Aİ-nin Məkan Dəniz Planlaması tədqiqatları: Egey və Şərqi Aralıq dənizində münaqişə riski artır

2024/12/1733895230.jpg
Oxunub: 565     17:32     11 Dekabr 2024    
Avropa İttifaqının (Aİ) Məkan Dəniz Planlaması (MDP) tədqiqatları üzv ölkələrin sahillərində və qarşılıqlı fəaliyyət sahələrində sektoral fəaliyyət və planları əhatə edən, iqtisadi və sosial məsələləri kompleks şəkildə həll edən, istifadə və mühafizə balansını təmin edəcək formada məkan strategiyası, hədəf və fəaliyyət təkliflərini ehtiva edən, bununla bağlı hesabat hazırlanan planlardır.

Aİ MDP tədqiqatları ilə nəyi hədəfləyir?

Sözügedən tədqiqatlar Aİ üzv dövlətlərinin sahil, dəniz və qarşılıqlı fəaliyyət sahələri üçün inteqrasiya və məkan planlamaları ilə bağlıdır. Aİ-nin strateji planlarına uyğun hazırlanan xəritələr strateji planlaşdırmanın tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. MDP tədqiqatları Aİ üzvlərinin yerli gözləntilərini istiqamətləndirən, beynəlxalq öhdəliklərini yerinə yetirən, yoxlama yolu ilə mühafizə tədbirlərini müəyyən edən, yurisdiksiyaları tənzimləyən, sahilyanı ərazilərə investisiyaları müəyyən edən, sahil istifadəçiləri arasında mübahisələri həll edən və ətraf mühitin sağlamlığı ilə iqtisadi inkişafı tarazlaşdıran tədqiqatlardır.

Başqa sözlə desək, məkan dəniz sahələri biomüxtəlifliyi, zəngin və təbii sərvətləri ehtiva edən və insanlar üçün mühüm iqtisadi üstünlüklər təmin edən sahələrdir. Ölkələrin iqtisadi və mədəni təmas sahələri olan bu sahələr bu gün təbii qaz yataqları, rekreasiya, turizm, balıqçılıq, dəniz nəqliyyatı və ticarəti, enerji, dəniz canlılarının müxtəlifliyi kimi bütün fəaliyyətləri əhatə edir.

MDP tədqiqatları ilə Aİ Komissiyası dənizlərin və okeanların istifadəsini ardıcıl şəkildə idarə etməyi və insan fəaliyyətinin səmərəli, təhlükəsiz və davamlı şəkildə həyata keçirilməsini təmin etməyi hədəfləyir. 2014-cü ildə Komissiya dəniz ərazilərindən yaranan iqtisadiyyatların davamlı olmasını təmin etmək üçün MDP direktivini qəbul etdiyini elan etdi. Komissiya bu direktivlə dəniz və okeanlarla həmsərhəd olan 22 üzv dövləti milli plan hazırlamağa məcbur etdi. Beləliklə, Avropa dənizlərində balıq ovu, akvakultura, gəmiçilik, bərpa olunan enerji, təbiətin mühafizəsi və digər məqsədlər üçün hazırlıqlar başladı.

Bir sözlə, MDP dənizlərdə yurisdiksiya münaqişələrinin azaldılması, investisiyaların təşviqi, bərpa olunan enerjinin inkişafı, gəmiçilik marşrutlarının ayrılması, boru kəmərlərinin və sualtı kabellərin çəkilməsi istiqamətində səylərini davam etdirir. Ancaq Aİ Komissiyasının MDP üzərində işləyərkən, Yunanıstan və Cənubi Kiprin müdafiə etdiyi xəritələrdən istifadə etdiyi göründü.

- Türkiyə və ŞKTR niyə reaksiya verdi?

