F-35 yenidən gündəmdə
Türkiyə S-400 hava müdafiə sistemlərinin alınmasından sonra çıxarıldığı F-35 döyüş təyyarəsi proqramına geri dönməyi davamlı strateji hədəf olaraq görür.
Ankara son dörd ildə Bayden administrasiyası ilə apardığı təşəbbüslərdə uğursuz olduqdan sonra, indi Tramp administrasiyası ilə bu hədəfə çatmağa ümid edir.
CAATSA ilə bağlı ssenarilər
Tramp-Ərdoğan telefon danışığından sonra Vaşinqtonda müxtəlif ssenarilər gündəmə gəlib.
Bu ssenarilərdən biri S-400 sistemlərinin bir hissəsinin işləməz hala gətirilməsidir. Lakin ABŞ administrasiyası daxilində bu addımlara dair fikir birliyi əldə edilməyib. İsrailin güclü etirazları və Yunanıstanın hava üstünlüyünü itirmə narahatlıqları, Ağ Evin yekun qərarında təsirli olacaq amillər arasındadır.
Trampın səlahiyyəti
ABŞ prezidenti, CAATSA qanununa görə, “milli təhlükəsizlik səbəbiylə” birtərəfli olaraq sanksiyaları ləğv etmək səlahiyyətinə malikdir. Lakin bu qərarın Konqres komitələrinə yalnız məlumat məqsədilə təqdim edilməsi tələb olunur, yəni Konqresin bu qərara etiraz etmək hüququ yoxdur.
Bu vəziyyət, Trampın siyasi qətiyyətindən asılı olaraq prosesi sürətləndirə bilər. Sanksiyaların ləğv edilməsi halında belə F-35 satışı üçün ABŞ Konqresinin Xarici Əlaqələr və Silahlı Xidmətlər Komitələrinin təsdiqi lazım olacaq.
Konqres daxilindəki tarazlıqların Tramp lehinə dəyişmiş olmasına baxmayaraq, Türkiyəyə qarşı şübhələr hələ də güclüdür. Son olaraq Konqresdə keçirilən iclaslarda, Türkiyənin NATO daxilindəki istiqaməti və etibarlılığı sorğulanıb. İsrailin etirazları və Yunanıstanın mümkün “hava üstünlüyü itkisi” barədə narahatlıqları, F-35 qərarının təkcə ikitərəfli münasibətlər səviyyəsində deyil, regional təhlükəsizlik tarazlıqları baxımından da əhəmiyyət daşıdığını göstərir. Bu səbəbdən, Vaşinqtondakı Yunanıstan dəstəkli “No Jets For Turkey” (Türkiyəyə təyyarə yox) lobbisi yenidən hərəkətlənməkdədir.
Türkiyənin F-35 proqramına qayıtması və CAATSA sanksiyalarının ləğvi məsələsi ABŞ-Türkiyə münasibətlərində yeni bir səhifə aça bilər. Lakin bu prosesin yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığı, regional güc balansını və NATO daxilindəki mövqeləşməni də əhatə etdiyi görünür.
Qarşıdakı aylarda Tramp administrasiyasının bu istiqamətdə atacağı addımlar, təkcə ABŞ-Türkiyə münasibətlərinin deyil, eyni zamanda regionun gələcək hərbi-strateji tarazlığının da müəyyənləşməsində həlledici rol oynaya bilər.
Sevinc Əliyeva
Ordu.az