40 ədəd “Eurofighter”də ilk addım ikinci əldir – Bəs F-35 məsələsi nə yerdədir? (FOTOLAR)

2024/12/1734932920.jpg
Oxunub: 1628     09:47     31 Dekabr 2024    
Ötən ay Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarını gücləndirəcək mühüm bir hadisəni ictimaiyyətə açıqladı. Açıqlamaya görə, 40 ədəd F-16 “Viper” döyüş təyyarəsinin tədarükü üçün lazımi müqavilələr imzalanıb.

Türkiyənin 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi alacağını bildirən Gülər Almaniyanın bu mövzuda uzun müddətdir davam edən probleminin aradan qaldırıldığını açıqladı. NATO müttəfiqlərinin diplomatik təşəbbüsləri nəticəsində Almaniyanın bu satınalmaya razılıq verdiyini deyən nazir Türkiyə HHQ-yə ümumilikdə 80 müasir döyüş təyyarəsinin veriləcəyini vurğuladı.

Araşdırmalara görə, satışın təsdiqi ilə ilk mərhələdə Körfəz ölkəsindən Türkiyəyə ikinci əl “Eurofighter” satışında irəliləyiş gözlənilir. Hazırda “Eurofighter”dən istifadə edən Körfəz ölkələri arasında Səudiyyə Ərəbistanı, Qətər, Oman və Küveyt var. Türkiyə Rusiya ilə Hava Hücumundan Müdafiə (HHM) sahəsində əməkdaşlıq edib, S-400 aldıqdan sonra ABŞ birtərəfli qaydada Türkiyəni F-35 proqramından çıxarıb. İstehsal edilən 6 ədəd F-35 ABŞ-də qalarkən, təlimdə olan pilot və texniki heyət Türkiyəyə qayıdıb.

Bu addımdan sonra ödənilən 1,3 milyard dolların geri qaytarılması və Milli Döyüş Təyyarəsi (MMU) “Kaan” ın Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilməsinə qədər aralıq təyyarəsi ehtiyacı üçün 40 ədəd “Block 70” F-16 və 79 mövcud təyyarənin modernləşdirilməsi (daha sonra Türkiyənin istəyi ilə imtina edildi) üçün ABŞ ilə aparılan danışıqların ardından bu ilin fevral ayında ABŞ Konqresi tərəfindən 24 milyard dollarlıq paketə razılıq verildi.

“Eurofighter Typhoon” təyyarələrinin hüquqları 4 ölkəyə məxsusdur. Britaniya, İspaniya və İtaliya Türkiyə üçün satışı təsdiqləyərkən, Almaniya 2019-cu ildə Avropa İttifaqının (Aİ) qərarını əsas gətirərək, satışın qarşısını alırdı. Bu qərar Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış Pınarı” əməliyyatından sonra verilib.


Birinci addım ikinci əl “Eurofighter”

İlk mərhələdə plana əsasən, Türkiyə HHQ Körfəz ölkəsindən ikinci əl “Eurofighter” alacaq. Qeyd olunur ki, bu rəqəm 20 ilə 12 arasında dəyişə bilər. Hazırda Səudiyyə Ərəbistanında 72, Küveytdə 28, Qətərdə 24, Omanda 12 “Eurofighter” var. Daha sonra isə bu sayının 40-a çatdırılması nəzərdə tutulur.

Türkiyənin müdafiə şirkətləri masadadır

Türkiyə son illərdə yerli və milli imkanlarla sursatdan proqrama, radardan radioelektron sistemlərə qədər bir çox fərqli müdafiə infrastrukturu inkişaf etdirdi. Satınalma üçün ən vacib şərt bu sistemlərin “Eurofighter” təyyarələrinə inteqrasiyasıdır.

Mövzu ilə bağlı ASELSAN, ROKETSAN, HAVELSAN kimi Türkiyənin müdafiə şirkətlərinin komandaları son bir neçə həftə ərzində “Eurofighter” komandaları ilə görüşlər keçirir. Türkiyənin inteqrasiya üçün vacib şərtlərindən biri də yerli və milli sistemlərin təyyarədə yer almasını istəməsidir.

