İTÜ-nün SZ müdafiə sistemi dünyada ikincidir: Dostu düşməndən fərqləndirir (FOTOLAR)

2024/12/1733981500.jpg
Oxunub: 888     16:30     13 Dekabr 2024    
İstanbul Texniki Universitetinin (İstanbul Teknik Üniversitesi - İTÜ) APİG TECH komandası dostu düşməndən ayıra bilən və atış qərarını özü verə bilən proqram hazırlayıb. “Agile Hunter” adlanan bu sistem noyabrın 22-23-də İtaliyanın paytaxtı Romada keçirilən Beynəlxalq “Fibonacci” Robot Olimpiadası-Dünya Çempionatında ikinci oldu.

2021-ci ildə İTÜ tələbələri tərəfindən yaradılan APİG TECH komandası ilk gündən “Agile Hunter” layihəsi üzərində işləyir. 14 nəfərdən ibarət komanda dünyada artan müharibə şəraitində insan itkisini minimuma endirmək üçün Süni Zəka (SZ) ilə işləyən müdafiə sistemi hazırlayıb.

Komanda inkişaf etdirdiyi bu sistemlə İtaliya, Fransa, Polşa, Azərbaycan, Almaniya, Finlandiya, Qırğızıstan, İspaniya və Kanada kimi 29 ölkədən 309 tələbə komandasının mübarizə apardığı Beynəlxalq “Fibonacci” Robot Olimpiadasında dünya ikincisi olmağı bacarıb. İTÜ Elm və Ədəbiyyat fakültəsi Riyaziyyat mühəndisliyi bölməsinin 3-cü kurs tələbəsi və komanda kapitanı Emirhan Çakır “Agile Hunter” sistemini belə izah edib:


Atış qərarı üçün əvvəlcədən məlumat verir

“Belə sistemlərdən istifadə edən operatorlar insan olduqları üçün atış qərarı gecikə bilər. Buna görə qərarın tamamilə SZ tərəfindən veriləcəyi bir sistem hazırladıq. Modelimiz sahəyə daxil olduğu zaman üzərindəki kameralar sayəsində dost-düşməni ayırd edərək, mümkün qədər tez atış qərarını verə bilir. Bunu edərkən, ona verdiyimiz görüntü məlumatlarından istifadə edir. Burada əsgərin uniforması, sifəti və ya əlindəki avadanlıqlar təyinedici olur. Bunun kimi 23 müxtəlif təyinedici parametrimiz var.

Əgər SZ qarşı tərəfi dost kimi tanıyırsa, xəbərdarlıq etmir, düşmən kimi görürsə, onu zərərsizləşdirir. Ancaq bu gün SZ-nin etik və hüquqi baxımdan atış etmə səlahiyyəti yoxdur. Buna görə filtr sistemindən istifadə edirik. Bu sistem dost və düşməni ayırd etdikdən sonra atış qərarını operatorun öhdəsinə buraxır. Yəni deyək ki, döyüş meydanında 10 əsgər var və onlardan 7-si düşmən, 3-ü isə dostdur. Sistemimiz düşmənləri tez bir zamanda müəyyənləşdirir və operatora atəş üçün məlumat verir. Hazırladığımız modul istənilən avtomobilə asanlıqla quraşdırıla və çıxarıla bilər. Bunun üçün avtomobilin texnoloji sistemlərinin modulumuza uyğun olması kifayətdir.

Düşmənin ətraflı təsviri uğur gətirdi

Yarışma 18 kateqoriya üzrə keçirilir. Biz “proqram təminatı təşəbbüskarlığı” sahəsində yarışdıq. Qardaş ölkəmiz Azərbaycana birinci yeri itirdik. Amma biz onlar üçün xoşbəxtik. 2021-ci ildə layihəyə başladığımız zaman sistemlə işləyəcək müdafiə sənayesi vasitəsini də dizayn edirdik. Ancaq tək bir sahəyə diqqət yetirməyin daha məqsədəuyğun olacağını düşünərək, daha sonra diqqətimizi yalnız proqram sistemini inkişaf etdirməyə və onun digər müdafiə sənayesi vasitələri ilə inteqrasiya olunmuş şəkildə işləməsinə yönəltdik. Bu, bizim yarışda uğur qazanmağımıza şərait yaradan amil oldu.

Digər tərəfdən, sistem xəbərdarlıq edərkən sadəcə səs çıxarmır. O, məsul şəxslərə təhlükəli hesab etdiyi insanlar, o cümlədən onların yeri və necə göründüyü barədə ətraflı məlumat verir. Məsələn, tutaq ki, 15 nəfərin içərisində olduğu bir otaq var. Sistem istifadəçiyə “Bu otaqda olan 5 nəfər sizin üçün təhlükəli ola bilər. O 5 nəfərin arasında qalan 3 nəfər də axtardığınız düşmən xüsusiyyətlərinə çox uyğundur” deyə bilir. Sistemin bu xüsusiyyəti bizə yarışda uğur gətirdi.


TUSAŞ hücumundan sonra yeniləmə etdik

Digər tərəfdən, ölkəmizdə baş verən hadisələr də sistemimizi yeniləməyə səbəb oldu. Əldə etdiyi məlumatları operatorla tez bir zamanda paylaşmaq və onu xəbərdar etmək üçün sistemimizi yeniləyərək, lazımi təkmilləşdirmələri etdik. Əgər qurduğumuz sistem ötən ay TUSAŞ-a hücumdan əvvəl orada istifadə olunsaydı, hücumdan əvvəl təhlükəsizlik qruplarına xəbərdarlıq edilə bilərdi. Çünki proqram çox öncədən və tez bir zamanda dost və düşməni ayırd edə bilərdi. Başqa sözlə, proqram “xəbərdarlıq sistemi” kimi işləyəcək və əməliyyat başlamazdan əvvəl təhlükəsizlik qüvvələrinə hücum edənlər haqqında ətraflı məlumat verə biləcəkdi”.


Beynəlxalq “Fibonacci” Robot Olimpiadası nədir?

“Fibonacci” Beynəlxalq Robot Olimpiadası 2021-ci ildən İtaliyanın ev sahibliyi etdiyi ən böyük robototexnika tədbirlərindən biri hesab olunur. Hər il Romada keçirilən Olimpiadada İtaliya, Fransa, Polşa, Almaniya, Belçika, Çin və Kanada başda olmaqla, 29 ölkədən orta məktəb, lisey şagirdləri və universitet tələbələri iştirak edə bilər.

Yarışma avtonom avtomobillər, avtonom pilotsuz uçuş aparatları kimi müxtəlif robot kateqoriyalarından və sahibkarlıq sahələrinə aid 18 kateqoriyadan ibarətdir. Olimpiadada əldə olunan nailiyyətlər müxtəlif ölkələrdən müsabiqədə iştirak edən 10 münsiflər heyəti üzvünün qiymətləndirməsi ilə qiymətləndirilir. Yarışma nəticəsində qaliblər yeni əməkdaşlıq üçün beynəlxalq imkanlar qazana bilərlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İTÜ   SZ   APİG  


Bizi "telegram"da izləyin