Ordu.az xəbər verir ki, daha əvvəl 2024-cü ilin noyabrında keçirilməsi planlaşdırılan və ötən aylarda ölkədəki hökumət dəyişikliyi səbəbindən 2025-ci il yanvarın 22-25-nə təxirə salınacağı açıqlanan İndoneziya Müdafiə Sərgisi “Indo Defence, Indo Aerospace ve Indo Marine 2024 Expo & Forum” bir daha təxirə salınıb.
Məlumata görə, İndoneziyanın paytaxtı Cakartadakı “JIExpo” sərgi sahəsində keçiriləcək sərginin 2025-ci ilin iyun ayına təxirə salınması planlaşdırılır. Mövzu ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
İndoneziya Müdafiə Nazirliyi tərəfindən iki ildən bir təşkil edilən sərgi sektorun regional və qlobal səviyyədə ən mühüm görüş nöqtələrindən biri kimi diqqət çəkir. Artıq 10-cu dəfə keçiriləcək tədbir iştirakçılara müdafiə texnologiyaları, aviasiya və dəniz sistemləri, təhlükəsizlik texnikası və strategiyaları üzrə geniş məlumat və əməkdaşlıq imkanları təklif edir.
Sərgidə Asiya-Sakit okean ölkələri və dünyanın müxtəlif ölkələrindən, eləcə də İndoneziyadan müdafiə sənayesi şirkətləri ən son texnoloji yeniliklərini və müdafiə strategiyalarını nümayiş etdirəcəklər. Sərgi, xüsusilə regional təhlükəsizlik problemləri üçün innovativ həllər, strateji əməkdaşlıq və texnoloji inkişafların müzakirə ediləcəyi bir mühit yaratmaq məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az