nə də ABŞ Müdafiə Nazirliyi ictimaiyyətə konkret şərh verməyib. İlon Mask isə yayılan xəbərlərə qısa şəkildə reaksiya verərək onların “doğru olmadığını” bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Qızıl-Günbəz  


Bizi "telegram"da izləyin