O, Suriyanın İsrailə qarşı yeni hücumlar üçün bazaya çevrilməyəcəyinə əmin edib və İsrail ordusunun Əsəd rejiminin devrilməsindən sonra bufer zonada tutduğu ərazilərdən geri çəkilməli olduğunu bəyan edib. Bu arada İsrailin “Haaretz” nəşri Baş nazir Benyamin Netanyahu hökumətinin “Colanda demoqrafik vəziyyətin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul etdiyini və bu məqsədlə əvvəlcədən 10 milyon dollardan çox vəsait ayırdığını yazır.
Söhbət köçürülmə, iqtisadi və sosial infrastrukturun yaradılması və modernləşdirilməsindən gedir. Netanyahu hökuməti faktiki olaraq Suriya ilə sərhəddəki bufer zonanı özününküləşdirməyə başlayıb. İsrailin Baş naziri bəyan edib ki, 1974-cü ildəki bölücü xətt artıq qanuni deyil, çünki Suriya ordusu mövqeləri tərk edib, bu mövqelər ekstremist qruplar tərəfindən tutula və İsrailin təhlükəsizliyini təhdid edə bilər.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi Halevi bufer zonada dislokasiya olunmuş hərbi birləşmələrin komandirlərinə yerli sakinlərlə danışıqlara başlamaq barədə göstəriş verib. Bundan əvvəl İsrail mətbuatı həmsərhəd Suriya icmalarının druz əhalisinin İsraildə yaşayan soydaşları ilə birləşmək və İsrail vətəndaşlığını qəbul etmək istədiyi barədə məlumat yayıb. Bu məlumatın nə dərəcədə doğru olduğu bilinmir.
Fakt budur ki, Dəməşqdə hakimiyyətə gələn HTŞ qruplaşmasının lideri İsrail ordusunun Suriya ərazisini tərk etməsini tələb edir, Netanyahu isə Colan təpələrinin tamamilə və əbədi olaraq İsrailin yurisdiksiyasına keçdiyini bəyan edib. Bu fonda ABŞ-nin seçilmiş prezidenti Donald Tramp maraqlı açıqlama verib. O bildirib ki, Əsəd rejiminin devrilməsini Türkiyə, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirib və bundan sonra ixtiyarın Türkiyəyə məxsus olduğunu bildirib. Tramp Ərdoğanı çox ağıllı insan adlandırıb.
Türkiyənin Suriyanın şimalındakı YPG ilə bağlı ABŞ-dən ciddi gözləntiləri var. Qərb mənbələrinin məlumatına görə, Türkiyə son günlər Suriya ilə sərhəddə böyük hərbi qüvvələr cəmləşdirir. Şərhçilər bunun YPG-yə qarşı əməliyyata hazırlıq olduğunu düşünürlər. Bəzi ərəb mənbələri deyir ki, YPG “komandirləri” İsraildən hərbi yardım istəyiblər, lakin Netanyahu Türkiyə ilə birbaşa qarşıdurma ehtimalından ehtiyat edərək imtina edib.
“Bu gün Suriyanı kim idarə edir?”, - deyə Tramp mətbuat konfransında ritorik sual verib və suala özü cavab verib: “Əlbəttə, Türkiyə”. Trampın ifşasından bir neçə saat sonra HTŞ lideri İsraildən bufer zonadan və Colan təpələrindən çəkilməsini tələb edib. Söhbət elə bir bölgədən gedir ki, Tramp prezidentliyinin ilk dövründə İsrailin sözügedən bölgədəki yurisdiksiyasını tanıyıb, eyni zamanda ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarını da qəbul edib.
Əslində əl-Culaninin iddiası da dolayısı ilə ABŞ-yə təqdim olunur. Üstəlik, onun Britaniya KİV-inə verdiyi müsahibədə belə açıqlama verməsi diqqət çəkir. Bu yaxınlarda isə ABŞ dövlət katibi və Britaniya xarici işlər naziri Suriya məsələsini müzakirə ediblər. Həmin gün Suriyanın keçmiş prezidenti Əsəd Moskvadan bəyanat yayaraq, Suriyanın yenidən suveren ölkə olacağına ümid etdiyini bildirib. Suriyada sanki Əsədin devrilməsi ilə heç nə bitməyib, sadəcə hər şey yeni başlayır.
Asif Cəfərov
Ordu.az