Kirillovun ölümünü kim təşkil edib? Suriyanın Rusiyaya “daxil olması”na hazırlıq gedir?

2024/12/1734496003.jpg
Oxunub: 601     11:58     18 Dekabr 2024    
Dekabrın 17-də Moskvada xidməti avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının komandanı, general-leytenant İqor Kirillov həlak olub.

Məlumata görə, partlayıcı qurğu yaxınlıqda dayanmış skuterə yerləşdirilib. Partlayış uzaqdan idarəetmə vasitəsilə həyata keçirilib. Ukraynanın “Unian” nəşri ölkənin Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamasını təqdim edib. Rəsmi açıqlamaya görə, general Kirillov cəbhənin bütün sahələrində qadağan olunmuş silahların tətbiqinə görə məsuliyyət daşıyır.

Kiyevin məlumatına görə, müharibə başlayandan indiyədək 4800 belə hal qeydə alınıb. Bu bəyanat beynəlxalq nüfuzlu KİV-lərə belə qənaətə gəlməyə imkan verib ki, Ukrayna Təhlükəsizlik Xidməti general Kirillovun məhv edilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Bəzi şərhçilər qətli İsrail nümunəsinin təkrarı kimi qiymətləndiriblər. Suriyada Bəşər Əsədə qarşı silahlı qruplaşmaların hücumu ilə bağlı Rusiya tərəfinin ilk reaksiyalarında ekstremist qruplaşmalar arasında Ukrayna xüsusi xidmət orqanlarının təlimatçılarının da müşahidə edildiyi açıq şəkildə bildirilib.

Mətbuat Ukraynanın silahlı qruplara pilotsuz uçuş aparatları verdiyini, onları Ukrayna operatorlarının idarə etdiyini yazıb. Moskvada Müdafiə Nazirliyinin kollegiyasının iclasının ertəsi günü yüksək rütbəli hərbçi öldürülüb. Tədbirdə Rusiya prezidenti Vladimir Putin iyunun 14-dəki çıxışının bəndlərini faktiki olaraq yenidən yazıb və “xüsusi hərbi əməliyyatın bütün məqsədlərinin qüvvədə qaldığını” israr edib. Həmin gün ABŞ-nin seçilmiş prezidenti Donald Tramp mətbuat konfransı keçirib.

O, heç bir təfərrüat açıqlamayıb, lakin komandanın Ukrayna nizamlanması planı üzərində işlədiyini və Putinlə Zelenskinin danışıqlar masasına oturmalı olduğunu açıqlayıb. “Bu müharibə bitməlidir”, - deyə Tramp bildirib. Əlbəttə, nəzəri olaraq istisna deyil ki, general Kirillov qurum intriqalarının və ya Rusiyada fəaliyyət göstərən hansısa ekstremist-terrorçu qruplaşmanın hücumunun qurbanı olub və Ukrayna xüsusi xidmət orqanları sadəcə olaraq “özünü reklam edir”.

Amma yüksək rütbəli hərbçi öz xidmət yoldaşlarına və ya Federal Təhlükəsizlik Xidmətinə “mane olubsa”, yaxud onu terrorçular sıradan çıxarıblarsa, baş verənlərin əhəmiyyəti azalmır, əksinə, daha da artır, çünki bu halda etiraf etmək lazımdır ki, dərin ziddiyyətlər var və xüsusi xidmət orqanları hətta yüksək rütbəli hərbçilərin təhlükəsizliyinə belə zəmanət vermir.

Bunun fonunda Çeçenistan lideri Ramzan Kadırov son dərəcə maraqlı açıqlama verib. O, Suriyadan çıxarılan rus hərbi qulluqçuları çeçen patrul polisi əməkdaşları ilə əvəz etməyi təklif edib. Əslində, bu, siyasi müraciətdir ki, Rusiyanın İslam subyektinin rəhbəri Suriyada hakimiyyətə gələn qüvvələrlə anlaşa bilər. Formal olaraq bu, Rusiya-Suriya razılaşması kimi formalaşdırıla bilər, amma reallıqda İslam həmrəyliyi amili fəaliyyət göstərəcək.

Heç kim təminat verməyəcək ki, bu halda Rusiya Suriyada təmsil olunacaq, yoxsa Suriya Rusiyaya daxil olacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya  


Bizi "telegram"da izləyin