Rusiya ordusunun təcrübəli hərbçiləri tükənmək üzrədir və bu səbəbdən Moskva Ukraynadakı "xüsusi hərbi əməliyyat"ını davam etdirmək üçün müqavilə ilə xidmət edən əsgərlərə bel bağlamağa məcbur qalıb.
Təcrübə çatışmazlığı
Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna müharibəsi haqda açıqladığı son kəşfiyyat hesabatında bildirib ki, rus komandirlər 2022-ci ildə səfərbər edilmiş əsgərləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağa məcbur edirlər. Bu barədə müstəqil rus xəbər agentliyi "Verstka" məlumat yayıb.
Nazirlik əlavə edib ki, rus əsgərlərinə təqdim edilən müqavilələr rəsmi olaraq bitmə tarixlərinə malik olsa da, əslində müddətsiz ola bilər. Müqavilə imzalamaqdan imtina edənlər isə sağ qalma ehtimalı cəmi 10-15 faiz olan "ətçəkən hücumları" adlanan əməliyyatlara göndərilməklə təhdid edilir.
Kreml bu müddət ərzində qüvvələrin yenilənməsi üçün əhəmiyyətli səfərbərlik potensialı nümayiş etdirib. Məsələn, keçən il Rusiya ordusu, yarımhərbi birləşmələr və rusiyapərəst separatçı qüvvələr döyüşlərdə təxminən 400 min insan itiriblər (ölü və yaralı olaraq). Ancaq Kreml müxtəlif səfərbərlik tədbirləri hesabına, demək olar ki, bu itkiləri birə-bir nisbətində əvəz etməyə nail olub.
Amma bu qədər yüksək səviyyəli itkilərin ağır nəticələri var. Rusiya ordusunda kifayət qədər təcrübəli hərbçi qalmayıb. Veteran və peşəkar qüvvələrin çatışmazlığı nəticəsində ruslar döyüş meydanında hərəkət azadlığından məhrum olur. Buna görə də Rusiya ordusu artilleriya, hava qüvvələri və quru qoşunlarının birlikdə hərəkət etdiyi geniş miqyaslı kombinə edilmiş əməliyyatları effektiv şəkildə keçirə bilmir.
Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın səfərbər edilmiş əsgərləri müddətsiz müqavilələr imzalamağa məcbur etməsi, çox güman ki, böyük ölçüdə təcrübəli əsgər çatışmazlığı ilə əlaqəlidir. Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən etibarən təxminən 860 min nəfər ölü və yaralı itki verib. Bu isə orduda daha yüksək hazırlığı olan əsgərlərin sayını ciddi şəkildə azaldıb.
Rusiyanın itkiləri yeni itkilərə yol açır
Hazırda Rusiya ordusu qapalı dairəyə düşüb. Prezident Vladimir Putinin tətbiq etdiyi müharibə strategiyası komandirləri cəbhə xəttinin müxtəlif istiqamətlərində daim hücum təzyiqi saxlamağa məcbur edir. Başqa sözlə, Kreml ərazi əldə etmək üçün öz əsgərlərinin həyatını qurban verir.
Bu strategiya müəyyən mənada işləyir. Son bir neçə ay ərzində Rusiya qüvvələri Ukraynada yüzlərlə kvadrat mil ərazi ələ keçirib, lakin bunun əvəzində yüz minlərlə əsgər ölüb və yaralanıb.
Digər tərəfdən, bu itkiyə əsaslanan strategiya nəticəsində əsgərlər döyüş meydanında lazımi təcrübəni qazana bilmir. Çünki bütün sistem ərazi uğrunda insan həyatının dəyişdirilməsi üzərində qurulub. Təcrübəsiz əsgərlər isə daha çox itkiyə məruz qalırlar. Bundan əlavə, əgər cəbhə xəttindəki hissələri müntəzəm olaraq rotasiya edən ukraynalılar böyük miqyaslı əks-hücuma keçə bilsələr, Rusiya ordusu ciddi çətinliklərlə üzləşə bilər.
Rusiya rəhbərliyi, eyni zamanda, belə tədbirlərin ölkə daxilində qeyri-populyar olan əlavə səfərbərlik ehtiyacını azaldacağına inanır. Putinin 2022-ci ildə qismən səfərbərlik elanından sonra yüz minlərlə gənc və təhsilli rus ölkəni tərk etməyə üstünlük verdi. Bu isə uzunmüddətli perspektivdə Rusiyanın əmək bazarında ciddi problemlər yaradıb.
Ən əsası isə, Rusiyanın indiyə qədər müharibədə əldə etdiyi nisbi uğurunun əsas səbəbi Ukraynadan daha çox sayda hərbçini döyüş meydanına çıxarmaq qabiliyyəti olub. Əgər Moskva itkilərinin yerini doldurmaq üçün kifayət qədər səfərbər edilmiş əsgər cəlb edə bilməsə, müharibənin gedişatı Kreml üçün mənfi istiqamət ala bilər.
Asif Cəfərov
Ordu.az