Ordu.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya parlamentində 8 aprel 2025-ci il tarixində yayımlanan rəsmi cavab sənədində əksini tapıb. Müdafiə naziri Maria İqlin 1 aprel tarixində parlamentə təqdim edilən yazılı sual üzrə bildirib ki, əlavə A400M-lərin alınması məsələsi Strateji Müdafiə İcmalı çərçivəsində bütün taktiki və strateji hava nəqliyyatı imkanları ilə birlikdə nəzərdən keçirilir.
Hazırda Britaniya Kral Hava Qüvvələrinin (RAF) inventarında 22 ədəd “A400M Atlas” nəqliyyat təyyarəsi mövcuddur. Bu təyyarələr “Hercules C-130J” parkını əvəz edib və hazırda RAF-ın əsas hava nəqliyyatı platforması kimi fəaliyyət göstərir.
Məlumata görə, Avropa istehsalı olan dörd mühərrikli turboprop mühərrikə sahib A400M təyyarələri İspaniyanın Sevilya şəhərində “Airbus Defence and Space” şirkəti tərəfindən yığılır. Təyyarələr Britaniyanın hava nəqliyyatı sisteminin əsas dayaqlarından biri hesab olunur.
A400M həm ağır texnikanın, həm də şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. Təyyarə 37 tona qədər yük, yaxud 116 tam təchizatlı hərbçini daşımaq imkanına malikdir. Onun uçuş məsafəsi 20 ton yük ilə 8 900 kilometrə qədərdir və bu, Kral Hava Qüvvələrinə genişmiqyaslı strateji hava daşımaları həyata keçirməyə imkan verir.
Mütəxəssislər hesab edirlər ki, əlavə A400M-lərin tədarükü Britaniyanın beynəlxalq hərbi-logistika əməliyyatlarında çevikliyini və döyüş hazırlığını əhəmiyyətli dərəcədə artıracaq.
Sevinc Əliyeva
Ordu.az