Rusiya-Qərb toqquşmasında “ölümcül hədd” yüksəlir – ANALİZ

2024/05/1717154570.jpg
Oxunub: 868     19:21     31 May 2024    
Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə danışıqlardan sonra Vladimir Putin bəyan edib ki, Ukraynanın artıq legitim prezidenti yoxdur, qanuni hakimiyyətin yeganə orqanı parlamentdir.

Bir günlük fasilədən sonra Ali Radanın sədri Ruslan Stefançuk “Telegram”da qeyd yazıb. Qeydə əsasən, prezident Zelenski legitim olaraq qalır, çünki Ukrayna konstitusiyasına görə “seçkilər hərbi vəziyyət şəraitində keçirilmir”. Görünür, Rusiya prezidenti hesablayıb ki, ali hakimiyyəti Ukrayna parlamentinə “verməklə”, elitadaxili ziddiyyətləri qızışdırmaq olar.

Üstəlik, iki həftədən sonra Zelenskinin həll planı ilə bağlı beynəlxalq konsensusa nail olmağa çalışdığı İsveçrədə Sülh Konfransı çağırılmalıdır. Təbii ki, ukraynadaxili “siçovul yarışı” ehtimalının tamamilə istisna edildiyini söyləmək hələ tezdir. Lakin bu fonda Fransa prezidenti Emmanuel Makronun Almaniyaya iki günlük səfəri vacibdir. Qərb mətbuatı onun Almaniya kansleri Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransının konkret epizoduna diqqət yetirir.

Makron deyib ki, Ukrayna Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün Qərbin uzun mənzilli silahlarından istifadə etməlidir. Şolts isə Ukraynanın özünümüdafiə hüququna malik olduğunu söyləyib. Fransa və Almaniya da uzun mənzilli silahların birgə istehsalına başlamaq barədə razılığa gəliblər. Qondarma “Donetskin rəhbəri” Pişulin bununla bağlı bildirib: “Ukrayna ərazisindəki sanitar zonanın ölçüsü Qərbin tədarük etdiyi silahların kəmiyyət və keyfiyyətindən asılıdır”.

Xarkov vilayətində isə Rusiyanın hücum əməliyyatları son bir neçə gündə “genişlənmir”. Ola bilsin ki, bu, siyasi gözləntilərdən irəli gəlir. Vəziyyət həqiqətən kulminasiya nöqtəsindədir. Ukrayna Qərbin uzun mənzilli silahları ilə Rusiyanın dərin ərazilərini hədəf alacaqsa, bunun ardınca “güzgü cavabı” olacaq. ABŞ dövlət katibi Entoni Blinken Rusiya-Ukrayna müharibə səhnəsi ilə birbaşa həmsərhəd olan Moldovaya səfər edib. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hakim qüvvəni “Anakliyanı çinlilərə satmaqda” ittiham edib.

O, Çinin Gürcüstanda təsirinin dərinləşməsini ölkə üçün “ölümcül təhlükə” kimi qiymətləndirib. Bəzi gürcü ekspertlər indiki prezident Zurabişvlilinin payız seçkilərində “birləşmiş müxalifət”ə rəhbərlik edəcəyini istisna etmirlər. Mayın 28-də Türkiyənin Təhlükəsizlik Şurası da Ermənistan-Azərbaycan nizamlanması məsələsini müzakirə edib. Ertəsi gün Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Kərim Vəliyev Türkiyəyə yola düşüb.

Azərbaycanın xarici işlər naziri isə Pakistana göndərilib. İlham Əliyev bildirib ki, Ermənistanda baş verən son hadisələri izləyirlər: “Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”. İranın həm daxili vəziyyəti, həm də ətrafındakı xarici vəziyyət çox həssasdır.

Əgər Rusiya-Ukrayna müharibəsinin “ölümcül həddinin artması” həllə yox, ümumavropa müharibəsinə meyllidirsə, Şərqi Avropadan Qara dəniz-Xəzər regionuna, oradan isə Mərkəzi Asiya və Yaxın Şərqə uzanan gərginlik xətlərinin hər hansı bir sektorunda istənilən an “qısa qapanma” gözləniləndir. Proqnozlar İsveçrə Sülh Konfransından sonra mümkün olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin