Azərbaycan Əsgəri: "Hərbi xidmətdə bütün hərbi ixtisaslar gərəklidir, vacibdir"

2023/12/46645-1702721613.jpg
Oxunub: 8306     15:04     18 Dekabr 2023    
"Necə əsgərə yaxşı əsgər deyirsiniz?" - soruşdum. Baş leytenant Kənan Rzayev əsgərlərə baxdı, sonra sualın mahiyyətində gözəl bir dərk olduğunu qət edib söhbəti təkcə mənimlə deyil, ətrafdakı əsgərlərlə də davam etdirdi:

- Çağırışçıların hamısı hərbi xidmətə təxminən eyni yaşda başlayır. Bəzisi ali təhsilli olur. Təhsilin xarakterə, dünyaduyumuna, müqəddəsliyə, münasibətə təsiri az da olsa var, ancaq bunu tamamilə müəyyənləşdirmir.

Bu, güclü xarakterdən, Vətənə sevgidən üstün ola bilmir, bilməz də. Ona görə də yaxşı əsgər ifadəsi başlanğıcını Vətənə sevgidən, dünyaduyumundan, bəyəniləsi xarakterdən, milli mentalitetə bələdlikdən götürür. Milli mentalitetə görə böyüklərin dediklərini yerinə yetirməlisən. Hərbi xidmətdə böyük kəlməsinin nəyi ifadə etdiyini əsgərlərin hamısı yaxşı bilir. Həm də Hərbi And. Yəni, əsgərin yaxşı əsgər olmasını mənən tələb edən amillər hamısı üçün eynidir.

Yaxşı əsgər Hərbi Nizamnamələrin tələblərini düzgün yerinə yetirənlərəmi aid edilir?, - soruşdum. Məlum oldu ki, yaxşı əsgər Nizamnamələrin tələblərini də yerinə yetirir, komandirlərin əmr və göstərişlərini də. Bunlarla bir sırada ünsiyyətcilliyi, dövlətçiliyə sədaqətli olduğu kimi, dostluğa da sədaqətliliyi ilə tanınır.

Mənə elə gəldi ki, baş leytenant bu fikirləri əhatəmizdə olan bütün əsgərlərə şamil etmək fikrindədi...
Yaxşı əsgər nümunəvi əsgər deməkdi, nümunəvi əsgər - yaxşı əsgər... Yaxşı əsgərlərin əhatəsində səmimi söhbətin bugünkü xidmətdən sabahkı xidmətə düşən işıq olacağına biz də inanırıq, əsgərlər də inanırlar...
Baş leytenant Kənan Rzayev əsgər İlham Əliyevlə söhbətləşməyimizi istəyir.

İlham İsmayıllı rayonundandır, indi 19 yaşı var. Hərbi xidmətə başlayanda zirehli texnikalar operatoru hərbi ixtisasına yiyələnib.

- İlk vaxtlar bu ixtisas o qədər də könlümə yatmırdı. Hərbi xidmətə gəlməmişdən əvvəl qonşumuzla söhbətlərimizdə təlimlər haqqında çox eşitmişdim. Mənə elə gəlirdi ki, belə təlimlərdə olmayan əsgər hərbi xidmətdən aralı düşür. Az sonra gördüyümüz, yerinə yetirdiyimiz işin mahiyyətini dərk edəndə nəinki fikrim dəyişdi, həm də bu hərbi ixtisası ürəkdən sevdim. Komandirimizin Vətən müharibəsindən təəssüratları, müharibənin döyüşləri haqqında danışdıqları digər əsgərlərimiz kimi, məni də həmişə qürurlandırıb. Digər əsgər yoldaşlarım kimi mən də əmin olmuşam ki, hərbi xidmətdə bütün hərbi ixtisaslar gərəklidir, vacibdir. Bayaqkı söhbətin davamı kimi deyə bilərəm ki, yaxşı əsgərin öz hərbi ixtisasını sevməsi onun mənəvi borcu, xidməti vəzifəsidir, digər münasib ixtisasları da bilməsi onun hərbi xidmətə, deməli, dövlətçiliyə sədaqətinin səviyyəsini müəyyənləşdirir...

Yaxşı əsgər günün nizam qaydalarına əməl edir. Əmr və tapşırıqları vaxtında, sözsüz yerinə yetirir. Bunlar onun bilavasitə yerinə yetirməli olduğu vəzifələrdəndir. Yaxşı əsgər Nizamnamələrlə müəyyənləşdirilməmiş xarakteri ilə də fərqlənməlidir. Vətən naminə.

Yaxşı əsgər sinəsini sipər etməlidi ki, Vətənə zərbə dəyməsin. Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları belə döyüşdülər, tarixi Zəfəri belə qazandılar.

- Qürurlanırıq ki, nümunəvi xidmətimizlə qalib əsgərlərin davamçılarıyıq, - əsgər İlham Əliyev qətiyyətlə belə dedi.

Nümunəvi əsgərin düşüncələri də nümunəvi olur. Belə düşüncələr işığını Vətənə sevgidən götürür...

Rəşid Hüseynov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nümunəvi-əsgər   Ordu  


Bizi "telegram"da izləyin