İran Suriyada hansı strategiyanı izləyir?
İran devrilmiş lider Bəşər Əsədin ölkədən qaçmasından sonrakı təxminən üç aylıq müddətdə İsraillə birlikdə Suriya prezidenti Əhməd Şəraanın rəhbərlik etdiyi inqilabçı qüvvələrə ən sərt reaksiya göstərən ölkələrdən biri oldu. Başda lider Əli Xameneyi olmaqla müxtəlif rəsmilər inqilabın arxasında Qərb təxribatının olduğunu irəli sürərək “Bəəs” rejiminin yenidən hakimiyyəti ələ keçirəcəyini və ya ölkənin yenidən qanlı bir müharibəyə sürüklənəcəyini iddia etdi. Doğrudan da, ölkədəki müxtəlif dairələr Tartus və Lazkiyə ətrafında baş verən son silahlı hücumlardan məmnunluqlarını ifadə etməkdən çəkinmədi, hökumətə yaxın şəxslər və yarı-rəsmi trol ordusu hadisə ilə bağlı ciddi dezinformasiya və təbliğat fəaliyyətlərinə başladı. Təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının başlanğıcında “geri qayıtdıq” şüarı istifadə olunarkən, üsyançıların geri çəkilməsi ilə yanaşı “mülki qətliam” iddiası yayılmağa başladı.
Bununla belə, iranlı rəsmilərin Suriya ilə bağlı açıqlamalarına diqqətlə baxıldıqda müxtəlif alt mesajlar sezmək mümkündür. Xüsusilə İsrailin fəaliyyətlərini artırması İranın yeni Suriya rəhbərliyinə istiqamətlənən mesajlarının müxtəlifləşməsinə səbəb olub kimi görünür. İran xarici siyasətinin simvol şəxsiyyətlərindən olan Əli Əkbər Vəlayətinin “Suriyadan tələb gəlməsi halında yardıma hazırıq” açıqlamasını bu çərçivədə qiymətləndirmək lazımdır. Digər tərəfdən, Şəraa rəhbərliyindəki yeni hakimiyyətin indiyə qədər İsrailin fəaliyətinə qarşı soyuqqanlı davrandığı və birbaşa toqquşmadan yayındığı görünür. Lakin bu yanaşmanın nə qədər davam edəcəyi qeyri-müəyyəndir. Lakin bu vəziyyət Dəməşqin təkcə aralarında qan davası olan “Hizbullah” və Tehran kimi aktorlarla əlaqəsinə təsir etməklə qalmaz, 1980-ci illərin Əfqanıstanını xatırladan inkişaflara da səbəb ola bilər.
Tehran diqqətləri xarici siyasətə yönəltmək istəyir
Digər tərəfdən, Suriyadakı son hadisələrə görə Ankaranı məsuliyyətli hesab edən İrandan Türkiyəyə qarşı tənqidlər də artır. Oktyabr ayında “TRT Farsça” ilə bağlı sözlərinə görə TRT Baş direktoru Mehmet Zahid Sobacıya mənasız reaksiya göstərən Tehranın Ankaraya qarşı ritorikası xüsusilə dekabr ayındakı rejim dəyişikliyindən sonra daha da sərtləşib.
Türkiyə Xarici İşlər naziri Hakan Fidanın “Əl-Cəzirə”yə verdiyi müsahibədəki ifadələrinə də şişirdilmiş reaksiya göstərən iranlı rəsmilər Türkiyənin Tehrandakı səfirini İran Xarici İşlər Nazirliyinə çağıraraq izahat istədi. Ankara da buna cavab olaraq bu dəfə güzəştə getməyərək cavab tədbirləri gördü və Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü İrana qarşı beynəlxalq hadisələrin daxili siyasətdə istifadə edilməsinin düzgün olmadığı məzmununda bəyanat verdi. Həqiqətən də, İranın son dövrdə yenidən hiss etməyə başladığı maksimum təzyiq siyasətinin daxili siyasətə təsiri hiss olunur. Xüsusilə prezident Məsud Pezeşkianın Xameneyinin göstərişi ilə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıqlar olmayacağını açıqlamasından sonra vitse-prezident Cavad Zərif kimi mübahisəli bir şəxsin istefa etməsi və iqtisadiyyat naziri Əbdünnasir Himmətinin Məclis tərəfindən etimadsızlıq səsverməsi ilə uzaqlaşdırılması kimi hadisələr nəzərə alındıqda, İranın ağır daxili problemlərdən qaçmaq üçün diqqəti xaricə yönəltməyə çalışdığı görünür. Buna görə də, İran Xarici İşlər naziri Abbas Ərakçinin Suriyadakı son hadisələrlə bağlı Türkiyəni günahlandıran bəyanatları da ölkə daxilindəki fars milliyyətçi dairələrə yönəlmiş ifadələr kimi qəbul edilməlidir.
