2024-cü il seçkilərində Tramp və respublikaçıların qələbəsi böyük sürpriz deyil. Bununla belə, mövcud vəziyyət Avropanın təhlükəsizliyi üçün qeyri-müəyyənliyi aradan qaldırmaqdan uzaqdır. Bugünkü dünya Trampın vəzifəyə ilk başladığı 2016-cı ildəkindən qat-qat təhlükəli və gözlənilməzdir. 2016-cı ildə Trampın Avropadakı həmsöhbətləri nisbətən mötədil siyasətçilər olub. Bu gün Almaniya, Fransa, Niderland və Macarıstan kimi ölkələrdə bəzi ifrat sağçı və populist, bəzi rusiyayönlü liderlər siyasətə təsir etmək iqtidarındadırlar.
Avropa müdafiəsi üçün yeni dövrə hazırlıq
Avropa liderləri bir neçə ildir ki, Trampa qarşı Avropa təhlükəsizliyinin qorunması ilə bağlı fikir mübadiləsi aparırlar. Bu proses Avropanın strateji muxtariyyəti ilə bağlı dərin müzakirələrə səbəb oldu, lakin onun həyata keçirilməsi üçün kifayət qədər tədbirlər görülmədi, çünki siyasətçilərin vaxt, qətiyyət və lazım olan maliyyə vəsaiti olmadı.
Qitə təhlükəsizliyi üçün mühüm platforma olduğu düşünülən Avropa İttifaqı (Aİ) hələ ki, vahid səslə çıxış etmir və üzv dövlətlər müdafiədə eyni hədəflərdən uzaqdırlar. Üstəlik, daxildə hələ də ahəngdar müdafiə sənayesi potensialı əvəzinə rəqabət, birgə strategiya hazırlamaq əvəzinə taktiki əməkdaşlıq mövcuddur. Üstəlik, Aİ-nin qərar qəbul etmə prosesi ləng və mürəkkəbdir, uzun danışıqlar, koordinasiya və uyğunlaşma tələb edir. Tramp potensial olaraq kəskin və sürətli addımlar atmağa qadir olduğundan, onun hərəkətləri Aİ-nin islahatlar aparmaq qabiliyyətini üstələyə və zəiflik yarada bilər.
Adi potensiala əlavə olaraq, bəzi avropalı siyasətçilər Fransa prezidentinin təkliflərindən sonra irəli sürülmüş nüvə çəkindiriciliyinin “avropalaşması” ideyasına qarşı ABŞ nüvə çətirini əvəz edə biləcək “Avropa nüvə çəkindiricisi”ni müdafiə edirlər. Fransa prezidenti Emmanuel Makronun təkliflərindən sonra ortaya atılan nüvə çəkindiriciliyinin “avropalaşdırılması” fikri, Fransa doktrinası nəzərə alındıqda, real olmadığı kimi, bunun Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə ziddiyyət təşkil etməsi də əhəmiyyətli bir müzakirə mövzusudur.
Almaniya isə yeni Tramp administrasiyasının Avropa təhlükəsizliyinə təsirini görmək üçün Rusiya-Ukrayna müharibəsi kimi prosesləri gözləyəcək. Trampın seçilməsindən bir gün sonra Almaniya hökumətinin buraxılması Berlini aylarla iflic vəziyyətinə sala bilər. Almaniyanın maliyyə naziri Kristian Lindner müdafiə xərcləri ilə bağlı mübahisəyə görə üçtərəfli koalisiyanı tərk edib. Yeni hökumətin qurulması və mümkün seçkilər prosesinə daxil olan Almaniyada Baş nazir Olaf Şoltsun elan etdiyi müdafiəyə daha çox sərmayə qoyuluşu siyasətinin böyük partiyalar tərəfindən qəbul edilməsi bu mərhələdə vacibdir.
Əhəmiyyətli iqtisadi çətinliklər və Avropada Ukraynaya davamlı yardım üçün ictimai dəstəyin azalması ilə təkcə Almaniyada deyil, bütün qitədə müdafiə xərclərinin artırılmasına dəstək yaratmaq asan olmayacaq. Digər tərəfdən, Avropa müdafiə sektoru xərclərini artırmaq üçün işlərə başlayıb. İtaliya və Almaniyanın əsas müdafiə sənayesi şirkətlərinin səhmləri Trampın seçilməsindən sonra təxminən 20 faiz artıb.
Avropada müdafiə transformasiya strategiyası
ABŞ olmadan Avropada müdafiə qabiliyyətini artırması planlaşdırılan Avropa mərkəzli transformasiyanın mənalı və uğurlu olması üçün 3 əsas məsələdə irəliləyiş əldə edilməlidir. Avropanın müdafiə sıçrayışı maliyyələşdirilməli, Avropa sərhədləri gücləndirilməli və şərqdə uzunmüddətli strateji çəkindirici qüvvələr qurulmalıdır. Avropa müdafiə sənayesi istehsalında baxış və təcrübənin dəyişdirilməsi nəzərdə tutulur, lakin rəqəmlər və addımlar hələ də mənalı olmaq üçün çox kiçik və qeyri-müəyyəndir. Məsələn, Avropa Müdafiə Sənayesi Proqramına 1,5 milyard avroluq öhdəlik və növbəti 10 il ərzində əməkdaşlıq, eləcə də avropadaxili müdafiə satınalmalarında bir sıra meyarlar aydınlaşdırılmalı olan məsələlərdəndir.