Əməkdaşlıqlar

Bu baxımdan Türkiyə ilə “Eurofighter” arasında çox uzun mənzilli “hava-hava” raketi METEOR və ya təyyarə mühərriki ilə bağlı gələcək ortaqlıq kimi məsələlər də müzakirə mövzusudur. Avropa yeni nəsil döyüş təyyarəsi layihələrində Türkiyəni öz tərəfinə çəkməyi planlaşdırır.


MMU “Kaan” Layihəsi təsirlənəcəkmi?

F-16 ilə yaşanan problemlərdən sonra Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin “Eurofighter” ala bilərik” açıqlaması ilə başlayan bu inkişafda ən mühüm sual Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən inkişaf etdirilən Milli Döyüş Təyyarəsi (MMU) “Kaan” Layihəsinin bu satınalmadan təsirlənib-təsirlənməyəcəyidir.

“Kaan” planlaşdırıldığı kimi irəliləyir. Gələn il ərzində hazırlanan 2 real prototip səma ilə görüşəcək. Hazırda bu prototiplər P1 və P2-nin istehsalı TUSAŞ-da böyük sürətlə davam edir. TUSAŞ Baş direktoru Mehmet Demiroğlu “Farnborough 2024” sərgisində verdiyi müsahibədə qeyd edib: “2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində “Kaan” prototiplərinin hər gün uçacağını görəcəyik”.

Türkiyə “Kaan”ın birinci nəsil modeli üçün ABŞ-dən alınacaq 80 ədəd F110-GE-129 mühərriki və “Hürjet” mühərriklərinin satış icazəsini gözləyir. Bu layihə yerli və milli sistemlər baxımından həm Türkiyə HHQ-nin gələcəyi, həm də Türkiyə müdafiə sənayesi üçün, hər zaman bildirdiyimiz kimi, “Havada Qurtuluş Savaşıdır”.

Güclü Türkiyə Silahlı Qüvvələri

Türkiyə bu günə qədər üzv ölkələr arasında ən güclü və ən hazır ordu ilə xüsusilə NATO missiyalarına böyük dəstək verib. Türkiyə Silahlı Qüvvələri gəmi, hərbi qulluqçu və ya təyyarə tələb olunduğu zaman missiyalarda iştirak etməyə hər zaman hazır olub. Ukrayna müharibəsi və onun nəticələrindən sonra suların sürətlə istiləşdiyi Yaxın Şərqdə Türkiyə Silahlı Qüvvələrinin daha güclü olması üçün bu cür müdafiə əməkdaşlığı çox vacibdir.


F-35 məsələsi

ABŞ-dən gələn son S-400 təklifləri diqqət çəkir. Xüsusilə Yunanıstana F-35-lərin satışı ilə Türkiyənin yenidən F-35 proqramına qoşula biləcəyi müzakirə olunan mövzulardandır. Xüsusilə NATO missiyaları üçün bir çox üzv ölkələrin F-35-lərə keçidi ilə Türkiyənin keçmişdən gələn hüquqlarından istifadə edərək, 40-a yaxın F-35 ala biləcəyi də masadadır. ABŞ-nin təkziblərinə baxmayaraq, Yaşar Gülərin “Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-yə təhvil verilməyən F-35 qırıcılarının qəbulu üçün yenidən sorğu göndərib” açıqlaması ciddi inkişafların olacağından xəbər verir.

Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) və F-35B

Bu paket çərçivəsində Türkiyə HDQ Komandanlığı xüsusilə F-35 məsələsini diqqətlə izləyir. F-35 ilə bağlı “yaşıl işıq” yandırılarsa, xüsusilə TCG “Anadolu” üzərində missiya yerinə yetirə biləcək F-35B məsələsi yenidən gündəmə gələcək. Həm pilotsuz uçuş aparatı, həm də F-35B ilə TCG “Anadolu”nun effektivliyinin artırılması hədəflənir.

Növbəti addım Milli Aviadaşıyıcı Gəmidir. F-35 təcrübəsi Türkiyənin 2035-40-cı illər dövrü üçün planlaşdırılan aviadaşıyıcı gəmi baxımından HDQ-yə əhəmiyyətli bir infrastruktur yaradacaq.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Eurofighter  


Bizi "telegram"da izləyin