Bu münasibətlə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb: “Ankara Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə sadiqdir. Türkiyə beynəlxalq hüququn pozulması olan Krımdakı faktiki vəziyyəti tanımır. Ukraynanın tərkibində olan Krım Muxtar Respublikası qanunsuz keçirilən referendum nəticəsində ilhaq edilib”. Türkiyə XİN qeyd edir ki, Ankara bundan sonra da Krım tatarlarının vəziyyəti ilə bağlı hadisələri izləyəcək və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəldəcək.
Krım məsələsində Türkiyənin məlumatlılığı
Məlumatlar göstərir ki, Türkiyə Krım məsələsi ilə bağlı Rusiya-Ukrayna arasında gizli danışıqlardan xəbərdardır. Türkiyə mətbuatında bu mövzuda müxtəlif məqalələr dərc edilib. Məsələn, bir məqalədə qeyd olunur: “Əgər Vladimir Putin Ukraynaya olan iddialarını tarixi arqumentlərlə əsaslandırırsa, Krım məsələsində Türkiyənin yanaşması daha əsaslıdır”.
Məqalənin müəllifi qeyd edir ki, Krım yarımadası Osmanlı İmperiyasının tərkibində üç əsrdən çox olub və Rusiyaya yalnız XVIII əsrin sonunda birləşdirilib. Rusiya imperiyasının tərkibində Krım əhalisinin əksəriyyəti tatarlar olub. 1944-cü ildə onlar tamamilə deportasiya edilib və Stalin dövründən sonra onların vətənə qayıtmaq hüququ tanınmayıb. Türkiyə XİN 2014-cü ildə Krım referendumunu qanunsuz elan edib və qeyd edib ki, yarımadanın yerli tatarları bu referendumu boykot ediblər.
Türkiyənin Ukraynadakı maraqları
Ukrayna məsələsində Türkiyənin maraqları çoxşaxəlidir. Trampın prezident seçkilərindən üç ay keçsə də, Ankara ilə Vaşinqton arasında hələ də əsaslı əlaqələr qurulmayıb. Bu, həm İsrail-Fələstin münaqişəsinin həlli, həm də Yaxın Şərqdə “yeni coğrafiya” yaradılması məsələlərinə aiddir.
Krım məsələsində tarixi hüquq və Krım tatarlarının maraqlarının qorunması ilə bağlı öhdəlikləri xatırladan Türkiyə, əslində, Rusiya-ABŞ arasında Ukrayna məsələsində əldə ediləcək razılaşmanın tam olmayacağını bildirir. Çünki bu razılaşmada Türkiyənin geosiyasi maraqları nəzərə alınmır.
Regionda “yumşaq güc” tətbiq etmək üçün Türkiyəyə Krımın Ukraynanın ərazi bütövlüyünə qaytarılması əlverişlidir. Lakin Krımın Rusiyaya ilhaqının geosiyasi motivlərindən biri də Qara dəniz və Azov regionunda Türkiyənin girişinin məhdudlaşdırılmasıdır. Axı Krım, eləcə də indiki Moldova və “Novorossiya”nın əhəmiyyətli hissəsi Rusiya tərəfindən Osmanlı İmperiyasına qarşı apardığı bir neçə müharibənin nəticəsində ələ keçirilib.
Asif Cəfərov
Ordu.az