“Brave1” tərəfindən inkişaf etdirilən vasitə başda Dnepr çayı olmaqla, xüsusi olaraq çay mühitlərində Rusiyanın hərbi əməliyyatlarına qarşı çıxmaq üçün nəzərdə tutulub, qənaətcil, çoxyönlü və yığcam həll yolu kimi seçilir.
“Black Widow 2”nin cəmi 1 metr uzunluğa və 8 kiloqram çəkiyə sahib olması onu yüngül və çevik platforma edir. Maksimum 40 km/saat sürətə çata bilən vasitə 10 kilometrə qədər əməliyyat mənzili təklif edir. Zəruri hallarda vasitə gözləmə rejiminə keçə və bir neçə gün hədəf müşahidəsi apara bilər.

“Black Widow 2” 120 dərəcəyə qədər baxış bucağı təmin edən kamerası ilə real vaxt rejimində kəşfiyyat təklif edir. Həm gündüz, həm də gecə əməliyyatları üçün uyğun olan bu kamera istifadəçiyə yüksək məlumatlılıq təmin edir, 3 kiloqramlıq yükgötürmə qabiliyyəti ilə düşmən qayıqlarını və avadanlıqlarını məhv etmək üçün kamikadze hücumlarının təşkil edilməsinə imkan verir.
“Black Widow 2” layihəsi 2023-cü ildə ukraynalı komandirlərin Dnepr çayında rus qoşunlarına qarşı həll yolu axtarması ilə başlayıb. Platformanın Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv sınaqları davam edir.
Bundan əlavə, platformanın kamikadze versiyasına əlavə olaraq lövbərli minaları hədəf alacaq variantı üzərində iş davam edir, daha böyük ölçülərə malik yeni çay tipli USV versiyasının hazırlanması gündəmdədir.
Dəyanət Ağalarlı
Ordu.az