Slovakiya L-39 “Skyfox” təyyarələrinin tədarükü ilə maraqlanır

2025/04/2025--1744625430.jpg
Oxunub: 687     13:09     23 Aprel 2025    
Slovakiya Müdafiə Nazirliyi “Aero Vodochody” şirkətinin istehsalı olan “L-39 Skyfox” yüngül hücum və təlim təyyarələrinin tədarükü ilə maraqlanır.

Ordu.az xəbər verir ki, Slovakiya müdafiə naziri Robert Kalinyak bu məqsədlə Çexiyaya rəsmi səfər edib. Səfər çərçivəsində nazir Çexiyanın müdafiə naziri Yana Çernoxova tərəfindən qarşılanıb və bir neçə hərbi-sənaye müəssisəsini ziyarət edib. Çexiya tərəfi bu səfər zamanı Slovakiyaya “L-39 Skyfox” təyyarələrini təklif edib. Həmçinin, Macarıstan Hərbi Hava Qüvvələrinə təhvil verilmiş ilk iki ədəd “L-39 Skyfox” təyyarəsi də nümayiş etdirilib.

“Aero Vodochody” şirkətinin rəhbəri Viktor Sotona başda olmaqla, rəhbərlik heyəti hər iki ölkənin nümayəndə heyətlərini qəbul edib. Görüş zamanı Çexiya və Slovakiya arasında müdafiə və sənaye sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlik ikitərəfli saziş imzalanıb.

Sotona bildirib ki, Slovakiyaya “L-39 Skyfox” (əvvəlki adı ilə L-39NG) təyyarələrinin tədarükü ilə yanaşı, bu platforma üzrə personal və pilot təlimləri, texniki dəstək, xidmətə qəbul sonrası istismar yardımı və sənaye səviyyəsində strateji əməkdaşlıq təklif olunub. Xüsusilə Slovakiyanın “Letecké opravovne Trenčín” şirkəti vasitəsilə yerli müdafiə sənayesinin layihəyə cəlb edilməsi planlaşdırılır.

Qeyd olunur ki, Slovakiya hələ 1992-ci ildə Çexoslovakiya Hərbi Hava Qüvvələrinin bölünməsindən sonra bir neçə L-39 təyyarəsini inventarına daxil etmişdi. 2005-ci ildə isə 5 ədəd L-39CM və 2 ədəd L-39ZAM “Albatros” tipli təyyarə NATO standartlarına uyğun modernizasiya olunmuşdu. Lakin hal-hazırda bu təyyarələrin operativ vəziyyəti qeyri-müəyyəndir.

Təlim təyyarələrinin istismarında çətinliklərin yaranması Bratislavanı alternativ axtarışlara vadar edib. Slovakiya ABŞ-dən sifariş verdiyi 14 ədəd F-16C/D “Block 70” qırıcı təyyarəsinin artıq 5-ni təhvil alıb. Eyni zamanda, “L-39 Skyfox” təyyarələri ilə yanaşı, Cənubi Koreya istehsalı olan KAI FA-50 platforması da alternativ kimi qiymətləndirilir.

Slovakiya hökuməti yeni təlim və hücum təyyarələrinin alınması ilə Hərbi Hava Qüvvələrinin taktiki imkanlarını gücləndirməyi və NATO standartlarına tam uyğunluq əldə etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   L-39-Skyfox  


Bizi "telegram"da izləyin