Türkiyə “ən yüksək liqa”da çıxış edəcək – Trampla Putin Qəzza ilə bağlı razılıq əldə edib?

2025/02/1739524005.jpg
Oxunub: 586     14:39     14 Fevral 2025    
İndoneziya Baş naziri ilə danışıqların sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1967-ci il sərhədlərinə malik olan və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılmasının artıq təxirə salına bilməyəcəyini açıqlayıb. Ötən gün ABŞ prezidenti Donald Tramp İsraili müharibədən əvvəlki sərhədlərinə qaytarmaq siyasətini tənqid edib.

ABŞ prezidentinin Qərb mətbuatının təqdim etdiyi çıxışında ərəb nifrətinin açıq-aşkar təzahürlərini müşahidə etmək olar. O, yəhudi xalqını səhraları çiçəklənən bağlara çevirməkdə göstərdikləri zəkaya, əzmkarlığa görə tərifləyib və sual verib: “Bəs fələstinlilər və ya Qəzzada yaşayanlar nə ediblər?”.

Tramp Qəzzadan yəhudi sakinlərin təxliyəsi qərarını səhv adlandırıb. Onun sözlərinə görə, bu, sahil anklavının HƏMAS-ın hakimiyyəti altına keçməsinə səbəb olub. Bununla bağlı İsrail mətbuatı Trampın Ağ Evdə İordaniya kralı II Abdullahla görüşdüyünü və sonuncunun Qəzza zolağından müalicəyə ehtiyacı olan minlərlə fələstinli uşağı qəbul edəcəyinə söz verdiyini yazıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisi də Qəzzanın “yenidənqurma” planını qismən dəstəklədiyini bildirib. O, ABŞ-nin yeni administrasiyası ilə “daimi müzakirələr apardığını” söyləyib. ABŞ prezidenti sanki Qəzzanı “əsaslarına qədər sökmək və yenisini inşa etmək” məsələsində radikal mövqe tutub. O, Fələstin anklavına sahib çıxmağın, daha doğrusu, həmin əraziləri pulsuz almağın “qaçılmazlığından” danışıb.

Türkiyə prezidenti isə prinsipialdır, müstəqil Fələstin dövlətinin elan edilməsi və onun sərhədlərinin müəyyən edilməsi məsələsini beynəlxalq siyasi gündəmə gətirməyə çalışır. Rusiya-ABŞ münasibətlərində “ilk ərimə” xəbərləri fonunda Ərdoğanın Trampa qarşı çıxması çox diqqət çəkir. Eyni zamanda, Vaşinqtonla Moskva arasında ilk ictimai əlaqənin Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin Moskvaya səfəri zamanı baş tutması əlamətdardır.

Bu isə onu göstərir ki, tərəflər Yaxın Şərq nizamlanması ilə bağlı məsələləri də müzakirə edirlər. Vladimir Putinin Qəzzaya sahiblənmək məsələsində Trampı üstüörtülü şəkildə dəstəkləməsi heç də mümkünsüz deyil. ABŞ-nin “işgüzar” prezidenti bunu Rusiyanın Ukrayna ərazilərini işğal etməsini de-fakto tanıması ilə kompensasiya edə bilər. Türkiyənin Gələcək Partiyasının lideri, keçmiş Baş nazir və xarici işlər naziri Əhməd Davudoğlu yaranmış vəziyyətə əlavə intriqa verib.

O, Qəzza əhalisinin referendum keçirməsi və Türkiyənin himayədarlığını qəbul etməsi fikrini ifadə edib. Davudoğlu bəyan edib ki, Osmanlı İmperiyası Fələstin üzərində son qanuni hakimiyyət olub və Türkiyənin Qəzzanı xüsusi muxtar bölgə kimi ilhaq etmək hüququ var. Davudoğlu ABŞ prezidenti ilə uzaqdan debata daxil olub və ona sevimli sionistlərini ABŞ-nin torpaqlarında yerləşdirməyi təklif edib. O bildirib ki, Trampın əsl məqsədi Qəzzada və Aralıq dənizi sahillərində qaz ehtiyatlarını ələ keçirməkdir.

O, təbii ehtiyatlardan istifadəni fələstinlilərin qanuni haqqı hesab edib. Qərb şərhçilərindən biri Tramp-Putin telefon danışığını “danışıqlara başlamaq üçün ilkin zəng” adlandırıb. Türkiyə mətbuatının məlumatına görə, ABŞ prezidenti Ağ Evdəki yaxın ətrafına Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Saudun iştirakı ilə Putinlə görüşə biləcəyini bildirib və artıq bununla bağlı ilkin razılaşma mövcuddur.

Rusiya-ABŞ danışıqları yaxın gələcəkdə başlasa belə, uzun müddət davam edəcək və Yaxın Şərq nizamlanması da daxil olmaqla, digər məsələlər də müzakirə ediləcək. Böyük ehtimalla, Türkiyə geosiyasi oyunçuların “ən yüksək liqası”nda təmsil olunacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin