Mask, Bayraktar və F-35: Hərbi aviasiyanın gələcəyi necə formalaşacaq?

2024/12/2024--1733982570.jpg
Oxunub: 894     12:33     16 Dekabr 2024    
Son zamanlar İlon Mask F-35 Birgə Hücum Təyyarəsi layihəsi ilə bağlı kəskin tənqidləri ilə gündəmə gəlib. Maskın bu mövzuda açıqlamaları olduqca sərt idi. Belə ki, o, hətta Pilotsuz Uçuş Aparatlarının (PUA) üstünlük təşkil edəcəyi bir konyukturada F-35-lərə əsaslanan sənaye planının “ağılsızlıq” olacağını iddia edib.

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyasında dövlət xərclərinin və layihələrinin effektivliyinə nəzarət edən bir qurum olan İctimai Səmərəlilik Agentliyinin məsləhətçi rolunu üzərinə götürəcək Maskın açıqlamaları inventarda olduğu müddətdə 2 trilyon dollara çatacağı təxmin edilən dəyərlə F-35-in çətin sınaqdan keçəcəyini göstərir. Təbii ki, bu sınaq Pentaqon, baş podratçı “Lockheed Martin” və digər subpodratçılar üçün də çətin olacaq.

Maskın bəyanatı, şübhəsiz ki, vaxtilə F-35 konsorsiumunun bir hissəsi olan başqa bir NATO ölkəsi üçün xüsusi məna kəsb edir. Türkiyə istehsalı zərbə PUA-ları seqmentinin ən diqqətçəkən markası olan “Baykar”ın texnologiya lideri Selçuk Bayraktar bir videoda Türkiyə Hərbi Hava Qüvvələrinin F-35-ləri almamasının əslində müsbət bir hadisə olduğunu və robot döyüş sistemlərində gələcəyin parlayacağını bildirib.

Mask və Bayraktarın irəli sürdüyü vizyon dəqiqdir, lakin bu, 2040 və ya 2050-ci illərdən sonrakı gələcəyə dair bir baxışdır. O həddə çatmaq üçün ən azı 15-20 ilə, hətta daha çoxuna ehtiyac var. Təəssüf ki, sözügedən illər müharibələrlə dolacaq kimi görünür. Müharibələr gələcəyin silahları ilə deyil, əldəki silahlarla aparılacaq. Bu analitik şərh hərbi aviasiya klassikası olan “Top Gun”ın ikinci filmində ifadə olunub.

Tom Kruzun canlandırdığı donanma pilotu “Maverick” komandirinin pilotlu təyyarələrin və pilotların dövrünün bitdiyinə dair qəti sözlərinə belə cavab verib: “Bəlkə də belədir, ser. Ancaq bu gün deyil”.

Alqoritmin və robotların yüksəlişi

Rusiya-Ukrayna müharibəsindən tutmuş, bu məqalə dərc olunmağa hazırlanarkən Suriyada baş verən toqquşmalara qədər bütün nümunələr bizə robot müharibəsinin inkişafının kritik rolunu və sürətini göstərir. Bilməliyik ki, Rusiyanın Ukraynadakı hücum paketləri əsasən İran istehsalı olan “Şahid” PUA-larından ibarətdir, FPV tipli PUA-lar Ukrayna quru birliklərinin ən vacib silahlarından birinə çevrilib, Rusiyanın “Lancet” kamikadze PUA-ları zirehli platformaların kabusudur, Ukraynanın Çeçenistandan Xəzər dənizi oxuna qədər uzanan dərin zərbə qabiliyyəti robot silahlara əsaslanır.

Bu kritik məsələni də qeyd etmək faydalıdır: “Dron” indi geniş spektrdə istifadə olunan hərbi terminologiyaya çevrilib. Bir neçə yüz dollar dəyərində olan FPV sistemlərini də, Rusiyanın S-70 “Okhotnik” və Türkiyənin “Kızılelma” pilotsuz döyüş təyyarələrini də, hətta “Switchblade-600” kimi “gəzən sursat”ları da eyni dam altında, PUA döyüş sistemləri tutumunda qiymətləndiririk.

Mask və Bayraktarın F-35 ilə bağlı tənqidlərinin altında yatan sistemlər, ehtimal ki, hava döyüşü missiyalarını yerinə yetirməyə yönəlmiş dizayn fəlsəfələrinə malik pilotsuz döyüş təyyarələridir. Texnologiya sahəsində məşhur olan hər iki şəxsin iddialarını dəstəkləmək üçün konkret tapıntılar var. Məsələn, ABŞ-nin qabaqcıl müdafiə texnologiyaları təcrübə və tədqiqat mərkəzi olan DARPA tərəfindən təşkil edilən “AlphaDogfight” sınaqları Süni Zəka (SZ) əsaslı pilotluğun insan elementinə qarşı üstünlük təşkil edə biləcəyini açıq şəkildə göstərib.

