“Dassault” “Rafale”nin Portuqaliyaya təklifindən ehtiyat edir

2025/03/1743062938.jpg
Oxunub: 421     12:08     31 Mart 2025    
ABŞ prezidenti Donald Trampın Avropanı sərt tənqid etməsi və transatlantik münasibətlərdəki qeyri-müəyyənliklər bəzi Avropa ölkələrində F-35 döyüş təyyarələrinin satın alınması ilə bağlı suallar doğurub.

Ordu.az xəbər verir ki, Kanada və Danimarkada ABŞ ilə artan gərginlik səbəbindən F-35A-nın alınması ilə bağlı qərarlar şübhə altına alınmağa başlayıb.

Almaniyadakı bəzi qruplar da “Luftwaffe”nin ABŞ istehsalı olan F-35-lər üçün verdiyi sifarişi ləğv etməsini müdafiə edir.

Almaniyanın müdafiə naziri Boris Pistorius 35 ədəd F-35A döyüş təyyarəsinin alınmasının yekunlaşdığını və bu qərarın dəyişməyəcəyini açıqlayıb.

Pistorius ABŞ-nin Almaniya üçün əvəzolunmaz müttəfiq olduğunu və bu əməkdaşlığın təkcə F-35-ə deyil, bir çox hərbi layihələrə də aid olduğunu vurğulayıb.

Danimarkada 27 ədəd F-35A döyüş təyyarəsi sifarişi ləğv edilə bilməyəcək bir mərhələyə çatıb. Parlamentin Müdafiə Komitəsinin sədri Rasmus Yarlov qeyd edib: “Mən bu qərara töhfə vermişəm, amma indi peşmanam”. Yarlov ABŞ-nin siyasi təzyiq üçün gələcəkdə bu təyyarələri sıradan çıxara biləcəyi ilə bağlı narahatlığını bölüşüb.

Kanadada müdafiə naziri Bill Bleyr 2023-cü ildə imzalanan 88 ədəd F-35A döyüş təyyarəsi sifarişinin yenidən qiymətləndiriləcəyini açıqlayıb. Lakin 16 təyyarənin ödənişi artıq həyata keçirilib və yekun qərarın apreldə keçiriləcək növbədənkənar seçkilərdən asılı olacağı bildirilir.

Portuqaliyada növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar müdafiə naziri Nuno Melonun bəyanatlarının qəti siyasət dəyişikliyi olub-olmadığı aydın deyil. Bununla belə, Melo bildirib ki, “Força Aérea Portuguesa”nın (FAP) hazırkı 28 F-16AM/BM döyüş təyyarəsini əvəz edəcək döyüş təyyarəsi F-35 olmaya bilər.

“Fərqli variantları, xüsusən də Avropa həllərini qiymətləndirmək məcburiyyətindəyik. Bu təyyarələrin Portuqaliya iqtisadiyyatına gəlir gətirib-gətirməyəcəyini də düşünməliyik”, - deyə Melo qeyd edib.

ABŞ-nin gələcəkdə F-35-lərin operativ istifadəsinə məhdudiyyətlər qoya biləcəyi ilə bağlı narahatlıqlar Lissabonun fərqli alternativlər axtarmasına səbəb ola bilər.

Bu inkişaflar fonunda Fransanın təyyarə istehsalçısı “Dassault Aviation” şirkətinin baş direktoru Erik Trappier “Rafale” döyüş təyyarəsini Portuqaliyaya təklif etməyə hazır olduqlarını, lakin prosesi diqqətlə izlədiklərini deyib.

“Gələcək həftələr və aylar ərzində baş verənləri izləyəcəyik. Bununla belə, “Rafale”nin Portuqaliyaya təklif edilməsi ideyası bizə məntiqli görünür. Portuqaliya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür və bizimlə eyni əməliyyat imkanlarına malik ola bilər”, - deyə o bildirib.

Trappier F-35 sifarişlərini ləğv edə biləcək ölkələri yaxından izlədiklərini, lakin bunun qəti bir şey demək olmadığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dassault   Rafale  


Bizi "telegram"da izləyin