“Birləşmiş Ştatlar bizim regionda təhlükəsizliyi qorumaq üçün istənilən addımı atmağa hazır olduğumuzu görür. Onlar həm də başa düşürlər ki, biz bir sıra məsələlərdə onların mövqeyinin dəyişməsini gözləyirik. Əgər biz müəyyən hərəkətləri konkret şəkildə həyata keçiririksə, bu, gözləntilərimizi yerinə yetirmək üçün şəraitin yaradılması ilə bağlıdır. Amma vəziyyət fərqli yanaşma tələb edərsə, lazımi tədbirlər görüləcək”, - deyə o qeyd edib.
Türkiyənin xarici işlər naziri daha sonra gözləntilərini izah edib. Ümumiləşdirsək, Hakan Fidanın gözləntiləri bir şeyə gətirir çıxarır. ABŞ-nin yeni administrasiyası Suriyanın şimalındakı PKK-nın Suriya qolu olan YPG ilə bütün əlaqələri kəsməli, qoşunlarını bölgədən çıxarmalı və imkan yaratmalıdır ki, Ankara PKK terrorçularına qarşı xüsusi hərbi əməliyyatı başa çatdırdırsın, “İnkişaf Yolu” nəqliyyat dəhlizini və İraq ərazisindən Ərbil-Bağdad neft kəmərini işə salmaqla, Yaxın Şərqin hərbi və iqtisadi kommunikasiya mənzərəsini dəyişsin.
Üstəlik, Fidan Türkiyə üçün bu fürsəti Rusiya-Ukrayna müharibəsinin soyuması kontekstində görür. Anlaşılır ki, Ankaranın “dünyanın yenidən bölünməsi”ndən əsas gözləntisi ABŞ-nin müttəfiqi və NATO üzvü kimi Yaxın Şərqdə hərbi, iqtisadi, kommunikasiya və logistika palis fəaliyyətidir. Fidanın bu gözləntiləri Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığından sonra səsləndirməsi diqqət çəkir.
Əvvəllər Milli Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş türkiyəli diplomat ABŞ-nin İrana və onun bölgədəki proksi qüvvələrinə zərbə endirməyə çalışacağı təqdirdə Suriyanın şimalındakı ABŞ hərbi kontingentinin “hərbi girov vəziyyətində” olacağını deyib. Görünən odur ki, Türkiyənin Suriyadakı Rusiya bazaları ilə bağlı da eyni yanaşması var. Anlaşıldığına görə, Türkiyə İraq və Suriya ərazisində hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır.
Bu plan həm İsrail, həm də İran əleyhinədir. Fidan Suriya prezidenti Bəşər Əsədi Ankara ilə münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazır olmadığına görə tənqid edib. Türkiyə mətbuatı keçmiş suriyalı hərbçiyə istinad edərək, “Əsədi Suriya ərazisinin böyük bir hissəsini sionistlərə təhvil vermək üçün avtoxton əhalidən təmizləyən ABŞ və İsrailin gizli agenti adlandırıb”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da eyni tənqidi İsrailin Baş naziri Benyamin Netanyahuya ünvanlayıb. Təbii ki, Ankara geosiyasi baxımdan müstəqil güc qütbü kimi tanınmağa çalışır. Fidanın açıqlamasından Ankaranın Tramp administrasiyasından ciddi gözləntiləri olduğu anlaşılır.
Asif Cəfərov
Ordu.az