TSQ-nin Ədən körfəzindəki missiya müddəti uzadılıb

2025/02/1738746890.jpg
Oxunub: 483     16:13     05 Fevral 2025    
Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi, Somali sahilləri, Ərəbistan dənizi və ətraf bölgələrdəki hərbi dəniz ünsürlərinin xidmət müddətinin 2025-ci il fevralın 10-dan bir il müddətinə uzadılması ilə bağlı prezident təklifi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilib.

Ordu.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı memorandumda 2008-2021-ci illər arasında dəniz quldurluğu və silahlı soyğunçuluğa qarşı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edildiyi xatırladılıb.

TBMM-in 2009-cu il 10 fevral tarixli qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin mənsublarının bölgədə xidmət etməsinə icazə verildiyi və bu müddətin sonuncu dəfə 2024-cü il yanvarın 17-də daha bir il uzadıldığı bildirilib.

Memorandumda Türkiyə Silahlı Qüvvələrinin dəniz ünsürləri ilə bölgədə üzən Türkiyə bayraqlı və Türkiyəyə bağlı ticarət gəmilərinin təhlükəsizliyini təmin etdiyi, dəniz quldurluğu, silahlı soyğunçuluq və dəniz terrorizmi ilə mübarizə əməliyyatlarında fəal iştirak etdiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ədən-körfəzi  


Bizi "telegram"da izləyin