Hərbi ekspertlər ötən həftələrdə Moskvada Çin prezidenti Si Cinpin ilə iki ölkə arasında siyasi, hərbi və iqtisadi əməkdaşlıq haqqında bir sıra sazişlərin imzalandığı üç günlük görüşdən sonra Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə başlıqları daşımağa qadir olan Rusiya istehsalı uzaqmənzilli “İsgəndər” taktiki raketlərinin yerləşdirilməsi qərarına diqqət yetiriblər.
Penn Dövlət Universitetinin siyasi elmlər professoru Stiven Kimballa və Amerika Tərəqqi Mərkəzinin (Center for American Progress/CAP) baş elmi işçisi, müdafiə nazirinin keçmiş müavini Laurens C. Korbun müəllifi olduğu və “National Interest” tərəfindən hazırlanan hesabatda Rusiya və Çinin Vaşinqtonun xaric edildiyi yeni dünya nizamına nail olmaq məqsədilə ABŞ-ın hakim olduğu birqütblü dünyanı Rusiya və Çinin məqsədləri üçün daha uyğun olan çoxqütblü nizamla əvəzləməyə inandıqları, səmimi əməkdaşlıq etdikləri vurğulanıb.
Kimballa və Korb Rusiyanın yüksək siyasi təkəbbürü ilə nüvə silahlarını sərhədlərindən kənarda yerləşdirmək qərarı arasında kəskin ziddiyyəti ifadə ediblər. Kimballa və Korba görə, Si və Putinin mühüm əl sıxması Rusiyaya siyasi və hərbi məqsədlərində inam verməli olsa da, Putin nüvə silahından istifadə etməklə hədələyib ki, bu da etimad əlaməti deyil, qeyri-müəyyənlik və ümidsizlik əlaməti, həm də təhlükəli bir işarədir.
Ukraynada bir ildən artıqdır davam edən müharibədə Rusiya ordusu öz missiyasını başa çatdıra bilməyib. Ordu ilk hücumda Kiyevi ələ keçirməyib və Ukrayna prezidenti Volodimir Zelenski hökumətini təslim olmağa məcbur etməyib. Buna ruslar arasında itkilərin çoxluğu və əsgərlərin aşağı əhval-ruhiyyəsi də əlavə olunur. Digər tərəfdən, Rusiyanın Ukraynaya müdaxiləsi NATO ölkələri arasında birləşməyə, siyasi ittifaq olaraq birliyin yenidən dirçəlməsinə və NATO-nun hərbi potensialının Rusiyanın imkanlarına nisbətən güclənməsinə səbəb oldu.
Digər tərəfdən, iqtisadi sanksiyaların Rusiya iqtisadiyyatına təsiri NATO-nun gözlədiyi və ya gözlədiyindən qat-qat çox mənfi hal yaradıb. Rusların böyük əksəriyyəti hələ də Ukraynaya qarşı müharibəni dəstəkləyir. Bununla belə güman etmək daha məqsədəuyğundur ki, Rusiyanın siyasi və hərbi liderləri Ukraynaya qarşı istənilən uzunmüddətli müharibənin əhalisinin üstünlüyü və artan resurslar sayəsində Rusiyanın maraqlarına uyğun olacağına ümid edirdilər.
Rusiyanın hərbi doktrinası sürətli və kütləvi hərbi əməliyyatlar vasitəsilə həlledici qələbənin əldə olunduğu məhvetmə və zəiflətmə müharibələri arasındakı fərqə əsaslanır. Bu doktrinaya görə, döyüşən tərəflər uzun müddət ərzində bir-birini canlı qüvvə, resurslar və iradə baxımından zəiflətməyə çalışırlar. Dövlət başçıları və liderlər 24 saat ərzində öz xalqına xəbərlərlə bağlı arxayınedici mesajlar göndərməlidirlər. Çünki döyüş meydanında istənilən məğlubiyyət və ya dalana dirənmə bu liderlərə qarşı təhqir sayıla bilər.
