Ordu.az xəbər verir ki, araşdırmalar bu itlərin genetik olaraq radiasiya, ağır metallar və çirklənmə kimi ətraf mühit təhlükələrinə uyğunlaşdığını ortaya qoyub.
1986-cı il aprelin 28-də Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı reaktorunda baş verən partlayış tarixin ən böyük nüvə fəlakətlərindən biri kimi qeydə alınıb.
Qəzadan sonrakı həftələrdə onlarla insan həyatını itirərkən, təxminən 350 min insan bölgədən təxliyə edilib. Qalan heyvanlar nəsillər boyu radioaktiv mühitdə sağ qalıb və bu şərtlərə genetik uyğunlaşma inkişaf etdirib.
Çernobıl nüvə fəlakəti bəşər tarixində ən böyük radioaktiv materialın buraxılmasına səbəb olub. Aprelin 26-da reaktorun partlaması bölgəni ölümcül radiasiyaya məruz qoyub. Bu səbəbdən Çernobıl və ətrafdakı insanlar evakuasiya edilib və bölgə “Çernobıl İstisna Zonası” (CEZ) elan edilib.
Kolumbiya Universitetindən ətraf mühitin sağlamlığı alimi Norman Kleymanın rəhbərlik etdiyi tədqiqat qrupu CEZ-də yaşayan itlərin genetik quruluşunu araşdırmaq üçün hərəkətə keçib. 2018 və 2019-cu illərdə sterilizasiya və peyvənd proqramları zamanı 116 itdən qan nümunələri toplanıb. Təhlillər bu itlərin genetik olaraq ətrafdakı digər itlərdən fərqli olduğunu üzə çıxarıb. Tədqiqat 2023-cü ilin mart ayında “Canine Medicine and Genetics” jurnalında dərc edilib və paylaşılıb.
Araşdırmalar nəticəsində itlərin genetik strukturlarında 400-ə yaxın “anormal lokus” aşkar edilib. Bu genom bölgələrindəki genetik dəyişkənliklər ətraf mühitdəki radioaktiv və zəhərli maddələrə uzun müddət məruz qalmanın nəticəsi hesab olunur. Bundan əlavə, 52 genin bu dəyişikliklərlə əlaqəli olduğu müəyyən edilib.
Sevinc Əliyeva
Ordu.az