2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi ilk ilini arxada qoyub. Rusiya müharibənin əvvəlində ələ keçirdiyi torpaqların böyük bir hissəsindən geri çəkilsə də, Ukraynanın şərqində və xüsusilə Qara dəniz sahillərində mövqe tutub. Bu prosesdə keçirilən “referendumlar”la Moskvanın ələ keçirdiyi torpaqların bir hissəsi də Rusiyaya birləşdirilib.
Bununla belə, Ukrayna ordusunun Rusiya qüvvələrinə hücuma hazırlaşdığı qeyd olunur. Ukraynanın böyük yaz hücumuna hazırlaşdığı bildirilir. Hücumda Qərbdən tədarük edilən Almaniyanın “Leopard 2” tanklarından, ABŞ istehsalı “Bradley” zirehli maşınlarından və çoxlu resurslardan istifadə ediləcəyi iddia edilir. “New York Times” qəzetinin xəbərinə görə, qoşunların təlim keçdiyi və hücum üçün yeni birliklərin yaradıldığı iddia edilir.
Ukrayna Qərbdən dağıdıcı gücü yüksək olan silahlar alır
2022-ci il fevralın 24-dən etibarən Qərb dövlətlərinin silah yardımı Ukraynanın döyüş meydanlarında uğur qazanmasında mühüm rol oynayıb. Həm Aİ, həm də NATO-ya daxil olmaq üçün qərbyönlü siyasət yürüdərək Rusiyaya qarşı çıxan Ukrayna Qərbdən kömək istəməkdə davam edir. Qərb dövlətlərinin Kiyevə yardımı Ukraynanın döyüş meydanlarında Rusiyaya qarşı uğurlarını artırır.
Qərb Ukraynaya çoxlu hərbi texnika və silah göndərir. Almaniya Rusiyaya qarşı mövqeyini sərtləşdirir. Kiyevə hərbi yardımda və Moskvaya qarşı sanksiyalarda hər zaman ləng davrandığı üçün tənqid edilən Almaniya Rusiyaya qarşı balans siyasətindən artıq əl çəkir. Almaniya həm başqa ölkələrə satdığı tankların Ukraynaya çatdırılmasına icazə verir, həm də bu tankları Kiyevə birbaşa şəkildə verir.
Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, sursat və ehtiyat hissələri paketləri də daxil olmaqla 18 ədəd “Leopard 2” tankı Almaniyada təlim keçmiş ekipajları ilə ötən ay Ukraynaya gəlib. “World Socialist Web Site”nin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi növbəti mərhələdə “Leopard 1 A5” təhvil veriləcəyini bildirib. Nazirlik qeyd edib ki, məqsəd ilk 25 tankı yaya qədər təmin etmək, ilin sonuna qədər bu sayı 80-ə çatdırmaq və 2024-cü ilə qədər ən azı 100 ədəd “Leopard 1 A5” tankını göndərməkdir.
Ukrayna bundan əvvəl Almaniyadan 40 ədəd “Marder” zirehli maşını, 34 ədəd “Cheetah” zenit silahı, 6 ədəd “Biber” zirehli körpü maşınları (tankların və digər ağır döyüş texnikalarının və piyadaların çayların və digər su maneələrinin üzərindən keçməsi üçün istifadə edilir), 15 ədəd zirehli xilasetmə vasitəsi, 14 ədəd özüyeriyən “Panzerhaubitze (PzH) 2000” haubitsası, 54 ədəd M113 zirehli transportyoru və 3 ədəd “Badger” zirehli döyüş maşını alıb. Polşa, Kanada və Norveç də öz öhdəliklərini yerinə yetirərək “Leopard 2” tanklarını Kiyevə çatdırırlar.
Britaniya istehsalı olan “Challenger 2” tankları da ötən həftələrdə Kiyevə gəlib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə ötən həftələrdə Ukraynaya tank tədarükünü sürətləndirmək üçün yeni “Abrams” M1-A2 tanklarının əvəzinə, payıza qədər köhnə tankların modernləşdirilərək Ukrayna ordusuna təhvil veriləcəyini açıqlayıb.
Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder bildirib: “Yanvar ayında elan edildiyi kimi, ABŞ Ukrayna Təhlükəsizlik Təşəbbüsü çərçivəsində Ukrayna ordusuna 31 ədəd M1 “Abrams” tankı verəcək. Burada məqsəd M1-A2 variantını vermək idi. Ancaq bu elanı verdiyimizdən bəri tankları mümkün qədər tez göndərmək variantlarını axtarırıq. Bunu necə daha yaxşı edə biləcəyimizə dair araşdırma və tədqiqatlardan sonra Pentaqon Ukrayna ilə koordinasiyada “Abrams” tanklarının M1-A1 variantını vermək qərarına gəlib. Bu, çatdırılma müddətini xeyli qısaldacaq”.
Kiyev bir neçə istiqamətdə hücum etməyi planlaşdırır
Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Ukrayna qüvvələri aprel və may aylarında bir neçə istiqamətdə hücum edə bilər. Reznikov Estoniya İctimai Yayım (ERR) televiziyasına müsahibəsində Ukraynanın hücum planları ilə bağlı qiymətləndirmələr edib. Ukrayna Baş Qərargahının hücuma keçməklə bağlı qərar verəcəyinə işarə edən nazir Reznikov qeyd edib ki, hücum bir neçə istiqamətdə planlaşdırılır. O bildirib ki, bu, ən yaxşı anın nə vaxt olacağından və necə qərar veriləcəyindən asılıdır.
Müdafiə naziri hücumun həm də hava şəraitindən asılı olduğunu bildirərək vurğulayıb: “Yazda burada yer çox rütubətli olur. Yalnız tırtıllı vasitələrdən istifadə edilə bilər. Düşünürəm ki, aprel və may aylarında bunu görəcəyik. Əminəm ki, biz Kiyev, Çerniqov, Sumi, Xarkov və Xersonda olduğu kimi, müvəqqəti işğal olunmuş torpaqlarımızı bundan sonra da azad edəcəyik”.
Baxmut istiqamətində Ukrayna qoşunlarının Rusiyanın hücum potensialını əhəmiyyətli dərəcədə azaltdığını deyən Reznikov qeyd edib ki, bu, Ukrayna qüvvələrinə cəbhə xəttini sabit saxlamağa və hücuma hazırlaşmağa imkan verəcək.
Kiyev Qərbin göndərdiyi tanklara arxalanaraq Rusiyaya əks hücuma keçməyi planlaşdırır. Məlumata görə, aprelin sonunadək Ukraynaya Almaniya istehsalı olan 60 ədəd “Leopard 2”, 30 ədəd Britaniya istehsalı olan “Chellenger”, Polşa və Çexiyanın əlində olan və modernləşdirilmiş keçmiş SSRİ istehsalı 150 ədəd T-72 tankı, eləcə də 180 ədəd “Leopard 1” tankı təhvil veriləcək.
Ukrayna Qərbin göndərdiyi silahlarla Rusiyaya hücum edə bilər. Lakin hücum uğurlu alınmasa, Qərb dövlətləri Rusiya ilə danışıqlar masasına oturmalı olacaqlar. Ukrayna prezidenti Vladimir Zelenskiyə də təzyiqlər artacaq. Rusiya prezidenti Vladimir Putin isə Qərb ölkələrinin Ukraynaya verdiyi silah dəstəyi ilə bağlı “Rusiyaya qarşı elan edilməmiş müharibə aparan qüvvələrə sərt cavab veriləcək” şərhini verir.
Xarici silahların Ukraynaya göndərilməsinin nüvə apokalipsisini hər gün yaxınlaşdırdığını deyən Rusiya ötən günlərdə qitələrarası ballistik raket sınağı keçirdiyini açıqlayıb. Moskva daha əvvəl Belarusda taktiki nüvə silahı yerləşdirdiyi barədə məlumat yaymışdı.
Dəyanət Ağalarlı
Ordu.az