Trampın gücü “fəsil dəyişiklikləri”nə səbəb ola bilər?

2025/01/1737449726.jpg
Oxunub: 931     14:30     21 Yanvar 2025    
Artıq ABŞ-nin 47-ci prezidenti Donald Tramp 4 illik fasilədən sonra Ağ Evə qayıdıb və vəzifəsinin icrasına başlayıb. Bəlkə də belə bit nəticəyə gəlmək üçün bütün əsaslar var ki, Ağ Evə qayıdan Tramp nə qədər eynidirsə, o qədər də yenidir.

Əgər 2016-cı il prezident seçkilərində Trampın Hillari Klintona qarşı qələbəsi Trampın müəyyən dərəcədə sistemdən kənar namizəd olması və hətta Respublikaçılar Partiyasının belə ciddi dəstəyini qazanmaması səbəbindən tamamilə gözlənilməz idisə, 2024-cü il seçkilərində əslində “sistem Trampı” iştirak edirdi. Bu, bəlkə də Respublikaçılar Partiyasının öz namizədi ilə təkcə prezident seçkilərində deyil, həm də Konqresin hər iki palatasında çoxluq qazanmasında əksini tapıb.

Eyni zamanda, noyabrın 5-dən sonra administrasiyasının əsas vəzifələrinə namizədləri elan edən Tramp öz komandasının müəyyən ideoloji istiqamətini - sağ-mühafizəkarlığı açıqlayıb ki, bu da xristian dəyərlər sisteminin açıq şəkildə mövcudluğu ilə müşayiət olunur. Üstəlik, bu hal seçki kampaniyası zamanı da özünü büruzə verdi.

Diqqətçəkən başqa bir məqam Trampın andiçmə mərasiminə dəvət olunan dövlət və siyasi xarici xadimlər, xüsusən də Avropadan dəvət olunanlar arasında sağçı mühafizəkarlığın üstünlük təşkil etməsidir. Məsələn, o, Avropa liderlərindən İtaliyanın Baş naziri Corciya Melonini, Macarıstanın Baş naziri Viktor Orbanı, Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələrdən isə əslində hazırkı hakimiyyətə müxalif olan, yenə də sağ-mühafizəkar ideologiyayanı qəbul edən qüvvələrin liderlərini dəvət edib.

Bunlar Trampın prezidentliyi dövründə Vaşinqtonun xarici siyasət strategiyasının “ağırlıq mərkəzləri”ndə əhəmiyyətli dəyişikliklər ola biləcək xarakterik hallardır. Bunlar, öz növbəsində, təbii olaraq həm Avropada, həm də müxtəlif digər əsas regionlarda “fəsil dəyişiklikləri”nə səbəb ola bilər, ona görə də praktiki olaraq bütün ölkələrdə bunlara böyük diqqət tələb olunur.

Yeri gəlmişkən, kəskin hava şəraiti ilə əlaqədar Trampın andiçmə mərasimi qapalı şəraitdə, qapalı stadionda keçirildi. Ancaq belə bir fikir var ki, bu qərar təkcə havanın kəskin dəyişməsi ilə bağlı deyil, həm də Trampın təhlükəsizliyi üçün ciddi tədbirlərin görülməsi zərurətindən irəli gəlib. Prezident seçkiləri kampaniyası zamanı sui-qəsd cəhdindən “sağ qalan” Trampın təhlükəsizlik problemlərinin gücü bəlkə də onun siyasətdə dəyişiklik etmək niyyətinin və əzminin gücü ilə düz mütənasibdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ağ-Ev  


Bizi "telegram"da izləyin