Varşava-Paris oxu bu baxımdan daha cəsarətli olsa da, Berlin hələ də xərclərin Aİ-də institusional yükü artıracağından qorxur. Belə ki, Almaniya Polşanın Kalininqrad sərhədini gücləndirmək üçün planlaşdırdığı “Şərq Qalxanı” layihəsinə Avropa İttifaqı (Aİ) mənbələrindən maliyyə verilməsini əngəllədi. Bu məqamda çox güman ki, Aİ-yə daxil olmayan aktorlar sərhədlərin möhkəmləndirilməsində təsirli olacaqlar. Xüsusilə Almaniya və Fransa ilə ayrı-ayrılıqda imzaladığı müdafiə müqavilələrini nəzərə alsaq, Böyük Britaniya bu mövzuda asan və təsirli tərəfdaşdır. Taktiki, maddi-texniki və manevr imkanları ilə Avropanın mümkün hücuma qarşı davamlı olması üçün tədbirlər artır.
Strateji çəkindirmə məsələsinin alyansın fikir və məqsəd vəhdətinin möhkəmlənməsindən irəli gəldiyinə güclü inam var. Bu səbəbdən Avropa mərkəzli müdafiə vizyonunu paylaşmayan hökumətlərlə əlaqələrin kəsilməsi və maliyyə vəsaitlərinin geri çəkilməsindən kənara çıxan siyasi nəticələrin tətbiqi müzakirələri getdikcə yüksəlir.
Tamamilə mümkündür ki, bəzi Avropa dövlətləri, xüsusən də özünü mümkün Rusiya təhlükəsinə yaxın hiss edən cəbhəyanı ölkələr Trampın Rusiyaya qarşı mövqeyini bəyənməsələr də, ikitərəfli silah sövdələşmələri vasitəsilə Trampın dəstəyini qazanmağa çalışacaqlar. Hal-hazırda ən yüksək müdafiə xərclərinə sahib olan Polşa, Estoniya, Latviya və Litva kimi ölkələrin Trampla yaxşı münasibətdə olacağı gözlənilsə də, yeni silah müqavilələri yalnız əlavə sığorta mükafatı olacaq. Lakin Birləşmiş Ştatlarla ikitərəfli sazişlər bağlamağa tələsən dövlətlər, Trampın ilk dövründə olduğu kimi, ABŞ-nin silah sövdələşmələri üçün bənzər şəkildə razılaşdırılmayan yarış riski ilə üzləşə bilər.
Bu da çox ehtiyac duyulan Avropa müdafiə sənayesi əməkdaşlığı səylərini sarsıdacaq. Birgə cəsarətli seçimlər edən vahid Avropa olmadan, bəzi ölkələr Vaşinqtonla ikitərəfli münasibətlərinə üstünlük verərsə, ittifaq daxilində parçalanma yenidən baş verə bilər. Avropada birliyin olmaması təkrara gətirib çıxaracaq, yenidən asılılıq yaradacaq və bu asılılıq əskikliyə səbəb olacaq.
ABŞ NATO-dan çıxa bilərmi?
ABŞ Konqresi ötən il ABŞ prezidentinə ölkəni NATO-dan birtərəfli qaydada çıxarmağın qarşısını alan qərar qəbul edib. Lakin Vaşinqtonda Trampın Konqresin təsdiqi olmadan bu qərarı verməsi ehtimalı müzakirə olunur. Burada mühüm məsələ Trampın NATO-dan çıxmaq istəyib-istəməyəcəyidir.
ABŞ-nin NATO-dan çıxması çətin görünür. Bununla belə, ABŞ-nin NATO-ya sadiqliyinin zəifləməsi qlobal təhlükəsizliyin dəyişməsinə, “Qərb”in geosiyasi konsepsiya kimi zəifləməsinə, potensial olaraq Aİ və Avropa dövlətlərini qitənin təhlükəsizliyinin yenidən qurulmasına sövq edəcək. Bunun gözlənilməz nəticələri olacaq. Zəifləmiş Qərbin Pekin və Moskvanın tələblərinə boyun əyəcəyi ilə bağlı narahatlıq ABŞ administrasiyası üçün ən çətin element olacaq. Çünki Tramp administrasiyasının vəzifəyə başlaması ilə bu vəziyyət ABŞ-nin Əfqanıstandakı siyasətinin uğursuzluğundan qat-qat çox sistemli siyasət uğursuzluğu demək olacaq.
Hazırda bir çox sahələr risk altındadır, Ukrayna, NATO və beynəlxalq sistem bir-birinə qarışıb. Tramp Aİ-yə həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində təzyiq göstərməyə davam edəcək, davamlı olaraq avropalıların etdiklərindən şikayətlənəcək və NATO-dan çıxmaq təhdidindən istifadə edəcək. Buna baxmayaraq, Tramp NATO-nun siyasətinə təsir etmək üçün NATO-da qalmağa üstünlük verəcək. Lakin bu “vətənpərvərliy”in qarşılığında ABŞ-nin Avropadan tələbləri arta bilər. Gələn ilin iyununda Haaqada keçiriləcək NATO sammitində Tramp yəqin ki, Avropanın müdafiə xərcləri hədəfini 3 faizə çatdırmaqda israr edəcək.
Sevinc Əliyeva
Ordu.az