“Gravehawk”lar Ukraynada müharibənin gedişatını dəyişə bilər? O, R-73 raketlərini yer-hava tipli raketlərə çevirir?

2025/03/1741242546.jpg
Oxunub: 831     13:27     08 Mart 2025    
“Gravehawk” sistemi Ukraynaya Sovet dövründən qalan raket ehtiyatlarını mürəkkəb logistika və yeni silah istehsalına ehtiyac duymadan yenidən istifadə etməyə imkan verir.

Son günlər Ukrayna-ABŞ münasibətləri ciddi şəkildə pisləşib. Bu vəziyyət, Rusiya ordusunun şərq istiqamətində son dövrlərdə əldə etdiyi hərbi uğurlarla birlikdə, Kiyevin Rusiya üzərində hərbi qələbə qazanmaq perspektivlərini daha da zəiflədir.

Bu görünən geosiyasi çətinliyə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri mübarizəni əzmlə davam etdirəcəklərinə söz veriblər. Bu məqsədlə ötən həftə Böyük Britaniyanın Ukraynaya təqdim etdiyi yeni “Gravehawk” silah sistemi haqqında çoxlu xəbərlər yayıldı. Ukrayna mətbuatı xüsusilə “Gravehawk” sistemi ilə bağlı xəbərləri böyük həvəslə qarşıladı.

Əsas məqamlar

15 fevral tarixində “Newsweek” jurnalından İsa Mesa xəbər bildirib ki, adi yük konteynerinə bənzəyən “Gravehawk” hava müdafiə sistemi artıq Kiyevə çatdırılır: “Böyük Britaniya Ukraynaya yeni hava hücumundan müdafiə sistemi olan “Gravehawk”ı təqdim etməyə başlayıb. Bu sistem Sovet dövründən qalmış raketləri müasir yer-əsaslı platformaya inteqrasiya edir və adi yük konteynerinə bənzəyən şəkildə maskalanır...”.

Böyük Britaniya Müdafiə Nazirliyinə görə, artıq iki “Gravehawk” qurğusu Ukraynaya çatdırılıb və aktiv istifadəyə verilib. İl ərzində əlavə olaraq 15 ədəd sistemin də çatdırılması nəzərdə tutulur... “Bu sistem Ukraynanın əlindəki raketlərdən istifadə edərək Rusiya raketləri və Pilotsuz Uçuş Aparatlarını (PUA) məhv edə bilər. O, Ukraynanın mövcud hava hücumundan müdafiə sistemlərini tamamlayır”, - deyə Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmisi Brüsseldə bildirib.

“Gravehawk” sisteminin yaranma tarixi və texniki xüsusiyyətləri:

Əslində “Gravehawk” sistemi Sovet istehsalı olan hava-hava raketinə əsaslanır. Bu raket “Vympel” R-73 (NATO kod adı: AA-11 “Archer”) raketidir ki, ilkin dizayn mərhələsinə 1973-cü ildə başlayıb və 1984-cü ildən Sovet və Varşava Müqaviləsi ölkələrinin hərbi hava qüvvələrinin istifadəsinə verilib. R-73 raketi daha köhnə “Molniya” R-60 (AA-8 “Aphid”) raketlərinin yenilənmiş variantı kimi hazırlanıb.

Son bir il ərzində hazırlanmış “Gravehawk” sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, o, hava-hava tipli R-73 raketlərini yer-hava tipli raketlərə çevirir. Standart yük konteynerinə yerləşdirilən bu sistem mövcud nəqliyyat infrastrukturu vasitəsilə gizli şəkildə yerləşdirilə bilir. Bu yenilik nəticəsində Ukrayna mürəkkəb logistika və yeni silah istehsalına ehtiyac duymadan Sovet dövründən qalan raket ehtiyatlarını yenidən istifadə edə bilir. Başqa sözlə, mövcud imkanlardan maksimum istifadə imkanı yaranır.

“Army Recognition” portalının məlumatına görə “Gravehawk” raketlərinin texniki xüsusiyyətləri belədir:

Uzunluq: 2,93 metr (9,61 fut)
Diametr: 165 mm (6,4 düym)
Qanad açılımı: 510 mm (20 düym)
Ümumi çəkisi:105 kiloqram (231 funt)
Döyüş başlığı: 7,4 kiloqram (16,3 funt)
Mənzili: 30 kilometr (18,6 mil)
Sürəti: Mach 2.5 (təxminən 3087 km/saat)

Gələcək perspektivlər necə olacaq?

“Gravehawk”ın Ukraynaya təhvil verilməsi Böyük Britaniyanın Ukraynaya ayırdığı daha geniş hərbi yardım paketinin yalnız bir hissəsidir. London həmçinin Ukraynaya ümumi dəyəri 4,5 milyard funt sterlinq (təxminən 5,68 milyard ABŞ dolları) olan hərbi yardım paketi ayırıb. Bu paketdə əlavə hava-hava raketləri, tanklar, artilleriya qurğuları, 10 min PUA və yüz minlərlə mərmi də mövcuddur.

Bəlkə də bu addım NATO-nun Avropalı üzvlərinin öz qitələrinin təhlükəsizliyi üçün daha böyük məsuliyyət götürməsi və Ukrayna münaqişəsində ABŞ-dən həddindən artıq asılılığını azaltması yönündə atılan konkret addımdır. Bu məsələ ilə bağlı NATO-nun Baş katibi Mark Rutte də NATO ölkələrinin müdafiə xərclərini artırması ilə bağlı fikirləri təsdiqləyib. Üstəlik, bu ayın əvvəlində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də Aİ üzv ölkələrinin müdafiə məqsədləri üçün daha çox büdcə ayırmasına imkan verən maliyyə qaydalarının yumşaldılmasını təsdiq edib.

Bu səylərin effektiv olub-olmayacağını isə zaman göstərəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gravehawk   Ukrayna  


Bizi "telegram"da izləyin