İranın yəhudi icması Tehran, İsfahan, Şiraz və digər şəhərlərdə kütləvi etiraz aksiyaları keçirərək Fələstin müstəqil dövlətinin yaradılmasına və Qüdsün “sionist əsarətindən azad edilməsi” mübarizəsinə dəstək ifadə edib.
İran parlamentində yəhudi icmasının nümayəndəsi Dr. Homiyun Sameah Tehranda təşkil olunmuş mitinqdə çıxış edərək bəyan edib: “Dünyanın bütün azad insanları Qüdsün işğalçı rejiminə qarşı müqavimət göstərir. Azad dünya sionist rejimə qarşı dayanmalı və onun cinayətlərini pisləməlidir. Bu rejimə qarşı bütün azad insanların müqaviməti sayəsində biz müsəlmanların, yəhudilərin və xristianların həmrəyliyi olan yeni reallıq əldə edəcəyik”.
Sameah “müqavimət oxunu” salamlayaraq öz çıxışını İran yəhudi icmasının “sionist rejimini” legitim hesab etmədiyi və onun siyasi əqidəsinin yəhudilik dini ilə heç bir əlaqəsi olmadığı ilə yekunlaşdırıb. İranın yəhudi icması böyük olmasa da, “Qüdsün azadlığı uğrunda mübarizə” günündə İranın müxtəlif şəhərlərindəki yəhudilərin “sionist rejimini” pisləyən açıq çıxışlar etməsi faktı rəsmi Tehranın kifayət qədər mürəkkəb vəziyyətdə “ümummilli həmrəylik” nümayiş etdirdiyini göstərir.
Görünür, İran hakimiyyəti ölkəni daxildən partlatmaq haqqında yayılan informasiya axınlarından narahatdır. Xüsusilə də etnik kürdlərin yaşadığı bölgələrdə keçmiş günlərdə kifayət qədər narahatlıq olub. Məlumatlara görə, Qərb paytaxtlarında məskunlaşmış iranlı müxaliflər ölkənin milli azlıqlarına müraciət edərək onları öz kimliklərini açıq şəkildə bəyan etməyə çağırmaq niyyətindədirlər.
İran parlamentinin etnik yəhudi deputatı son dərəcə alt mətni olan bir şərh verib. Onun şərhinə görə, dünyada yəhudi, xristian və hətta müsəlman sionistlər var. Görünür, bu, İranda etnik qruplar arasında ziddiyyətləri qızışdırmaq cəhdlərinə qarşı yönəldilmiş təbliğatdır ki, bu da böyük ehtimalla İranın ali hakimiyyəti ilə razılaşdırılıb.
İranın dini lideri “müsəlman sionist” hesab edilir? Söhbət İsraillə əməkdaşlığını davam etdirən islam ölkələrindən gedir, yoxsa İran əhalisinin bir hissəsindən? Ola bilsin ki, İranın yəhudi icması ABŞ-nin yəhudi lobbisinin diqqətini öz və təbii ki, Tehranın problemlərinə cəlb etmək üçün etiraz aksiyaları keçirib. İran və ABŞ yəhudi dairələri arasında əlaqələr qurmaq cəhdinin də olması istisna deyil. Görünür, İranda ABŞ-dən gələn təhdidlərə çox ciddi yanaşırlar.
Asif Cəfərov
Ordu.az