Rusiya-Ukrayna sülh danışıqları fonunda döyüş meydanındakı real vəziyyət: Beş əsas cəbhədə kim daha üstündür?

2025/03/1741243298.jpg
Oxunub: 1019     15:20     08 Mart 2025    
Ümumilikdə, hazırda Rusiya ordusu daha üstün mövqeyə malikdir. Kreml insan resursları, silah-sursat və siyasi iradə baxımından da daha çox itkiyə tab gətirə bilir.

Ukraynada müharibəyə son qoymaq üçün sülh danışıqları ciddi şəkildə başlayarkən, şübhəsiz ki, döyüş meydanındakı vəziyyət əsas amil olacaq. Çünki hər iki tərəfin əldə etdiyi nəticələr və strateji mövqeyi danışıqlar prosesində həlledici arqumentlərə çevriləcək.

Hazırkı şəraitdə faktlar Kremlin xeyrinədir. Rusiya ordusu hücum mövqeyində, Ukrayna ordusu isə müdafiə durumundadır. Hazırda strateji təşəbbüs Rusiyanın əlindədir və döyüş meydanındakı əsas hərəkətləri Kreml müəyyən edir. Ukrayna isə Rusiya ordusunun taktiki irəliləyişlərinin qarşısını almaq üçün daha çox reaksiya verməyə məcbur olur.

Döyüş meydanına ümumi baxış

Hazırda müharibədə beş əsas cəbhə mövcuddur. Bunların dördündə təşəbbüs Rusiyanın əlindədir, yalnız birində Ukrayna təşəbbüsü saxlayır.

Rusiyanın əsas səyləri Ukraynanın ikinci böyük şəhəri olan Xarkov istiqamətində, ölkənin şərqində cəmləşib. Müharibə Araşdırmaları İnstitutunun (Institute for the Study of War) məlumatına görə, Kreml bu cəbhədə “Ukrayna qüvvələrini Belqorod vilayəti ilə beynəlxalq sərhəddən uzaqlaşdırmaq və Xarkov şəhərini adi artilleriya məsafəsində hədəfə almaq istəyir”. Münaqişənin erkən mərhələlərində Rusiya ordusu Xarkovu artilleriya atəşinə tuta biləcək qədər yaxın məsafəyə çatmışdı. Lakin Ukrayna ordusunun uğurlu əks-hücumları nəticəsində payız aylarında şəhər ətrafındakı təhlükə aradan qaldırıldı.

İkinci Rusiya cəbhəsi Ukraynanın cənub-şərqində yerləşən Luqansk vilayətindədir. Burada rus qüvvələrinin məqsədi vilayətin bütün ərazisini tamamilə ələ keçirməkdir.

Üçüncü Rusiya cəbhəsi isə Luqanskdan bir qədər cənubda, Donetsk vilayətində yerləşir. Buradakı məqsəd də vilayətin bütün ərazisini tutmaqdır. Luqansk və Donetsk vilayətləri birlikdə Donbas regionunu təşkil edir ki, bu region zəngin yeraltı sərvətlərə və əhəmiyyətli sənaye imkanlarına malikdir.

Nəhayət, cənub istiqamətində Rusiya müdafiə mövqeyindədir. Burada rus qüvvələrinin məqsədi mövcud təmas xəttini qoruyub saxlamaqdır. Bu istiqamətdə Rusiya ordusu İkinci Dünya müharibəsindən bəri ən ciddi müdafiə istehkamlarını qurub.

Ukrayna tərəfinə gəlincə, Kiyev yalnız Rusiyanın Kursk vilayətində təşəbbüsü əlində saxlayır. Avqust ayından bəri Ukrayna ordusu bu bölgədə Rusiya ərazisinə daxil olaraq ciddi ərazi nəzarəti əldə edib, nəticədə Moskva bu ərazini geri almaq üçün on minlərlə hərbçisini cəlb etməyə məcbur olub. Döyüşlər başladıqdan bəri Rusiya itirdiyi ərazilərin bir hissəsini geri qaytara bilib, lakin Sudja şəhəri daxil olmaqla əhəmiyyətli ərazi hələ də Ukraynanın nəzarətində qalır.

İtkilərin müqayisəsi

İtkilər də mühüm faktor hesab edilir. Qərb mənbələrinin hesablamalarına görə, müharibənin hazırkı mərhələsində Rusiya ordusu gündə orta hesabla 1500-dən çox insan itkisi (ölü və yaralı) verir. Ümumilikdə isə Rusiyanın bu müharibədə təxminən 863 min əsgər itirdiyi bildirilir. Bu, müharibə başlayandan bəri orta hesabla gündə təxminən 800 nəfərin itirilməsi deməkdir.

Digər tərəfdən, müdafiə mövqeyində olan Ukrayna qüvvələri daha az itki verir. Kiyevin itkilər barədə məxfilik siyasəti və Qərb ölkələrinin siyasi səbəblərlə bu barədə dəqiq rəqəmləri açıqlamaması səbəbindən Ukraynanın gündəlik itkilərinin dəqiq orta hesabını müəyyən etmək çətindir. Nadir ictimai çıxışlarından birində Ukrayna prezidenti Volodimir Zelenski bildirir ki, Ukrayna qüvvələrinin müharibənin başlanğıcından (24 fevral 2022-ci il) indiyə qədər ümumilikdə təxminən 400 min nəfər itkisi olub. Bu isə gündə təxminən 365 nəfər itki deməkdir.

Ümumilikdə götürdükdə, hazırda Rusiya ordusu daha üstün mövqedədir. Kreml insan resursları, silah-sursat və siyasi iradə baxımından daha çox itkiyə davam gətirmək imkanına sahibdir.

Digər tərəfdən, Ukrayna hələ ki, beynəlxalq koalisiyanın dəstəyinə malikdir. Hərçənd bu dəstəyin davamlılığı sual altındadır, amma məhz bu beynəlxalq dəstək Ukraynanı döyüş qabiliyyətli vəziyyətdə saxlayır. Bundan əlavə, hər iki ordunun birbaşa müqayisəsində Ukrayna hərbi qüvvələri daha effektiv görünür. Ancaq hər iki tərəf də müharibədən yorulub və məqsədlərinə danışıqlar yolu ilə daha tez nail ola biləcəklərini düşünürlər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Sülh  


Bizi "telegram"da izləyin