Belə təəssürat yarandı ki, ABŞ prezidenti Avropanı ciddi dilemma qarşısında qoyur: ya Rusiyanın SSRİ-nin təsir zonasını bərpa etməli olduğunu qəbul etmək, ya da bu perspektivə qarşı öz gücləri ilə mübarizə aparmaq. Trampın vəzifəyə başlamasından sonrakı üç aydan çox müddətdə Avropa İttifaqında, eləcə də Fransa-Böyük Britaniya-Almaniya formatında aparılan müzakirələr göstərir ki, Avropa Rusiyanın təsir zonasını tanımır və Vladimir Putinin geosiyasi proqramlaşdırmalarına tabe olmaq niyyətində deyil. Sadə dillə desək, “Avropanın oğurlanması” baş tutmur.
Lakin bu hələ ki, yalnız siyasi müqavimətdir və təhlükəsizlik komponentləri ilə gücləndirilməlidir. Əks halda, xüsusilə Şərqi Avropa ölkələrində tamamilə fərqli əhval-ruhiyyə üstünlük təşkil edə bilər. Avropa Komissiyasının sədri Ursula fon der Leyen son vaxtlar Fransanı Avropa təhlükəsizliyinin təmin edilməsində lider rolu oynayan ölkə kimi göstərib və onun hərbi-sənaye kompleksinin potensialını nəzərdə tutub. Əlbəttə, burada Fransanın nüvə dövləti olması və qonşularını “çətir altına ala bilməsi” də vacibdir.
Ekspertlərin əksəriyyəti hesab edir ki, Avropa təhlükəsizliyinin təminatçısının əsas yükünü Almaniya öz üzərinə götürməlidir. Bu baxımdan, Almaniyanın gələcək kansleri Mersin NATO-nun ikinci ordusuna sahib olacaqları barədə bəyanatı əhəmiyyətlidir. Hazırda bu mövqedə Türkiyə dayanır ki, silahlı qüvvələrində 400 min nəfər xidmət edir və bir o qədər də ehtiyatda saxlanılır.
Avropa mətbuatının yazılarından göründüyü qədər, heç kim Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın (Avropanın aparıcı və nisbətən davamlı ölkələri bunlardır) “pan-Avropa” məsələsində ümumi məxrəcə gələ biləcəyinə dair sabit zəmanətlərə malik deyil.
Rusiyanın “Nezavisimaya qazeta”sı bildirib ki, Şərqi Avropa ölkələri bugünkü formalarında İkinci Dünya Müharibəsindən sonra yaradılıb. Nəşr siyasi kontekstdən kənar olmayaraq bildirir ki, Almaniyadan Rusiyanın qərb sərhədlərinə qədər məsafə uzaqdır, Çexiya isə həddindən artıq yaxındır. Moskvanın geosiyasi hesablamasında, görünür, hərbiləşdirilmiş Almaniya İkinci Dünya Müharibəsində itirdiklərini “bərpa etmək” istəyi duyacaq, Fransa-İtaliya, Böyük Britaniya-Fransa ziddiyyətləri də istisna deyil. Əgər belə tendensiyalar özünü göstərərsə, “pan-Avropa” reallaşmayacaq. Üstəlik, mövcud təhlükəsizlik birliyi dağıla bilər.
Avropanın parçalanması ilə bağlı Rusiya-ABŞ “gizli razılaşması” varmı? ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Trampın NATO-nu parçalamaq planına malik olduğuna şübhə edir və qlobal qeyri-sabitliyi proqnozlaşdırır. Bu mənada, Ukraynada müharibə genişlənəcəkmi, hansı istiqamətdə?
Asif Cəfərov
Ordu.az