KXDR-dən Kurska: Ukrayna müharibəsinin genişlənən təsir dairəsi nədən xəbər verir?

2025/02/1738673528.jpg
Oxunub: 791     14:28     05 Fevral 2025    
Noyabr ayı etibarilə sahəyə yerləşdirilmələri bəlli olan Şimali Koreya hərbi qulluqçuları Ukrayna, Cənubi Koreya, ABŞ mənbələri tərəfindən izlənilir və onların sayının 10 min ilə 12 min arasında olduğu bildirilir. Əksəriyyəti Pxenyanın “Fırtına Korpusu” kimi tanınan 11-ci Korpusuna aid olan bu qüvvələrlə bağlı Moskva və ya Pxenyan tərəfindən hələlik rəsmi açıqlama verilməməsi öz daxilində bir çox qeyri-müəyyənliklər yaradır.

Ötən ay Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin verdiyi açıqlamada sahədəki vəziyyətin Şimali Koreya qüvvələri üçün çox da sərfəli olmadığı bir şəkil çəkildi. Açıqlamada Ukraynada rus hərbi qulluqçular ilə birlikdə döyüşən Şimali Koreya birliklərinin ciddi itkilər verdiyi, bu birliklərin “asanlıqla sərf edilə bilən” strukturlar kimi istifadə edildiyi və cəmi bir həftə ərzində mindən çox hərbi qulluqçunun öldüyü və ya yaralandığı bildirilib.

Bundan əlavə, açıqlamada bu hərbi qulluqçuların Ukrayna qüvvələrinə təslim olmaqdansa, özlərini öldürməyi üstün tutduqları və bu vəziyyətin Şimali Koreya rəhbərliyinin hərbi qulluqçuların əsir düşəcəkləri təqdirdə ailələrinə qarşı qisas alacaqlarından qorxmasından qaynaqlandığı vurğulanıb. Bu açıqlama Şimali Koreyanın əsas motivasiyasını və Rusiya ilə münasibətlərinin miqyasını şübhə altına almaqda yeni bir səhifə açır.

Rusiya-Şimali Koreya ittifaqı tərəflərə nə gətirir?

Məlum faktdır ki, Şimali Koreya ilə Rusiya arasında 2024-cü ildə imzalanan və tərəflərdən birinə hücum zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi əlaqələrə yeni sürət verib. Bu müqavilə iki “revizionist” dövlətin birləşməsini təmsil etməklə yanaşı, həm də hər iki ölkənin mənafeyinə xidmət edən “qazan-qazan” strategiyasına işarə etdi.

Rusiyanın Şimali Koreyaya verdiyi ərzaq, enerji, hərbi texnologiya və siyasi dəstək iki ölkə arasında əməkdaşlığın konkret göstəriciləridir. Uzun müddət döyüş təcrübəsi olmayan Şimali Koreya hərbi qulluqçularının Ukrayna sahəsində olması, burada əldə edəcəkləri təcrübə və yeni nəsil müharibə strategiyaları ilə bağlı qazanclar gələcəkdə mümkün Cənubi Koreya-Şimali Koreya gərginliyi halında hərbi qulluqçulara strateji üstünlük təmin etmək potensialına malikdir.

Bundan əlavə, Ukrayna sahəsində pilotsuz uçuş aparatları, hücum helikopterləri və haubitsalar kimi platformalardan geniş istifadə edilməsi və bu inventarların Şimali Koreya hərbi qulluqçuları tərəfindən müşahidə edilməsi ordunun taktiki və strateji potensialını artıra bilər. Bütün bunlara Cənubi Koreya kəşfiyyatının Moskvanın Pxenyana hər hərbi qulluqçuya görə ayda 2000 dollar ödəməsi ilə bağlı iddiası və Rusiyanın hərbi texnologiyalarına çıxış potensialını da əlavə etdikdə, bu sahədə mövcudluğun Şimali Koreya üçün əhəmiyyətli qazanclar ehtiva etdiyini söyləmək olar.