İran və terror təşkilatı PKK arasındakı əlaqə hansı səviyyədədir?
İranın Türkiyəyə qarşı sərtləşən mövqeyinin terror təşkilatı PKK ilə əlaqəsinə necə təsir edəcəyi də vacib bir sualdır. İranda bəzi dairələrin PKK-nın baş terrorçusu Abdullah Öcalanın silahsızlanma ilə bağlı bəyanatından çox məmnun olmadığı anlaşılır. Tehranın son 40 il ərzində PKK ilə əlaqələrini qorumağa çalışdığı, xüsusilə ikitərəfli əlaqələrdəki böhran dövrlərində terror təşkilatına verdiyi dəstəyi artırdığı bilinir. Buna görə də, Cənubi Qafqazdakı hadisələrdən sonra Suriya və Livandakı itkilərindən də Ankaranı məsul tutan Tehranın yaxın gələcəkdə həm təşkilatın silahsızlanma prosesinə müdaxilə etməsi, həm də buradan yeni imkanlar əldə etməsi mümkündür.
Lakin qarşıdakı aylarda ABŞ Prezidenti Donald Trampın İrana qarşı təzyiqləri artıracağı, hətta beynəlxalq mətbuata görə yay aylarına qədər başda nüvə proqramı olmaqla əsas məsələlərdə razılaşması və geri addım atması üçün ultimatum verdiyi nəzərə alındıqda, Tehranın Ankara ilə münasibətlərini ritorikada gərginləşdirsə də, praktikada daha ehtiyatlı hərəkət edəcəyini proqnozlaşdıra bilərik.
Lazkiyədə baş verənlər nəyi ifadə edir?
Nəhayət, 6 mart gecəsi Lazkiyə bölgəsində baş verən toqquşmalar yuxarıda təsvir edilən mənzərə çərçivəsində qiymətləndirilməlidir. İranın aylardır hədələdiyi əməllər və köhnə rejim qalıqlarının Suriya təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar əhəmiyyətli olsa da, strateji bir nəticə doğurmaqdan uzaqdır. İstər münaqişədən yorulmuş Suriya xalqının müxtəlif təbəqələrində “Bəəs” simpatiyasının qalmaması, istərsə də İsrail xaricindəki ölkələrin yeni hakimiyyətə qarşı mülayim mövqelərini davam etdirməsi və lider kadrlarını itirən “Hizbullah”ın aldığı zərbələrdən sonra müdaxilə imkanlarının ciddi şəkildə zəifləməsi kimi amillər birlikdə nəzərə alındıqda, İranın bu siyasətinin arxasında Şəraa hakimiyyətinə mövcudluq təhdidi yaratmaqdan daha çox “özünü xatırlatma” motivasiyasının olduğu görülə bilər. Belə ki, “Taliban”ın Kabilə girməsindən sonra oxşar ifadələr işlədən və Əhməd Şah Məsudun oğlu Əhməd Məsud rəhbərliyində “Şimal Müqaviməti”ni yaradacağını iddia edən iranlılar qısa müddətdə “Taliban” hakimiyyəti ilə ortaq məxrəc tapmışdılar, lakin buna baxmayaraq, proses zamanı hər iki tərəfdən əsgərlərin həyatını itirdiyi sərhəd toqquşmaları da baş vermişdi.
Nəticə olaraq, qlobal qeyri-müəyyənliklərin artdığı bir şəraitdə bölgənin gələcəyi haqqında qəti nəticələr çıxarmaq asan deyil. Buna baxmayaraq, İranın yaxın gələcəkdə Suriya və Livanı ikinci plana keçirərək hələ də təsir gücünə malik olduğu İraq və ölkə daxilindəki təhlükəsizliyinə diqqət yetirmək məcburiyyətində qalması olduqca məntiqli ehtimaldır. Trampın İranı hədələyən və Xameneyiyə göndərdiyini iddia etdiyi, lakin iranlı rəsmilərin “almadıq” dedikləri məktub, Tehranın əlindəki məhdud sayda kartlarını ağılla oynaması və regional sabitliyi pozan addımlardan çəkinməsi lazım olduğunu göstərir.
Asif Cəfərov
Ordu.az