Yunanıstanın “Mirage 2000-5” parkının başına nə gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır

2025/02/1740212473.jpg
Oxunub: 510     17:20     25 Fevral 2025    
Yunanıstan Hərbi Hava Qüvvələri (HHQ) əməliyyat səmərəliliyini artırmaq üçün “Rafale”, F-16 “Viper” və ən azı 20 ədəd F-35A döyüş təyyarəsindən ibarət olan üç növ təyyarədən istifadə etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu strategiyaya uyğun olaraq inventarda olan bəzi köhnə model təyyarələrin istismardan çıxarılması gündəmə gəlib.

Bu vəziyyət hazırda Yunanıstanın ixtiyarında olan 24 ədəd “Mirage 2000-5”in gələcəyi ilə bağlı suallar yaradır.

Ötən il Yunanıstanın Müdafiə Nazirliyinin bu təyyarələri ikinci əl bazarına təklif etməyi düşündüyü bildirilmişdi.

“Mirage 2000-5”lər hələ də əməliyyat potensialına malik olduğundan, satışdan əldə olunan gəlirlə əlavə “Rafale” təyyarələrinin alınması planlaşdırılırdı. Lakin Hindistanla danışıqlara baxmayaraq, bu məsələdə razılıq əldə olunmayıb.

Yunanıstanın aparıcı qəzetlərindən biri olan “Kathimerini” Fransa prezidenti Emmanuel Makronun Ukraynaya “Mirage 2000-5F” təyyarəsi bağışlamaq qərarından sonra Afina rəhbərliyinin Parisdən addım gözlədiyini iddia edib.

Maraqlıdır ki, Fransa HHQ-nin inventarındakı “Mirage 2000-5F”lərdən fərqli olaraq, Yunanıstanın sahib olduğu modellər “hava-yer “hücum qabiliyyətinə malikdir.

2024-cü ilin iyununda Yunanıstan Ukraynaya “Mirage 2000-5” təyyarələrinin göndərilməsi variantını açıq şəkildə rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   HHQ   Mirage-2000-5  


Bizi "telegram"da izləyin