Moskva nöqteyi-nəzərindən personal itkilərinin çox olduğu bir vaxtda əlavə xarici insan qüvvəsi, şübhəsiz ki, mühüm dəstəkdir. Bu vəziyyət Ukraynanın Qərb müttəfiqlərinin hələ də müharibəyə fiziki personalı cəlb etmədiyi bir şəraitdə Rusiyanın hərbi gücünə operativ və mənəvi töhfə vermək potensialına malikdir.

Bundan əlavə, uzunan müharibənin kölgəsində beynəlxalq arenada tək qalan və sanksiyalara məruz qalan Rusiya imicindən kənarda sistemin müxtəlif mərkəzlərindəki aktorlarından dəstək alan Rusiyanın portreti Moskvanın oyunda qalması üçün motivasiya kimi qiymətləndirilə bilər. Hər iki tərəfin əldə etdiyi bu qazanclar qısa müddətdə sərfəli görünsə də, nəticənin gətirəcəyi balansı proqnozlaşdırmaq üçün hələ tez olduğunu unutmaq olmaz.

Sərhədsiz dostluq və strateji neytrallıq oxunda Çinin yol xəritəsi

Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən strateji mövqeyi ən çox maraq doğuran aktorlardan biri də Çin Xalq Respublikası olub. Müharibədən əvvəl Vladimir Putin-Si Cinpin sammitində xüsusilə vurğulanan “sərhədsiz dostluq” diskursunun Pekinin Moskva ilə münasibətlərində mühüm dönüş nöqtəsi olarkən, Ukrayna böhranı Çin üçün kritik bir sınaq oldu.

Müharibənin başlaması ilə Çin neytral mövqe tutmağa və vasitəçilik təşəbbüslərini vurğulamağa çalışarkən, öz balans siyasətini ciddi şəkildə qorudu. Bu kontekstdə Çin Birləşmiş Millətlər Təşkilatında işğalı pisləyən qətnamələrdən uzaq duraraq və Rusiyaya birbaşa hərbi üstünlük təmin edə biləcək yardımlardan qaçaraq, diqqətəlayiq balanslaşdırma siyasəti həyata keçirib. Bununla belə, Çinin Rusiyanın müharibədə istifadə edə biləcəyi ikili təyinatlı (hərbi-mülki) məhsullar verdiyinə dair iddialar və NATO-nun genişlənməsini müharibənin reallıqlarından biri kimi irəli sürməsi Moskvaya dolayı yolla legitimlik təmin etmək kimi şərh edilib.

Şimali Koreya ilə Rusiya arasında artan müdafiə əməkdaşlığı bu strateji mənzərənin digər mühüm elementini təşkil edir. Çinin Şimali Koreya ilə 1960-cı illərdən etibarən davam edən müdafiə əlaqələri və ölkənin xarici ticarətində təxminən 90 faiz payı bu tənliyin təməl daşlarından biridir. Bu, Şimali Koreyanın Çin və Rusiya arasındakı mövqeyini tarazlaşdırır və Moskva-Pxenyan münasibətlərinin çatdığı səviyyədən asılı olmayaraq, Çinə ciddi strateji özünəinam verir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ukraynada Rusiya üçün döyüşən Şimali Koreya hərbi qulluqçuları ilə bağlı suala cavab olaraq bunun iki ölkə arasında daxili məsələ olduğunu bildirib. Belə görünür ki, Pekin məsələ ilə bağlı rəsmi mövqe nümayiş etdirməkdən yayınır. Çinin qlobal iqtisadiyyatdakı mövqeyini qorumaq və Qərb ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirmək motivasiyası belə orta yol strategiyasının həyata keçirilməsində həlledici görünür.

Bundan başqa, Pekinin Cənubi Koreya ilə açdığı yeni səhifənin ikitərəfli əlaqələrin inkişafına mənfi təsir göstərəcəyindən narahatlığı da bu münasibətdə mühüm rol oynayır. Ancaq Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ-nin Şimali Koreyaya təsir imkanlarından istifadə edərək, Çinin müharibəni qızışdırmasının qarşısını almaq çağırışları cavabsız qalıb və neytral qalmaq strategiyası yenidən davamlı mövqe kimi qəbul edilib.

