Tramp administrasiyası verdiyi vədlərdən daha birini yerinə yetirib: İranın dəstəklədiyi Yəməndəki husi qiyamçılarına qarşı birbaşa hərbi əməliyyatlara start verib. 2023-cü ilin noyabr ayından bəri husilər İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatlarına cavab olaraq Qırmızı dəniz və Babul-Məndəb boğazında beynəlxalq ticarət gəmilərinə raket zərbələri endirir.
ABŞ-nin əvvəlki prezidenti Co Bayden husilərə qarşı bəzi tədbirlər görsə də – məsələn, beynəlxalq ticarəti qorumaq üçün “Operation Prosperity Guardian” adlı məhdud müdafiə missiyasına start versə də – Tramp administrasiyası daha sərt addımlar atıb və genişmiqyaslı hava hücumları həyata keçirib.
Təbii ki, husilər də İran istehsalı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edərək cavab zərbələri endiriblər. Lakin ABŞ Hərbi Dəniz Qüvvələri mövqelərini qorumağa nail olub və hava hücumlarını daha da gücləndirib.

“USS Harry S. Truman” aviadaşıyıcısından qalxan F/A-18E/F “Super Hornet” qırıcıları husilərə qarşı AGM-154 “Joint Standoff Weapon” (JSOW) və AGM-84H “Standoff Land Attack Missile-Expanded Response” (SLAM-ER) raketləri ilə hücumlar təşkil edib. Həmçinin, bəzi "Super Hornet” qırıcılarında “Joint Direct Attack Munition” (JDAM) sistemləri quraşdırıldığı müşahidə edilib.
Bundan əlavə, “Ticonderoga” sinfindən olan USS “Gettysburg” raket kreyseri Yəməndəki husi mövqelərinə “Tomahawk” qanadlı raketləri ilə zərbələr endirib.
İndi isə ABŞ-nin bu əməliyyatlarda istifadə etdiyi əsas silah sistemlərinə daha yaxından baxaq.
AGM-154 “Joint Standoff Weapon” (JSOW)

AGM-154 hava-yer tipli raket olaraq düşmən mövqelərinə uzaq məsafədən dəqiq zərbələr endirmək üçün hazırlanıb. Xüsusilə də husilərin geniş hava hücumundan müdafiə sistemləri quraşdırdığı nəzərə alınarsa, bu xüsusiyyət xüsusi əhəmiyyət kəsb edir. Raket nə qədər uzaq məsafədən buraxılsa, bir o qədər yaxşıdır.
Bu sistemin üç əsas variantı mövcuddur:
– AGM-154A – partlayıcı və deşici döyüş başlığına malikdir.
– AGM-154B – zirehli hədəflərə qarşı nəzərdə tutulub.
– JSOW-C – bunkerlərə və yüksək dəyərli hədəflərə qarşı istifadə üçün 500 funtluq (227 kq) döyüş başlığı ilə təchiz edilib.
Raket GPS və INS sistemlərindən istifadə edərək hədəfə yönəlir və havada süzərək məqsədinə çatır. Aşağı hündürlükdən buraxıldıqda 39 km, yüksək hündürlükdən buraxıldıqda isə 113 km-ə qədər uçuş məsafəsinə malikdir. Kiçik radar əks olunması və süzərək uçma qabiliyyəti bu raketi husilərin hava hücumundan müdafiə sistemləri üçün çətin hədəfə çevirir.
AGM-84H “Standoff Land Attack Missile-Expanded Response” (SLAM-ER)

Bu havadan buraxılan qanadlı raket “Boeing” tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələri üçün hazırlanıb. AGM-84H SLAM-ER əvvəlki “Harpoon” və AGM-84E SLAM raketlərindən daha geniş mənzil və daha yüksək dəqiqlik ilə seçilir.
– Maksimum uçuş məsafəsi 287 km-dir və bu, təyyarənin düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan raketi buraxmasına imkan verir.
– GPS və INS sistemləri ilə təchiz olunub, terminal mərhələdə isə infraqırmızı nişangah sistemindən istifadə edir.
– 500 funtluq titandan hazırlanmış partlayıcı döyüş başlığına malikdir ki, bu da bunkerlərə, gəmilərə və digər sərt hədəflərə qarşı yüksək təsir gücünə malikdir.
– Raketin “man-in-the-loop” idarəetmə sistemi operatorlara onu uçuş zamanı yönləndirmək, yeni hədəfə yönəltmək və ya məhv edilmiş hədəfdən imtina etmək imkanı verir.
Bu raket aşağı hündürlükdə uçur və radar sistemlərinə yaxalanmamaq üçün xüsusi şəkildə dizayn edilib.
“Joint Direct Attack Munition” (JDAM)

JDAM özü raket deyil, adi sərbəst düşən bombaları ağıllı, yüksək dəqiqlikli silahlara çevirən naviqasiya dəstidir.
Bu sistem GPS və INS texnologiyalarından istifadə edərək
aşağıdakı bombalara yüksək dəqiqlik qazandırır:
– Mk 84 – 907 kq-lıq bomba.
– Mk 83 – 454 kq-lıq bomba.
– Mk 82 – 227 kq-lıq bomba.
Maksimum buraxılış hündürlüyü 13,700 metrdir və bombalar 27-37 km məsafəyə qədər süzərək hədəfə çata bilər. JDAM istənilən hava şəraitində və gecə-gündüz dəqiq zərbələr endirmək qabiliyyətinə malikdir.
“Tomahawk” Qanadlı Raketləri

“Raytheon” şirkəti tərəfindən istehsal olunan bu sistem ABŞ donanmasının ən vacib hücum silahlarından biri hesab edilir.
– Maksimum uçuş məsafəsi 1,550 km-ə qədərdir (modifikasiyasından asılı olaraq).
– “Williams F107” turbofan mühərriki sayəsində 885 km/saat sürətlə uça bilir.
– GPS, INS və “Terrain Contour Matching” (TERCOM) sistemlərindən istifadə edərək hədəfə dəqiq yönəlir.
– 454 kq-lıq WDU-36/B partlayıcı döyüş başlığı ilə güclü dağıdıcı təsir göstərir.
“Tomahawk” raketləri uzaq məsafədən buraxıldığı üçün husilərin hava hücumundan müdafiə sistemlərinə yaxalanmadan strateji hədəfləri məhv edə bilir.
ABŞ-nin husi qiyamçılarına qarşı strategiyası
Tramp administrasiyası husiləri tamamilə məhv etməyi qarşısına məqsəd qoyub. Bu proses davam edərkən İsrail də Qəzza zolağında HƏMAS-a qarşı cənub cəbhəsini yenidən açır. Üstəlik, bəzi mənbələrə görə, İsrail və ABŞ İranın nüvə obyektlərinə mümkün hücuma hazırlaşır. Bu halda, husilərə və HƏMAS-a qarşı aparılan əməliyyatlar, ola bilsin ki, İranın özünə qarşı daha genişmiqyaslı hərbi kampaniyanın ilkin mərhələsidir.
Dəyanət Ağalarlı
Ordu.az