Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bu hadisə Suriyada vətəndaş müharibəsi başlayandan etibarən ən qanlı zorakılıq hadisələrindən biri kimi qeydə alınıb.
Cümə axşamı baş verən toqquşmalar Əsədin devrilməsinin ardından qiyamçıların hakimiyyəti ələ keçirməsindən üç ay sonra Dəməşqdə yeni hökumət üçün böyük problem kimi qiymətləndirilir.
Hökumət rəsmiləri Əsəd tərəfdarlarının hücumlarına cavab verdiklərini bildirib və geniş yayılmış zorakılığı “fərdi hərəkətlər” kimi qiymətləndiriblər.
Cümə günü hökumətə sadiq sünni müsəlman silahlı qruplar Əsədin azlıq olan ələvi təriqətinin üzvlərinə qarşı qisas hücumları həyata keçiriblər. Bu hücumlar keçmiş hökumətin devrilməsinə səbəb olan “Heyət Təhrir əş-Şam”a böyük zərbə vurub. Ələvilər uzun illərdir Əsədin ən böyük dəstəkçilərindən biri kimi tanınırlar.
“Associated Press”ə danışan ələvi kəndlilər silahlı şəxslərin ələvi kişiləri küçələrdə və ya evlərinin qarşısında hədəfə alaraq öldürdüyünü bildiriblər. Suriyanın sahil bölgəsində yaşayan bəzi mənbələr ələvilərə məxsus bir çox evin yağmalandığını, sonra isə yandırıldığını bildirib. Təhlükəsizliyə görə adının açıqlanmasını istəməyən yerli sakinlər minlərlə insanın təhlükəsiz ərazilərə və yaxınlıqdakı dağlara qaçdığını deyiblər.
Ən şiddətli hadisələrin baş verdiyi Baniyas şəhərində cəsədlərin küçələrə səpələndiyi, bəzilərinin evlərdə və ya çardaqlarda qaldığı və heç kimin onları toplaya bilmədiyi bildirilir. Sakinlərdən biri deyib ki, silahlı şəxslər ona öldürülən beş qonşusunun cəsədini saatlarla çıxarmağa mane olublar.
İnsan Haqları Monitorinq Mərkəzi toqquşmalarda və qisas hücumlarında ümumilikdə 1000-dən çox şəxsin öldüyünü bildirib.
Sevinc Əliyeva
Ordu.az