Ordu.az xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar Süni Zəka (SZ) ilə təchiz edilmiş bu qabaqcıl döyüş təyyarəsinin yalnız danışaraq idarə oluna biləcəyini açıqlayıb.
Bayraktar “Take Off Istanbul” tədbirində verdiyi açıqlamada “Kızılelma”nın təbii dil emal texnologiyaları sayəsində tamamilə səs əmrləri ilə işləyəcəyini bildirib.
“İndi biz bu təyyarəni düymələrə basmadan sadəcə əmrlər verməklə idarə edə biləcəyik. Məsələn, “Şərtlər uyğundursa, mühərriki işə sal və qüllədən lazımi icazələri alaraq hərəkətə keç” dediyiniz zaman “Kızılelma” bu əmri anlayacaq, qüllə ilə əlaqə saxlayacaq və tapşırığı yerinə yetirəcək”, - deyə Bayraktar qeyd edib.
Bu texnologiyaya, həmçinin ətraf mühit faktorlarının aşkar edilməsi, sensorlardan gələn məlumatların təhlili və uçuş təhlükəsizliyinin artırılması kimi təyyarənin xüsusiyyətləri də daxildir.
Bayraktar SZ sistemlərinin qəzaları minimuma endirəcək şəkildə dizayn edildiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az