Yenə insansız sistemlərlə bağlı ən ciddi tərəddüdlərdən biri olan heç bir pilotlu təyyarənin real döyüş şəraitində bir PUA tərəfindən vurulmamış və ya yerə salınmamış olduğu məsələsi Rusiya-Ukrayna müharibəsi ilə birlikdə sona çatıb. 2024-cü il avqustun 7-də Ukraynaya məxsus FPV tipli PUA Rusiyanın “Mi-28” hücum helikopterini vurmağa müvəffəq olub.

Amma bu gün yox

Çox mümkündür ki, rəqəmsal və elektron alqoritmlər, biokimyəvi alqoritmlər və robot texnologiyaları Homo Sapiensin bioloji növ kimi sınaq qabiliyyətini aşacaq. Yaxın gələcəkdə insanlar yəqin ki, döyüş meydanında ən ağıllı varlıq da olmayacaqlar. Bununla belə, 2024-cü ildən etibarən Ukrayna Hərbi Hava Qüvvələrinin F-16 transformasiyası, İranın Rusiyadan “Su-35” qırıcıları almaq planları, Rusiyanın çox yüksək kinematik profillərə malik “MiQ-31” qırıcı bloklama təyyarələrinin Finlandiya hava məkanını pozması kimi məsələlər müzakirə mövzusudur.

2040, 2050 və ya 2060-cı illərdə bütün bu platformalar mənasız tənəkə qalaqları ola bilər. Ancaq təqvim bizə 2024-cü ili göstərir. Çünki illər problemsiz keçmir və mövcud silahlarla mövcud təhlükəsizlik problemləri həll olunur. “Sabah” PUA sürüsü hücumu F-35-ləri ovlaya bilər və pilotsuz təyyarələr “it davaları”nda (iki hərbi təyyarənin arasında baş verən hava döyüşü – red.) insanlı platformalar üzərində həlledici üstünlüyə malik ola bilər.

Amma “bu gün” NATO 5-ci maddə çərçivəsində müharibəyə daxil olmalı olsa, ABŞ və ya Türkiyənin hava məkanını mənşəyi məlum olmayan bir təyyarə pozarsa, pilotlu təyyarələr pilotların komandanlığı ilə havaya qalxacaq. F-35 və F-16-lar da “bu gün” lazımlı və effektivdir.

F-35 və bənzər 5-ci nəsil döyüş təyyarələri stels (aşağı radara görünmə) qabiliyyətləri, qabaqcıl sensorları ilə qurduqları informasiya üstünlükləri və şəbəkə mərkəzli əməliyyat avadanlıqları sayəsində düşmən qırıcı təyyarələrini və SAM sistemlərini tez görmək, tez məhv etmək və itki vermədən missiya ərazisindən uzaqlaşmaq üçün nəzərdə tutulub. Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi “Kaan” da yuxarıda qeyd olunan dizayn fəlsəfəsi üzərində qurulur.

2020 və 2030-cu illərdə 5-ci nəsil döyüş təyyarəsinə sahib olanlarla olmayanlar arasında uçurum kifayət qədər geniş olacaq. Asiyadan Avropaya qədər bir çox ölkənin F-35 üçün sıraya düzülməsi və “Lockheed Martin”in beynəlxalq silah bazarında marjasının sürətlə artması bu yanaşmanın ən mühüm sübutudur. Bundan başqa, 5-ci nəsil taktiki aviasiya elementlərinin döyüş quruluşu və tədarük planları uzun illər əvvəl hazırlanıb.

F-35 əməliyyat dəyəri, proqramdakı texniki problemlər və vahid qiymətinə görə Mask və Bayraktarın tənqid mərkəzində olsa da, əslində, 5-ci nəsil həllərini deyil, 2040-cı illərdə inventarlara daxil olmağa başlayacaq 6-cı nəsil hərbi aviasiya layihələrini tənqid etmək daha təsirli bir yanaşma ola bilər. Çünki 6-cı nəsil hələ də bir anlayışdır və bir çox qeyri-müəyyən elementləri ehtiva edir. Proqram xərcləri kifayət qədər ağırdır və 6-cı nəsil konsepsiyalarının əsas elementlərindən biri də “loyal wingman” çərçivəsində insansız sistemlərdir.

Son olaraq onu da qeyd edək ki, SZ-nin və avtonomluğun inkişafı ilk növbədə pilotlu döyüş təyyarələrini deyil, bəzi pilotları təqaüdə çıxara bilər. Bu baxımdan ən konkret nümunə davam edən X-62A prototipi və VISTA (Variable In-flight Simulator Test Aircraft) sınaqlarıdır. Sözügedən təcrübədə pilotsuz F-16 uçuşları müvəffəqiyyətlə icra edilib.

Kim bilir, bəlkə F-35 pilotları F-35-lərdən əvvəl təqaüdə çıxacaq, “SpaceX” və “Baykar” əməkdaşlığı NATO F-35-lərini robot döyüş elementlərinə çevirən hərbi pilotluq alqoritmlərini dizayn etmək üçün ön plana çıxacaq. Təbii ki, bir daha vurğulamağa dəyər. Sözügedən bütün inkişaflar ancaq “sabah” baş verə bilər.

Can Kasapoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Bayraktar   F-35  


Bizi "telegram"da izləyin