Aİ Komissiyası nəşr olunan xəritələrdəki Yunanıstan-Cənubi Kipr baxışlarına uyğun hərəkət edib. Bu çərçivədə Aİ-nin Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR ) hüquqlarına hörmət etmədiyi müəyyən edilib. Bu səbəbdən nəşr olunan hesabatlar və xəritələr Türkiyə və ŞKTR səlahiyyətli qurumları tərəfindən reaksiya ilə qarşılanıb. Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi (XİN) noyabrın 16-da məsələ ilə bağlı verdiyi açıqlamada Türkiyə ilə Yunanıstan arasında dəniz yurisdiksiyalarında mübahisə olduğunu və Aİ-nin bu mövzuda fikir bildirmək səlahiyyətinin olmadığını bildirib. Yəni Türkiyə Cənubi Kipr və Yunanıstanın dəniz yurisdiksiyası əraziləri ilə bağlı təktərəfli təşəbbüslərini qəbul etmir.

Aİ Komissiyasının rəsmi qurumlarından biri olan Yunanıstanın öz ərazi sularında MDP-ni hələ təsdiq etmədiyi, lakin Cənubi Kiprin bunu təsdiqlədiyi anlaşılır. Belə ki, Cənubi Kipr hazırladığı xəritələrdə Kiprin şimalında yerləşən və ŞKTR-nin suverenliyi altında olan ərazi sularını öz suverenlik ərazisi kimi göstərib. Bu səbəbdən Türkiyə XİN Yunanıstan və Cənubi Kiprin həm Egey, həm də Şərqi Aralıq dənizi ilə bağlı dərc etdiyi MDP xəritələrinin etibarsız sayıldığını və onlardan heç bir faktiki və hüquqi nəticə əldə edilə bilməyəcəyini bildirib.

Aydındır ki, Cənubi Kipr və Yunanıstanın MDP ilə bağlı dərc etdiyi xəritələr Türkiyənin daha əvvəl reaksiya verdiyi Sevilya xəritəsinə bənzəyir. Bu vəziyyətə ŞKTR XİN-in də reaksiya verdiyi görünüb. Nazirlik bəyan edib ki, Aİ-nin Kiprin türk xalqını narahat edən və ŞKTR-nin səlahiyyətində olan məsələlərə münasibət bildirməsi düzgün deyil. Bundan əlavə, nazirlik Kiprlə bağlı xəritələrin Cənubi Kipr tərəfindən hazırlandığını və “Milli MDP”yə tam uyğun gəldiyinə diqqət çəkib.

Bununla belə, aydındır ki, 1960-cı il rejiminin qurucu ortağı olan və hazırda bərabər suveren statusa malik olan Kiprin türk xalqı Kiprin ərazi sularında və dəniz yurisdiksiya ərazilərində bərabər söz sahibidir və bu hüquq mövcud vəziyyətə uyğundur. Bu səbəbdən Cənubi Kiprin sanki Kiprin yeganə qanuni sahibi kimi davranması qəbuledilməzdir və Aİ-nin bu məsələyə münasibətini qanunsuz hesab etmək olar.

Aİ-nin MDP araşdırmaları ilə Kiprin türk xalqının suveren bərabərliyini və bərabər beynəlxalq statusunu nəzərə almadığı, Kipr və ətrafındakı hüquq və mənafelərinə məhəl qoymadığı bir mühitdə Şərqi Aralıq dənizində qarşıdurmanı alovlandıracağı, bölgədə səlahiyyət və güc bölüşdürməsi məsələsində ədalətli həll yollarına nail olmayacağı anlaşılır.

Aydındır ki, Aİ-nin Şərqi Aralıq dənizi və Kiprdə bu cür fəaliyyətlərini davam etdirməsi tərəflər arasında gərginliyi artıracaq, iki suveren dövlət arasında dialoq və əməkdaşlığın qurulması səylərinə zərbə vuracaq. Nəticə etibarilə Aİ MDP səyləri ilə Kiprin türk xalqının Kipr ətrafında, Türkiyənin isə Egey və Şərqi Aralıq dənizində qədimdən mövcud olan fundamental hüquq və maraqlarını gözardı etməməlidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   MDP   Türkiyə   ŞKTR  


Bizi "telegram"da izləyin