Kimballa və Korb bildiriblər ki, Rusiyanın Ukraynaya qarşı bu yazın sonunda planlaşdırdığı böyük hücum xəbərləri tez-tez mətbuatda rast gəlinir. Digər tərəfdən, ukraynalılar da ölkənin şərqində və cənubunda əks-hücum planlaşdırırlar. ABŞ və onun NATO-dakı müttəfiqləri Kiyevi daha müasir silahlarla təmin edəcəklərini, həmçinin döyüş meydanındakı əməliyyatlara kəşfiyyat dəstəyi verəcəklərini vəd ediblər.
Rusiyanın yüksək motivasiyalı Ukrayna ordusu ilə əbədi mübarizə aparacağını güman etmək mümkün olmasa da, Putinin nüvə silahından istifadə ilə bağlı əvvəlki təhdidləri və nüvə başlıqları daşıya bilən taktiki raketləri ölkə hüdudlarından kənarda yerləşdirmək qərarı görməzdən gəlinə bilməz. Bu bizə onu göstərir ki, Rusiya ordusu döyüş meydanında əsas məqsədlərinə güzəştə gedəcək qədər ciddi geri çəkilmə ilə üzləşsə və Ukrayna bütün itirilmiş ərazilərini geri almağa yaxın görünsə, Rusiya nüvə silahından istifadəyə başlamaq üçün yanlış qərar verə bilər.
Rusiya bu qərarı təkcə yaxşı getməyən ənənəvi müharibənin təzminatı kimi deyil, həm də Naqasakidən sonra nüvə silahının qəzəbli istifadəsinin görünməmiş şok yarada biləcəyi ehtimalı əsasında qəbul edə bilər. Bəzi dairələrə görə, Rusiyanın düşüncəsi Ukrayna hərbi komandanlığını girinc edə və NATO-nu siyasi cəhətdən parçalaya bilər. Bu, Avropa və Şimali Amerikada ictimai qorxuya səbəb ola və dünyanı sülh sazişi üçün Rusiyanın irəli sürdüyü şərtlərə tabe olmağa məcbur edə bilər.
Analitiklər bildiriblər ki, Rusiya mümkün nüvə silahı “nümayiş etdirsə” və məsələn, kosmosda kritik hərbi silahlara zərər verəcək və ya sahədə rabitə və idarəetmə sistemlərinin sıradan çıxmasına səbəb olacaq geniş miqyaslı elektromaqnit impulsu yaradacaq qədər hündürlükdə bomba partlatsa, planlaşdırılan məqsədlərə çatmaya və belə bir addım NATO-nu geri çəkilməyə məcbur etməkdənsə, Rusiyaya qarşı xalqın və elitanın qəzəbini artıra bilər.
Rusiyanın Belarusa nüvə silahlarının bir hissəsini yerləşdirmək qərarı yanlış təsəvvürə əsaslanan yanlış mesaj olma ehtimalı ilə yanaşı, texniki problemləri də gündəmə gətirir. Nüvə silahları çəkindirici vasitə kimi hazırlansa belə, Ukrayna komandoları və ya Belarus prezidenti Aleksandr Lukaşenko rejiminin əleyhdarları üçün cəlbedici hədəf ola bilər.
Bundan əlavə, Rusiyanın səhra komandirlərinin darıxdığını və ya muzdluların ordunun anbarlarındakı silahları ələ keçirərək fidyə üçün istifadə etdiklərini düşünmək olar. Nüvə silahından istifadə əmrini nəzəri cəhətdən yalnız Rusiya prezidenti və onun yüksək rütbəli hərbi komandirləri verə bilər, amma reallıqda bunu komandanlıq zəncirinin ən zəif halqası həyata keçirir. Tarix məğlubiyyət və ya parçalanma astanasında olan ordular arasında baş verən daha qəribə hadisələri göstərən hallarla doludur.
Asif Cəfərov
Ordu.az