Bu məqamda aydın olur ki, ABŞ və onun Asiya-Sakit okean regionunda müttəfiqləri artıq Moskva-Pekin münasibətlərini diqqətlə izləyir və Ukraynada Pxenyan-Moskva əməkdaşlığının mövcudluğunu yeni təhlükə kimi qiymətləndirirlər. Bunun əksinə olaraq Pekin bu strateji xaosda fəal rol almaqdan şüurlu şəkildə çəkinir. Qarşıdakı dövrdə Çinin Ukrayna müharibəsi ilə bağlı hazırkı mövqeyini saxlaması, Rusiya ilə hərtərəfli strateji tərəfdaşlığının balansını qoruması və Qərblə ticarət əlaqələrində böyük fasilədən qaçması gözlənilir.

Bununla belə, Pekinin Trampın ikinci dövründə yenidən gündəmə gələ biləcək Şimali Koreya-ABŞ yaxınlaşmasını da yaxından izləyəcəyi gözlənilir. Bütün bu hadisələr göstərir ki, Çin regional və qlobal strategiyalarında çeviklik və ehtiyatlılıq arasında tarazlıq axtarmağa davam edəcək.

Cənubi Koreyanın strateji narahatlığı

Cənubi Koreya Şimali Koreya ilə Rusiya arasında artan müdafiə əməkdaşlığının Ukraynadakı döyüş meydanına təsirini təhlükəsizliyə ciddi təhdid kimi görən ölkələrdən biridir. Moskva və Pxenyan arasında müdafiə yönümlü tərəfdaşlığın Şimali Koreyanın hərbi texnologiyasını, kəşfiyyatını və taktiki imkanlarını artırmaqla, Cənubi Koreyanın təhlükəsizlik balansına mənfi təsir göstərməsi potensialı Seul hökuməti tərəfindən yaxından izlənilir. Cənubi Koreya bu əməkdaşlığı məhdudlaşdırmaq üçün son iki ayda Şimali Koreya ilə işləyən Rusiya təşkilatlarına qarşı sanksiyalar tətbiq etsə də, bu addımlardan kənarda daha kəskin siyasət yürütdüyü görünmür.

Şimali Koreya hərbi qulluqçularının Ukraynada olması Cənubi Koreyanın müdafiə sənayesi məhsullarının dolayı yolla bu hərbi qulluqçulara qarşı istifadəsinə zəmin yaradır ki, bu da iki Koreya arasında bir növ vəkalət müharibəsinə işarə edir. Bununla belə, Cənubi Koreya qanunları aktiv münaqişə zonalarına silah ixracını qadağan edərək, onun Ukraynaya birbaşa hərbi yardım göstərməsinə mane olur. Bu qanuni məhdudiyyətlərə görə Cənubi Koreya, ehtimal ki, qarşıdakı dövrdə NATO, ABŞ və digər Qərb tərəfdaşları ilə diplomatik əməkdaşlığı dərinləşdirməklə, Şimali Koreyanın Ukraynadakı mövcudluğunu məhdudlaşdırmağa çalışacaq.

Seulun, həmçinin Moskva ilə birbaşa əlaqə quraraq, Şimali Koreyanın əldə etdiyi strateji qazancları məhdudlaşdırmaq üçün səyləri artıracağı gözlənilir. Bu məqamda dekabrın əvvəlində Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi və ölkədə hələ də tam şəkildə siyasi sabitliyə nail olunmaması diqqətə alınmalı başqa bir hadisədir. Bu vəziyyət Cənubi Koreyanın daxili siyasi çətinliklərinin onun xarici siyasət qərarlarına təsir göstərməsi riskini də özü ilə gətirir.

Şübhəsiz ki, Ukrayna münaqişəsi zonasındakı dinamika Cənubi Koreya və Çindən kənarda bir çox aktorlar üçün strateji qeyri-müəyyənliklər yaradır. Bu məqamda mövcud vəziyyətin Rusiya və Şimali Koreyaya verdiyi üstünlüklər təkcə Asiya-Sakit okean regionunda güc balansını deyil, həm də qlobal sistemin istiqamətini formalaşdırmaq potensialına malikdir. Mövcud konyuktura regional aktorların strateji hesablamalarını çətinləşdirsə də, qarşıdakı dövrdə beynəlxalq münasibətlərdə daha genişmiqyaslı geosiyasi transformasiyalar üçün zəmin hazırlandığını da ortaya qoyur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin