Çeçenistanda kazarma hədəfdə: Ukrayna vurdu?

2024/12/1734075730.jpg
Oxunub: 471     12:29     13 Dekabr 2024    
Çeçenistanda polis kazarmasını hədəf alan Pilotsuz Uçuş Aparatının (PUA) hücumu nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Ordu.az xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov Ukraynanı günahlandırsa da, Kiyev bu ittihamları rədd edib.

Yerli media və Kadırovun açıqlamalarına görə, hücum nəticəsində binaya maddi ziyan dəyib, 4 mühafizəçi yüngül xəsarət alıb.

Kadırov açıqlamasında qeyd edib: “Heç kim ciddi xəsarət almayıb. 4 mühafizəçi yüngül xəsarət alıb”.

Qeyd edilib ki, bu hücum Rusiyanın Ukrayna ilə davam edən müharibəsində Çeçenistana qarşı üçüncü PUA hücumudur. Əvvəlki hücumlar dekabrın 4-də və oktyabrın sonunda baş verib.

Hücumun hədəfində olan polis binasının çeçen lider Əhməd Kadırovun adını daşıdığı bildirilib. Eyni bina dekabrın 4-də PUA hücumu zamanı da vurulmuşdu. İlk hücum oktyabrın 29-da baş verib.

Oktyabrın 29-da baş verən hücumla bağlı Kadırov əvvəlcə insan itkisinin olmadığını bildirsə də, daha sonra ukraynalı hərbi əsirlərin “insan qalxanı” kimi istifadə edildiyini və hücumda öldüyünü iddia edib.

Kadırov Ukraynanı hücumlara görə cavabdeh hesab etsə də, Kiyev administrasiyası bu iddiaları rədd edib. Ukrayna kəşfiyyatındakı mənbə bildirib ki, hücum Dağıstan və ya İnquşetiyanın qonşu regionlarından həyata keçirilə bilərdi.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi bir gecədə 1-i Çeçenistanda, 3-ü Şimali Osetiyada, 4-ü Kursk bölgəsində və 8-i Krım üzərində olmaqla, 16 Ukrayna PUA-sının ələ keçirilərək məhv edildiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çeçenistan   PUA  


Bizi "telegram"da izləyin